Xalq arasında da, hakimiyyət dairələrində də həmişə ziyalı sözünə böyük ehtiyac duyulub. Tutduğu peşəsindən, təhsilindən və yaşından asılı olmayaraq, ziyalı el arasında ağsaqqal kimi qəbul edilib. Necə deyərlər, ziyalı olmayan ev ziyasız qalar. Əsil ziyalı elin xeyir və şər işində başda oturur, məsləhət verir. Saqqalın rənginin ağ olması hələ ağsaqqallığa dəlalət etmir. Müxalifətin ziyalı və ağsaqqal adlandırdığı bir sıra siyasətbaz "Ziyalılar Forumu" adlı qurumlarını "İctimai Palata"ya transfer etmək istəyir. "İctimai Palata" da bu təklifdə müsbət çalar axtarmaqla məşğuldur. Siyasi təşkilat kimi Qərbin maliyyə qaynağından qidalanın "İP" əsil ziyalıya cüzi boss qrantından başqa heç nə vermək iqtidarında deyil. Xarici qrantlara alışan ziyalıdan nə ziyalı, nə də ağsaqqal olmağı gözləmək olar. Bu cür ağsaqqal leş yeməyə alışan qırğı olmaqdan uzağa gedə bilməz. Əsil dağ qartalı isə özünün ovladığı təzə ov əti ilə qidalanmağı sevir. Əsil ziyalı leşə alışan qırğıya yox, ovladığı heyvanla qidalanan vüqarlı qartala bənzəməlidir.
Nizami Gəncəvinin "İskəndərnamə" əsərinin II hissəsi olan "İqbalnamə"dən bir epizodu oxucuların nəzərinə çatdırmaq istərdim. İskəndər öz qoşunu və başının dəstəsi ilə zülmətin hüdudlarına çatdıqdan sonra, əmr edir ki, qocaların hamısını burada qoyub, irəli onlarsız getsinlər. Əmrə tabe olmayanı ölüm hökmü gözləyirdi. Həmişə atası ilə məsləhətləşən cavan bir sərkərdə atasını yükün arasındakı səbətdə gizlədib, özü ilə aparır. Bir neçə ay yol getdikdən sonra dayanmağı əmr edən İskəndər zülmətin dərinliklərinə girdikdən sonra bu yerə necə qayıdacaqlarını müəyyənləşdirmək üçün gənc sərkərdələri başına yığıb məsləhətləşir. Heç kəs bu suala cavab verə bilmir. Gənc sərkərdə öldürüləcəyini gözünün altına alıb, hökmdardan bu məsələdə atası ilə məsləhətləşmək üçün icazə istəyir. Ağsaqqalın yaxşı məsləhət verəcəyi təqdirdə, İskəndər əmri pozan sərkərdəni bağışlayacağını bildirir. Qoca hökmdara belə məsləhət verir ki, dişi atlardan birinin balasını gözü qabağında öldürüb bu yerdə qoysunlar, uzun aylardan sonra geri qayıtmaq vaxtı çatanda, həmin atı qabağa buraxsınlar. Qocanın fikrincə, balası öldürülmüş olsa da, ana at onun qorxusu ilə səhv etmədən həmin yerə gələcəkdir. Qocanın bu məsləhəti özünü doğruldur, İskəndər və ətrafı zülmətdən sağ-salamat çıxmağa müvəffəq olur.
Şübhəsiz ki, Nizaminin təsvir etdiyi bu qoca müdrik ağsaqqaldır. Onun oğlu bütün döyüşlərdə atasının məsləhəti ilə qalib gəlmişdi. "Ziyalılar Forumu"nun qranta meyilli ağ saqqallıları da, yəqin ki, "İctimai Palata"ya hər hansı faydalı məsləhət verməyə qadir deyillər. Elə "İctimai Palata"nın da ifrat müdrik məsləhətə xüsusi ehtiyacı yoxdur. Bu quruma Qərb bossları ilə görüşdə yaltaqlanıb özünü üzütəbəssümlü göstərən ziyalıfasonlar lazımdır. Çünki "İP"-də süfrə artığı və leşlə qidalanmağı, vətən çörəyindən üstün tuturlar. Odur ki, "Ziyalılar Forumu"nun "İP"-ə transferi siyasətbazlarla ziyalıfasonların calaşmasından alınan lüzumsuz "siyziy" məhfumudan ibarət olub, anlaşılmaz Çin ibarələrinə bənzəyəcək, "İP"-in əl-ayağına dolaşacaqdır.