Nüşabə Sadıxlı:
Mitinqə yollandıq biz gülə-gülə,
Düşündük kütlələr dönəcək selə,
Mitinq icazəli sayılsa belə,
Adam toplamadı kifayət qədər.
Gözəl Bayramova:
Təşkilatçıların artmışdı qəmi,
Qrantsız liderin gəlmirdi dəmi,
Keçmiş zamanlarda olduğu kimi,
Əli də, İsa da qışqırdı hədər.
Nüşabə Sadıxlı:
Akiflər, ariflər, zöhrələr tutqun,
Aksiyadakı gənc pöhrələr tutqun,
Qanımız qaraydı, çöhrələr tutqun,
İtin və ulağın qanından betər.
Gözəl Bayramova:
Bosslar "İP"-çiləri çevirər gerbə,
Biz xaric cibinə vurarıq zərbə,
Kütləni minlərlə göstərib Qərbə,
"İP"-də başbilənlər sırf maraq güdər.
Nüşabə Sadıxlı:
Çətin ki, fikrindən dönüb daşına,
Verilən qrantı danıb yaşına,
İsa da səsini salar başına,
Bizim başqanımız bülbül tək ötər.
Gözəl Bayramova:
Hər kəs xəcalətdən qəlbini yeyər,
Pul göndərən bossa dönüb baş əyər,
Bosslar ünvanına təriflər deyər,
Əlinin bağında qrantlar bitər.
Nüşabə Sadıxlı:
Sevinərək Qərbdən qrant saz gəlsə,
Mitinqlər də artar isti yaz gəlsə,
Gələcək mitinqə kütlə az gəlsə,
Bossun İsa bəyə hörməti itər.
Gözəl Bayramova:
"İP" 8 apreldə verdi tası da,
Adam unudardı qəmi, yası da,
İndiyədək pasport almaması da,
Bizim "Yurd" Əlinin qəlbini didər.
Nüşabə Sadıxlı:
Qərb də heç bir qüsur sezməyəcəkdi,
Kütlə dodağını büzməyəcəkdi,
Gələn mitinqlərdə üzməyəcəkdi,
Bizim liderlərin qəlbini kədər.
Gözəl Bayramova:
Piket yaxşı olar, baxarıq kefə,
O vaxt çox adamla vurruq hədəfə,
Bizi sevindirər növbəti dəfə,
Mitinqi uğura çatdırar Qədər.
Nüşabə Sadıxlı:
Aksiya olanda kütlə oyanar,
Küçələr narıncı rəngə boyanar,
Mitinqsiz "İP" özü donub dayanar,
Necə ki, gəmini gözləməz vətər.
Gözəl Bayramova:
Gülmürdü Əlinin, İsanın üzü,
Adamların sayı keçməzdi yüzü,
Bazar günü mitinq süst keçdi, düzü,
Bizim başımızda dolanır xətər.
Nüşabə Sadıxlı:
Radikal süst düşüb ölüdən artıq,
Söz də deməz bossa "bəli"dən artıq,
Kədərlənər İsa Əlidən artıq,
Həm də öz işinin dalınca gedər.
Gözəl Bayramova:
Son illər də dəymir yeli xaricə,
Əli deyə bilmir "bəli" xaricə,
Çatmadığı üçün əli xaricə,
Əli həmkarların cibini ütər.
Nüşabə Sadıxlı:
Adi ov da, sözsüz, qanlı olmalı,
Mitinqlər möhtəşəm, şanlı olmalı,
Yürüşlər, piketlər canlı olmalı,
Sönük mitinqləri keçirmək yetər.
Gözəl Bayramova:
Artmalı kütlənin sayı, həm miqdar,
Piketdə olmalı çox təmkin, vüqar,
Mitinqə gəlməli çox Ülvi, İlqar,
Əlbəttə, gəlməli həm Bəsti, Yetər.
Nüşabə Sadıxlı:
"İP"-in liderləri şər, cüdam olub,
Mitinqdə az adam öz xatam olub,
Boss bilsə meydanda az adam olub,
Qrant boğçasını dərzi tək çitər.
Gözəl Bayramova:
İndi liderlərin meyli araqdı,
Göyün dərinliyi bizdən iraqdı,
Yəmən, Oman bizdən xeyli uzaqdı,
Bizim səsimizə səs verməz Qətər.
Nüşabə Sadıxlı:
Üzvlər qurumda boğulub gedir,
Bossların cibləri sağılıb gedir,
Qurumlar, bloklar dağılıb gedir,
Olub qismətimiz bizlərin şit ər.
Gözəl Bayramova:
Kütlə bənzəmədi bu gün qoşuna,
Çox az adam çıxdı mitinq tuşuna,
Əgər buraxsaydıq onu boşuna,
Əli də kütlədən şikayət edər.
Nüşabə Sadıxlı:
Gözlərim su içmir tipin özündən,
Zəndi-zəhləm gedir "VİP"-in özündən,
Xeyir uzaqlaşıb "İP"-in özündən,
Bizə doğru sürət götürməkdə şər.
Gözəl Bayramova:
Yaxşı ki, "İP" qalıb bu günədək sağ,
Bundan heç baş açmaz nə falçı, nə maq,
Köhnə blokları söküb dağıtmaq,
Qurum yaratmalı yeni, təzə-tər.
Mirzə QƏRƏNFİL