Arzu Səmədbəyli:
Bu xəmir deyildir o xəmir, əsla,
Əsəb ətdi, deyil heç dəmir, əsla,
Nə Fuad, nə Qubad istəmir əsla,
Arif də, İsa da sədr olmasın.
Nüşabə Sadıqova:
Eybi yox, tərsinə çevrilməkdə taxt,
Hamınınmı gülür üzlərinə baxt?
Qərbin səxavətlə pul verdiyi vaxt,
Niyə İsa bəydən çətir olmasın?
Arzu Səmədbəyli:
Necə ki, Məcnuna can atır Leyli,
Yaman başqanlığa salıbdı meyli,
Arif də türmədə qalaraq xeyli,
Niyə kamerada fətir olmasın?
Nüşabə Sadıqova:
Sizdən başqan çıxmaz, xoruz banıdı,
Bossların hamısı onu tanıdı,
İsa Müsavatın veteranıdı,
Niyə ona hörmət-xətir olmasın?
Arzu Səmədbəyli:
Mən sədr olsaydım sevinərdim, ah,
Məni dəstəklərdi bu yerdə Pənah,
Özüm pis namizəd deyiləm, vallah,
Nədən də arzumdan ətir olmasın?
Nüşabə Sadıqova:
Namizəd aynada baxsın özünə,
Bunlar çıxaracaq bizi ağ günə?
Qayıdıb yenidən öz kürsüsünə,
İsa başqanlıqda bədr olmasın?
Arzu Səmədbəyli:
Köhnə işıqlansın qoz ekranında,
Çökübdü İsanın toz ekranında,
Adım Müsavatın boz ekranında,
Sədr ekranında titr olmasın?
Nüşabə Sadıqova:
20 il bəzədi masa ömrünü,
Bəzəyib partiya qısa ömrünü,
Çürüdüb Müsavat İsa ömrünü,
Uğuru heç bircə metr olmasın?
Arzu Səmədbəyli:
De, nədən köhnənin balta sapısı,
Qamarlayıb yesin bossun hapısın?
Açılıb üzümə sədr qapısı,
Ömrümdə bir yeni sətir olmasın?
Nüşabə Sadıqova:
Siz də salmadınız başqanı saya,
Bu bədbəxt etmədi əldə bir maya,
Salmayın İsanı sıxma-boğmaya,
Niyə təkrar, ötür-ötür olmasın?
Arzu Səmədbəyli:
Daim hörmət ilə çəkdim bu adı,
Yamsılaya bilər Məşdi İbadı,
Saxla siyahıda hələ Qubadı,
Niyə məni axtar-itir olmasın?
Nüşabə Sadıqova:
İsa gətiribdi 20 il ətmək,
Tələb qoyursunuz indi də getmək,
Olmaz gəlirlərə gözü bərəltmək,
Nədən qazanc olsun, itir olmasın?
Arzu Səmədbəyli:
Fəsillər dalınca getdi fəsillər,
Pislər sədr oldu, qaldı əsillər,
Əgər gəlirlərsə yeni nəsillər,
Nə üçün İsaya gedir olmasın?
Nüşabə Sadıqova:
Səni tərs axıdım bulanıq çayla,
Sən də kütlələrə təbəssüm payla,
İsa getsə nədən, lent yazısıyla,
Şəninə oxuyan Qədir olmasın?
Arzu Səmədbəyli:
Şər işdə tutulub hər bir bədiniz,
20 il ərzində onu yediniz,
İsaya həmişə "etdi" dediniz,
Niyə biz gənclərçün "edir" olmasın?
Nüşabə Sadıqova:
O özü vermişdi sizə yaxşı vəd,
Başqanın önünə çəkirsiniz sədd,
Nədən istərsiniz güdəsiz məqsəd?
İsaya da məqsəd güdür olmasın?
Arzu Səmədbəyli:
Gəl çox da incitmə sən biz fağırı,
Hələ qabaqdadı işin ağırı,
Töküb zəhləmizi İsa uğuru,
Uğurum gözünü didir olmasın?
Nüşabə Sadıqova:
Tutdunuz qulpundan sizlər asanın,
Oturub böyründə hazır qazanın,
Çəllək boşaltdınız, nədən İsanın,
İçdiyi viski bir litr olmasın?
Arzu Səmədbəyli:
Bizim ömrümüzdə bir başqan vardı,
Uğura aparır sözümün ardı,
İsa çox pulları dartıb apardı,
Apar-apar olsun, gətir olmasın?
Nüşabə Sadıqova:
Səsiniz də çıxmır həyat dibindən,
Siz çiyrənmədiniz murdar çibindən,
Pul almaq istərsən bossun cibindən,
İsaya qrantı götür olmasın?
Arzu Səmədbəyli:
İstərəm sədr olam iti sürətlə,
Qrantdan zövq alam kamal-qüdrətlə,
Haqqımda danışdın kin-küdurətlə,
Dedin itir olsun, bitir olmasın.
Nüşabə Sadıqova:
Bir zərbə olacaq hər çıxıb gedən,
Siz lider deyilsiz, quru bir bədən,
Sizdən başqan çıxmaz, Arzu, bəs nədən,
İsa kimisini yetir olmasın?
MİRZƏ QƏRƏNFİL