Zəlzələ, daşqın, sel, vulkan, torpaq sürüşməsi, tufan, qasırğa və sair və ilaxır və dübarə. Bütün bunlara bir arada təbii fəlakət deyə ad veriblər. Yəni təbii fəlakətlər baş verir və nəticədə, müxtəlif itkilər, dağıntılar baş verir. Ancaq bəşər övladı bütün bunlara dözür, tikir, qurur, yaşayır və yaşadır. Çünki el dili ilə desək, Allahla "allahlıq" etmək olmaz. Çünki gələcəyə nikbin baxmaq lazımdır. Ancaq bütün bunları tərs qananlar da var ki, əslində, belə "qanmağa" qanmaq deyil, qanmazlıq adını vermək daha düzgün olardı. Lap götürək şalvarlarının balaqlarını dizlərinə, hətta sinələrinin başına çəkən "yeni müsavatçı" və haray-şüvənçiləri kimi. Zaqatala, Qax və Balakəndə baş vermiş yeraltı təkanlardan sonra bunların yadlarına düşdü ki, bəs oradakı camaat da Kür qırağında olduğu kimi guya, "üsyan" həddinə çatıblarmış (?!) Amma bunun nə qədər həqiqətə uyğun olmasına gəlincə, hadisələr tamamilə başqa şeyi deyir. Yəni həyat öz axarı ilə davam edir, fəlakət bölgəsində dövlət başçısının məlum səfərindən sonra, eləcə də, Onun tapşırıqları əsasında müntəzəm işlər aparılır və orada nəinki "üsyan", heç adicə məişət söz-söhbətləri belə yoxdur. Di gəl ki, bu mövcudluq müxalifət yazarlarına sərf etməyib. Niyə? Çünki dövlətin, xalqın, ölkənin əleyhinə nəsə yazmaq, normal fikirləri, reallıqları azdırmaq lazımdır. Axı bunlar müxalifət "yazarlarıdırlar", axı yazmasalar, sabah erməni mətbuatının şefləri qarşısında hansı cavabı verəcəklər? Və Qərb siyasi dairələrindən aldıqları rüşvətlər burunlarından plitə-plitə gələr! Ona görə də "yazırlar"... Yazırlar ki, "Zaqatala üsyana qalxdı"(??!!) Belə yerdə rəhmətlik nənəm deyərdi ki, yalansa təpənizə "üsyan" boyda daş düşsün, necə ki, düşüb!
Ona görə də başlayıblar naftalin iyi verən, rütubətli, qoxumuş, dağıdıcı fikirlərini mənsub olduqları qəzetlərdə yazmağa. Baxan da deyir ki, ayə, görəsən, Zaqatalada nələr baş verir? Ən maraqlısı isə odur ki, onlara yazı yazdıran "liderlərdən" biri də olsa, həmin fəlakət zonasına səfər etməyiblər. Maraqlanmayıblar ki, dillərindən düşməyən "xalq-millət" orada neyləyir, nətəhər dolanır? Belə ki, "liderlər" qorxurlar, onların buna hünərləri çatmır. Çüni yaxşı bilirlər ki, fəlakət zonasında vəziyyət yaxşıdır və ondan da yaxşı olacaq. Dağıdıcı "liderlər" və onların mirzələri gözəl bilirlər ki, hazırda Zaqatalada, Qaxda, Balakəndə zəlzələdən sonra ardıcıl və sürətli tikinti-quruculuq işlərinə start verilib. Əhaliyə davamlı və hərtərəfli yardımlar göstərilir. Tikiləcək hər bir fərdi evin planı vətəndaşların istəyi qismində qəbul edilir və dağılmış, zərər görmüş hər bir yaşayış obyektindən daha böyük evlər tikilərək, vətəndaşların istifadəsinə veriləcək. Özü də bütün bunlar Azərbaycan hökumətinin öz daxili hesabına reallaşdırılmaqdadır. İnsanlar isə başda ölkə rəhbərimiz olmaqla, dövlətinə sadiq və minnətdardır!
Fəqət, dağıdıcı müxalifətin "üsyan daşı" o qədər böyükdür ki, həmin daş onların başına düşüb, özü də bu dəfə yaman bərk düşüb. İndi də başlayıblar hətərən-pətərən sərsəmləmələrə. Bəs görəsən, "İctimai Palata" hara baxır? Axı növbəti xəstələrin "palata"ya qəbuluna ehtiyac var. Həm də "üsyan daşı"nın qırıntılarını onların başlarından çıxarmaq lazımdır. Yoxsa bunun fəsadı onlara və onlara dəstək verənlərə yaman baha başa gələr.