Bilinməyir əqlü-qəzəvün, cahanda bədnam olmusan, nə vaxt gəlib, hara getdün, demə, sərgərdan olmusan.
Əslində, bu beytin hansı qəzəlxan tərəfindən yazıldığını unutsam da (məni bağşlasın-M.), bu beyti yerində, zamanında deyilmiş hikmətli söz kimi dəyərləndirməyimin arxasında oxuculara çatdıracağım müəyyən fikirlərim var. Amma burada "məclisül-üns" qurmağa da fikrim yoxdur. Çünki həmin məclisi qursaq, bunun davamı sonsuz, mücərrəd olar. Ona görə də qayıdıram həmin beytin üzərinə və onu tamamilə başqa mövzuya toxundururam. Həmin mövzu isə bu günün hansı tərəfə əsdikləri bilinməyən müxalifətçi partiya sədrləridir.
İNGİLİS BAYRAĞI VƏ SÜRÜŞKƏN İTALYAN SPAGETTİSİ
Bəli, onların bir gün burada, sabah isə harada olmaları heç vaxt cəmiyyətin gözündən yayınmayıb.
Məsələn, götürək AMİP sədri Yusif Bağırzadəni. Hələ sonuncu parlament seçkilərindən sonra onun "İctimai Palata"ya qoşulması, sonradan isə həmin qurumdan kənarlaşması, AMİP üzvlərinin bundan sonra heç bir qurumda təmsil olunmamasını bəyan etməsi həqiqətdə onun "əqlü-qəzəvünün" yerinə olmamasına tərəf işarə kimi qiymətləndirildi. Yəni kişinin sözü bir olar. Ya bu tərəfdə ol, ya da o tərəfdə. Daha çaşqa-loşka oynamağın yeri deyil. Çünki bu gün həmin Yusif "İctimai Palata"nın şəngülüm-məngülümlərdən ibarət mitinqini dəstəklədiyini elan edib, hətta deyib ki, lazım gələrsə, özüm də gedib həmin mitinqdə boğazımı yırtacam. Yaxşı, əgər sən "palata"nın mitinqinə gedirsənsə, onda niyə oranı qara-qışqırıqlarla tərk etdin? İndi də durub ayrı-ayrı şeylərdən dəm vurursan? Hətta deyirsən ki, istənilən AMİP-çi də həmin mitinqə qatıla bilər.
Ya da götürək VHP sədri Sabir Rüstəmxanlı cənablarını. Məhz bu şair "siyasətçi" də həmkarı Y.Bağırzadədən geri qalmır. Hələ ötən ayın əvvəllərində öz qərargahında "İctimai Palata"ya sessiya keçirmək üçün "ürək genişliyi" ilə yer ayırması ictimaiyyətin nəzərlərindən yan keçmədi. Sonrası isə məlumdur. Amma bir vaxtlar dağıdıcılığa, radikalizmə yox deyərkən, Sabir bəy nə tez unutdu ki, məhz "cəbhəçi" Əliylə "müsavatçı" İsa bir zamanlar onun siyasi nüfuzunu baltalayaraq, onu düşərgə daxilində heç etmişdilər?! İndi də durub ona "gözün üstdə qaşın var" belə deməyən demokratik hakimiyyətə qarşı əks ifadələr səsləndirir. Hətta bir az da irəli gedərək hakimiyyətdə, əslində, özündə axtarmalı olduğu günahları axtarır. Məgər bunun özü "ingilis bayrağı", ya da "italyan sürüşkən spagettisi" olmaq deyilmi? Məgər bəs deyilmi, əqidə sözünə bu qədər həqarətlər etmək, bəs deyilmi "kişi sözünə" yan baxaraq tüpürmək?
Məncə, bəsdir! Ancaq bəs olmasa, hər halda, bu mövzuya bir daha qayıtmalı olacağam.