PDF Oxu

Köşə

  • 1 228

BEŞ NƏFƏRƏ MÖHTAC QALAN “40”-I ÇIXMIŞLAR

BEŞ NƏFƏRƏ MÖHTAC QALAN “40”-I ÇIXMIŞLAR

Vay səni gidi dünya, vayyy! Vay səni ki, bu gün öz siyasətlərinin "40"-nı qeyd edən "siyasətçilər" siyasi yas-ələmlərini qeyd etməkdən ötrü beş nəfərə möhtac qalıblar. Nədi-nədi ki, onların siyasi yas-ələmlərini kənardan qeyd edən xarici müşahidəçilər və əhli-cəmaət deməsinlər ki, bəs bunların adamları-filanı yoxdur. Amma buna baxmayaraq, həmin yas-ələmlərinin "möhtəşəm" keçdiyini iddia edən həmin bu "40"-ı çıxmışlar sən demə yas "palatkalarına" adam cəlb etməkdən ötrü yaxın ətraflarına hər biri yanlarında beş nəfər olmaqla, adam gətirmələrini tapşırıblarmış. Adama deyərlər ki, heç belə də yas keçirmək olar?


ALLAH RƏHMƏT ELƏSİN, YOXSA LƏNƏT?


Görmüşük ki, kimsə haqq dünyaya qovuşduqda onun keçmiş həyatı müzakirə olunur və həmin müzakirələrin müqabilində ona rəhmətlər oxunur. Amma elələri də var ki, yasına toplaşan əhli-camaət mədəniyyət xatirinə onlara dodaqucu "rəhmət" diləyir. Fəqət, nəinki dodaqucu "rəhmət", hətta lənət deyənlər də tapılır. Ona görə də bu gün "palatka" liderlərinə dodaqucu "rəhmət" deyənlər elə indidən onların keçmiş həyatlarını müzakirə etdikdən sonra lənətlərini rahat və demokratik şəkildə, ifadə azadlığı ilə deyə bilərlər.


DAHA AÇIQ DEYİM Kİ...


Məni başa düşməyən müxalifət ünsürləri üçün keçirəm açıq müstəviyə və deyirəm ki, "İctimai Palata"nın keçirməyə cəhd göstərdiyi növbəti aksiyaları heç də onlara başucalığı gətirməyəcək. Çünki qarşılaşdıqları acizliklərdən kənara çıxa bilmək gücündə deyillər. Çünki əllərində olan-qalan və xarici misterlərindən aldıqları pulları buna imkan verməyəcək. Çünki bəzi Qərb təşkilatlarının onlara ayırdığı həmin pul-para tükənib. Hətta aprelin 8-də tükənib!

Ona görə də onların "möhtəşəm" mitinqlərini mitinq başa çatmamış tələm-tələsik, qaçaraq şəkildə tərk edənlər oldu. Onlar növbəti dəfə aldadılmışlar idilər. İsa Qəmbərov, Əli Kərimov, Pənah Hüseynov və digərləri tərəfindən növbəti dəfə aldadılmışlar. Onların yenidən 22 apreldəki mitinqə qatılacaqları nə məndə, nə də digər mənim kimi düşünənlərdə inandırıcı görünmür.


OT ALTINDA, DİVAR DALINDA, AĞAC BAŞINDA


Bu qədər yalan girdabının, böhtan və şantajın, şərəfsizliyin və ləyaqətsizliyin, "hakimiyyətə gəlmək mübarizəsi" adı altında öz keçmişlərini unudan "liderlərə" bir daha "tarixi keçmişlərini" xatırlatmaq istərdim. 92-93-cü illərdə pul-para üstündə hər an bir-birlərinin canlarını almağa hazır olan bugünün "liderləri" o zamankı hakimiyyətləri süquta uğrayarkən, hərəsi bir yerdə gizlənməklə kim olduqlarını bir daha ortaya qoydular. Pənah Hüseynov belə bir ifadə işlədib ki, YAP-ın nümayəndələri meydandakı adamların çoxluğunu görüb oranı tərk ediblər və s. Birincisi, mitinqi müşahidə edənlər, eləcə də, mən bir jurnalist kimi heç də oranı tərk etməmişdim. Lakin tərk etmək, qaçmaq müxalifət "liderlərinin" xüsusiyyətidir və onların ənənəvi əməllərindəndir. 1993-cü ildə bütün Azərbaycan xalqı gördü ki, başda prezidentləri olmaqla, Azərbaycan xalqının taleyüklü bir dövrü olmasına baxmayaraq, konstitusiyaya and içmələrinə baxmayaraq, ölkəmizi ağır vəziyyətdə qoyub qaçdılar. Pənah Azərbaycanın ləl-cəvahirat fonduna dibindən süpürgə çəkərək qaçıb gizlənmişdi hansısa ot tayasının altında. Əli Kərimov isə Kələkidə hansısa evin dalındakı ağac başında gizlənmişdi, hansı ki, həmin vaxt dövlət katibi vəzifəsini daşıyırdı. İsa Qəmbərov hansı dərədə gedib gizlənmişdisə, o da bəlli deyildi. Hətta deyilənə görə, divar dalında ayaqlarını büzüb uzun müddət şokdan çıxa bilməmişdi o zamanın "spikeri".

Qaldı bunların hansısa məqsədlərinin reallaşması uğrunda bu qədər əldən-ayaqdan getmələrinə, bu zaman yuxarıdakı "40" məsələsindən yan keçməmək olmur. Görəsən, bunların yas-ələmlərində 5 deyil, heç olmasa, bircə nəfər adam tapılacaqmı?

Digər xəbərlər