Əvəz Temirxan:
"DCUMH" "İP"-dən çox dala düşər,
O getdiyi yerə yüz bəla düşər,
Mirmahmud gündə bir xəyala düşər,
Bizim "KXCP"-də bir işimiz yox.
Bəybala Əbilov:
Sevdik "DCUMH" örnəyini də,
Atmışıq çox "İP"-in dərnəyini də,
Yemərik heç ALP çörəyini də,
Mirmahmudla mənim gözlərimiz tox.
Əvəz Temirxan:
Belə cəsarət yox heç çibində də,
Durarıq ortada, kənar tində də,
Biz "İP"-in növbəti mitinqində də,
Olarıq ən iti uçan güllə, ox.
Bəybala Əbilov:
"KXCP" bloku layiq şirliyə,
Səni dəvət etdik bizlə dirliyə,
Özün qoşulmadın yaxşı birliyə,
Get öz Lalən ilə ALP-də qox.
Əvəz Temirxan:
"İP" sizə həmişə vurubdu yara,
Sizin Mirmahmudda yoxdu pul-para,
Siz partiyanızı atın kənara,
Lüzumsuz bloku götür yerə sox.
Bəybala Əbilov:
Boss verən qrantdan bir pay alarıq,
Məbləğ çoxaldıqca orda qalarıq,
Biz "İP"-ə qoşulsaq fəal olarıq,
Sizlər Mirmahmudla qeyri-fəal, lox.
Əvəz Temirxan:
Başlıca tələdi "İP"-də doğanaq,
Sənə çox demişik biz tərəfə ax,
Bizdə hava yoxdu bu cür boğanaq,
Bizim "DGUMH" yeganə blok.
Bəybala Əbilov:
Bir boss da durmadı sizlərə həyan,
Blok haqda Qərbə etmişik bəyan,
Sizi elə indi vurub cərəyan,
Vacib deyil vursun bundan sonra tok.
Əvəz Temirxan:
Sizin səmtə əsməz heç Qərbin yeli,
"İP" çoxdan sizlərə vurubdu pəli,
Elə ki, bir bossa çatmadı əli,
Tezliklə Mirmahmud keçirəcək şok.
Bəybala Əbilov:
Sizin blokunuz gətirməz məhsul,
Pul qazanmaq üçün bilmirsən üsul,
İsa ciblərinə qoyardı çox pul,
Əli də süzərdi Mirmahmuda sok.
Əvəz Temirxan:
Sizdə atlar azdı, çoxlu qoyun var,
Bu cürə qurumda yaxşı toyun var,
Mən ora gedirəm harda oyun var,
Çünki siyasətdə olmuşam iqrok.
Bəybala Əbilov:
Hörmət etməlisən səni sayana,
Yoxsa olacaqdı halınız fəna,
ALP başını döndər bu yana,
Nə qədər istəsən verərik srok.
Əvəz Temirxan:
Çox da axtarmayın faciə, dram,
Qəpik də qazanmaq olacaq haram,
Hələ tapmamısan əməlli aram,
Bilirəm, çıxıbdı yumurtanız lax.
Bəybala Əbilov:
Yaz sevinci duyma, hələ qışı çıx,
Ordan pis yerini, həm də qaşı çıx,
Axmaq qurum olan "İP"-ə qarşı çıx,
Bir etiraz bildir, tez ayağa qalx.
Əvəz Temirxan:
Sizə qoşularıq kələm yeyəndə,
Bizi yada salın ələm yeyəndə,
Sən də qəmdən nuş et, biz qəm yeyəndə,
Nə sizi, nə bizi dəstəkləmir xalq.
Bəybala Əbilov:
Bizimlə nuş eylə bir viski camı,
"İP" də qəbul etməz sənin tək xamı,
Heç zaman ləngitmə qəti addımı,
O vaxt cəsarətlə biz tərəfə ax.
Əvəz Temirxan:
Sizin yanınızda "İP" abad parkdı,
Oraya girməyə Mirmahmud qorxdu,
Sizin nəsibiniz bulanıq arxdı,
Yolumuz, əlbəttə, dumduru bulaq.
Bəybala Əbilov:
Dillə deyəmməzsən kağız deyəni,
Dərhal qamarlama naqis deyəni.
Qulaq eşitməyir ağız deyəni,
"İP"-də uğultudan tutulur qulaq.
Əvəz Temirxan:
Bir qərbli bossdadı pulun irisi,
Bizlərə ruh verir ilham pərisi,
Yoxdu yaxşı blok "İP"-dən qeyrisi,
Arabir zənd ilə ətrafına bax.
Bəybala Əbilov:
Qrant olsa belə azman şəlalə,
İsa verməz sizə, o, dönsə selə,
Xeyir götürməzsən nə sən, nə Lalə,
"İP"-in tavanında şimşək kimi çax.
Əvəz Temirxan:
Şalvarı gen elə, balağına bax,
Üstünüzə axan naloquna bax,
Arabir çevrilib blokuna bax,
Qurum ətrafını basıbdı alaq.
Bəybala Əbilov:
"İP"-də görünməkdə dərin çat belə,
Demədim, orada gedib bat belə,
Ordan keçə bilməz kəhər at belə,
"İP"-in qənşərində batıbdı ulaq.
Mirzə QƏRƏNFİL