"İctimai Palata" yetkililəri Qərb himayədarlarından daha çox qrant və nəqd pul qoparmaq məqsədilə şəhərin istənilən küçə və meydanında kütləvi aksiya keçirmək iqtidarında olduqlarını sübut etmək istəyirlər. Bunun üçün Qərbə getməyə ehtiyac yoxdur. Qərb özü Azərbaycandakı səfirlərini bunların içərisinə göndərib. Deyir "dostunu göstər, sənə kim olduğunu deyim". Steynar Gill müxalifətin keçmiş dostudur. İndi onun davamçılarının sayı artıb. Əlbəttə, səfirlər casus fəaliyyəti göstərdikdərini inkar edirlər və özlərini Azərbaycan müxalifətinin, bayaq dediyimiz kimi, dostu hesab edirlər. "Dost çətin gündə sınanar" deyiblər. Onlar da bir-birilərini sınağa çəkirlər. Biri dostunun işgörmə qabiliyyətini yoxlayır, o biri qrantvermə imkanını. Dostların əsəbləri tarıma çəkilsə də, bir-birilərinin üzünə gülümsəyirlər. Necə deyərlər, "içləri özlərini yandırır, bayırları özgələrini". Məsələn, səfirlərin imkanı olsa, müxalifəti tısbağa yerişində qınayıb, bir sent də buraxmaz. Qarşı tərəf isə bu cür xəsis səfirlər qarşısında nə qol götürüb "Heyvagülü" oynayar, nə də "Tvist" havasında "Segah" oxuyar.
Xülasə, müxalifətin icazəsiz piketləri baş tutmadı. Onlar kənara çəkilib, yenidən meydanlara hücum çəkmək üçün marıqda yatıb, fürsət gözləməyə başladılar. Maliyyəçi səfirlər isə onlara icazəli aksiyalar keçirməyi məsləhət gördülər. Başqaları məsləhət görəndə əməl etməyən "İP" yetkililəri dərhal razılaşdılar. Əvvəllər şəhərin "Nərimanov" metrostansiyasından bir addım o yana ayaq basmayacaqlarını deyən "İP"-çilər 20-ci sahə yaxınlığındakı peşə məktəbi ətrafını özlərinin mitinq məkanına çevirdilər. Atalar demişkən, "Adın nədir? Daşdəmir. Yumşalısan, yumşalı...". Maliyyəçi səfirlər öz qrant təzyiqləri ilə "İP"-çilərin iradələrini bu cür qırdılar. Bir dəfə mən iradəsi qırıq bir "İP" liderindən "Nə tez bu məkana razılıq verdiniz" sualı ilə müraciət etdikdə, o, tövrünü pozmadan barışdırıcı tərzdə "Ağa dedi sür dərəyə, sür" cavabını verdi. "Axı siz uzun müddət öz sürünüzü bu dərəyə sürmədiniz" deyə etiraz etdikdə, o, "Sarı simə toxunma - dedi, - pulumuzu ödəyib, razılığımızı alıblar". Mən ancaq bundan sonra məsələnin nə yerdə olduğunu başa düşdüm.
Xatırladım ki, iki aprel mitinqlərindən sonra "İP"-çilər mayın 6-da daha bir mitinq keçirməyi planlaşdırıblar. Yəqin ki, bu, mayda keçirilən sonuncu mitinq olmayacaq. Çünki mayın sonuncu ongünlüyündə "Eurovision" Mahnı Müsabiqəsinin kulminasiya nöqtəsi olacaq. Burada səfirlərini hərəkətə gətirən Qərbin maraqlı dairələri məhz "Eurovision"un keçirilməsinə əngəl törətmək məqsədilə paytaxtımızda qarşıdurma yaratmaq istəyirlər. Pulu da "İP"-çilərə bu məqsədlə buraxırlar. Məsləksiz və amalsız "İP"-çilər də pul üçün lap erməniyə də dayı deməyə hazırdırlar. Elə hər şey də ermənilərin "Eurovision"da iştirakdan imtina etməsi ilə başladı. Bizim müxalifət də dərhal Yerevana xəbər göndərdi ki, "ara, kirvə, Bakıya gəlməyin, sizi öldürəcəklər".
Göründüyü kimi, "İP" paytaxtda, hətta onun hüdudlarından kənarda da heç bir qarşıdurma yaratmağa nail olmayıb və hüquq-mühafizə orqanlarımızın sayıqlığı ondan xəbər verməkdədir ki, müxalifət, nə mayda, nə yayda heç bir qarşıdurma yarada bilməyəcək. Çünki ölkəmiz mitinq və kütləvi aksiyalarla yox, qanunlarla idarə olunur.