PDF Oxu

Köşə

  • 1 051

Demokrat radikalı  yumşalmağa çağırır

Demokrat radikalı yumşalmağa çağırır

Tofiq Yaqublu:


Biz addımımızı qısa ataraq,

Gedərik irəli, İsa ataraq,

Möhtəşəm mitinqə imza ataraq,

Sevinc bəxş edərik Qərbə, Şimala.


Araz Əlizadə:


Olur mitinqlərin kəskini, dinci,

Tapa bilməzsiniz burda dürr, inci.

Bəxş edəcəksiniz hansı sevinci,

Əli təsbehliyə, üzü şümala?!


Tofiq Yaqublu:


Deyirlər pul axar açsan krantı,

Bosslar verəcəkdi bizə qarantı,

Bizi cəlb eyləyir Qərbin qrantı,

Demədim söykəndik eşqə, amala.


Araz Əlizadə:


Getməyib burnundan yad payın buğu,

Hopub məsləkinə Qərbin buyruğu,

"İP"-in əlindədi xaric quyruğu,

Sizin əməliniz sığmır kamala.


Tofiq Yaqublu:


Bir sənin kimilər dodaq büzəcək,

Adımız xarici eldə gəzəcək,

Qərb öyüb bizləri, viski süzəcək,

Üstdən nuş edərik biz "Koko-Kola".


Araz Əlizadə:


Hətta kütləyə də qoymayın minnət,

Özünüz üçündür Qərbdəki cənnət,

Xalq da adınıza deyəcək lənət,

Sizin nüfuzunuz düşəcək dala.

Tofiq Yaqublu:


Bizə qrant verir xarici güclər,

Bu puldan imtina edər bir giclər,

Bizimlə olacaq mitinqdə gənclər,

Biz buna əminik, baxmışıq fala.


Araz Əlizadə:


Cəmiyyət içində qoymadınız iz,

Bir pis iş görməmiş yerə qoyun diz,

Utanıb, gənclərdən əl götürün siz,

Həm də adam olub bir gəlin yola.


Tofiq Yaqublu:


Nüfuz dairəniz çıxıbdı əldən,

Tez dönün özünüz müdhiş əməldən,

Vurub uçurarıq onu təməldən,

Çıxsa önümüzə alınmaz qala.


Araz Əlizadə:


Siz çiyrənmədiniz qaradan belə,

Bir vaxt da çıxdınız aradan belə,

Sizdən üz çevirib Yaradan belə,

Etina eyləməz miskin bir qula.


Tofiq Yaqublu:


Çox da dərinlərə soxmayıb bizi,

Aradan çıxarıb vaxtında bizi,

Boss da yaxşı duyub məqsədimizi,

İsalı, Əlili vurğunuq pula.

Araz Əlizadə:


"İP"-də lider yoxdu əzmkar, mətin,

İçində batarsan min əziyyətin,

Öyrəndikdən sonra tərgitmək çətin,

Böyük qəbahətdi alışmaq yala.


Tofiq Yaqublu:


Qərb hələ verməyib bizə qəm-qübar,

Deyib sərvəti ver, bol qrant apar,

Töküb önümüzə yetişmiş nə var,

Boss möhtac qoymayıb bizləri kala.


Araz Əlizadə:


Gözümə dəyirsən saralmış, ala,

Gah mıxa vurursan, gah da ki, nala,

Sən bu qabiliyyət, bu qanacaqla,

Salmısan özünü tikanlı kola.


Tofiq Yaqublu:


Olmaq istəməsən sağalmaz zökəm,

Sən Ayazdan ayrıl, bizlərə söykən,

Bossların yanında yerimiz möhkəm,

Qərb salmaz bizləri heç vaxt pis hala.


Araz Əlizadə:


Sizə hörmət edən yoxdu bölgədə,

Çatar camaatdan sizə sərt hədə,

Yoxdu dəstəkləyən sizi ölkədə,

Boss qazıb sizinçün dərin bir çala.

Tofiq Yaqublu:


"İP"-in ünvanına artsa "no, net"lər,

Biabır edərsə bizi qəzetlər,

Qiymətdən düşərsə təzə kasetlər,

Dərhal əl atarıq köhnəlmiş vala.


Araz Əlizadə:


Düz yola qayıdın, az qrant yığın,

Daxildəki şəri qazıyıb yıxın,

Dar məqamda belə xalqına sığın,

Xaric qarşısında az quyruq bula.


Tofiq Yaqublu:


Sərvətdən ölməyib gözümün qurdu,

Bol pula satardım həm "İP"-i, "Yurd"u,

Qərbin qrantı da gözümə nurdu,

Canımı verərdim narıncı çula.


Araz Əlizadə:


Hələ ki, sizlərlə iş görür sıcaq,

Pullar səngiyəndə, daralar qucaq,

Səndən yararlanıb boss da qaçacaq,

Həyan olmayacaq... ula ki, ula.


Tofiq Yaqublu:


Bizlər də coşarıq xaric coşanda,

Buynuz göstərərik, buynuz qoşanda,

Boss bizdən bezikib uzaqlaşanda,

Biz də cibimizə çəkərik mala.


Araz Əlizadə:


Boss sənə əbədi qaynatmaz qazan,

Sonda peşman olar yolunu azan,

Bir peşə öyrənib, namusla qazan,

Bir az da nəfsinə tət de, ay bala.


Mirzə QƏRƏNFİL

Digər xəbərlər