Düşərgədə vəziyyət mürəkkəbdir. Hətta elə mürəkkəbdir ki, müxalifətin "cümlətül-aləmi" üç günlük "siyasi orucuna" başlayıb. Görünür, dağıdıcı müxalifət "liderləri" bu kimi haldan sui-istifadə edərək, onlara dəstək göstərən İran mollalarının işlərinə necə yaradıqlarını sübut etməyə səy göstərirlər. Ancaq belə səylər onların növbəti səyləmələrinə səbəb olur ki, bu səyləmələrin də digər başında Müsavat başqanı İsa Qəmbərov dayanıb. Dayanmağına dayanıb, amma necə dayanıb, bunu bir Allah bilir. Köşədar bəndəniz isə, təbii ki, gördüyünü yazır. Məsələn, yazıram ki, Müsavat başqanı "Kanal Avropa"ya gedərək, orada yekə bir müsahibə verib. Müsahibə isə birbaşa müxalifətçi zərif cinslərin Qəmbərovun özü tərəfindən düzgün yola çəkilməməsi ilə bağlı olub. Məsələn, baş müsavatçı deyib ki, əgər "İctimai Palata"nın "siyasi orucuna", yəni aclıq kampaniyasına hər hansı qadın bir həftəlik müddətə qoşulacaqsa, sözügedən aksiyadan sonra ona camış qatığı yedirdəcək (?!-R.) Sözə bax, iddiaya bax, ələ salmağa bax!
XORLUQ VƏ XARLIQ NƏDƏN YARANIR?
Yəni gəlin mənim yolumda acından ölün, mən sizin aclığınız sayənizdə yüz minlərlə pul-para qazanım, sonra da başınızı camış qatığı ilə aldadım. Binəva müxalifətçi zənənlər də Müsavat başqanının qatıqlamasına inanıb, gedirlər qərargaha və özlərini verirlər "odeyal-krovat"a. Nədi-nədi, iş bilmişik, bir camış qatığına görə İsanın qatıqlamağını dəstəkləmişik və "aclığ"a başlamışıq. Bərəkallah, belə "siyasətə", maşallah, nəmxuda pis "siyasət" deyil. Gör ki, həmin zənənlər sayəsində "siyasi karyerasına karyera" qatan Müsavat başqanının ağlı necə çalışır, lap saat kimi!
Ancaq bütün bu gerçəkliklərin acı nəticələri də mövcuddur ki, köşədar bəndəniz ondan da yan keçə bilmir və yazır. Yazıram ki, bir zamanlar, yəni qədimlərdə arvad tumanı dalında gizlənənlərin "şərəflərinə" xor, "ləyaqətlərinə" isə xar baxarmışlar. Təbii ki, həmin qədim anlayışlar, indi də mövcuddur. Ancaq həmin mövcudluq çoxlarında qeybə çəkilib. Məsələn, elə məhz Müsavat başqanında. Ətrafına topladığı adamları qatıqla, şorla aldadan, özü də xüsusi bicliklə aldadan "adamdan" başqa nə gözləyəsən axı?
PƏNAH "BƏY" DƏ YEMƏDİ GETDİ!
Nədir həmin bicliklər? Bir neçə gün öncə İsasevərlər dərnəyinin rəhbəri Pənah Hüseynov da "palata"nın "siyasi orucuna", yəni "aclıq kampaniyasına" başlamışdı. Amma dünən bəlli oldu ki, sən demə, "İP" başbilənlərinin "uzun-uzadı", "təkidli", "sən ölüm-mən ölümlü", "yalvarışlarla dolu", "dizçökmələrlə zəngin" təkidlərindən sonra Pənah "bəy" "aclığını" dayandırdı. Beləliklə, daha bir "kişi" arvad tumanının dalına keçmiş oldu. Amma heyif ki, İsanın vəd etdiyi camış qatığından dada bilmədi. Bunun üçün isə gərək müxalifətçi və arvad olasan. Nə edəsən, onun da taleyi bu cür imiş. Yemədi getdi qatığını.
Onu da deyim ki, İ.Qəmbərovu camış qatığı ilə təmin edənlərin kimlər olması da artıq məlum olub. Məsələn, Almaniyada iribuynuzlu heyvanların saxlanması ilə məşğul olan fermer təsərrüfatları, Norveçin qatıq-pendir şirkətləri və s. Ancaq bir şey məlum deyil ki, görəsən, Müsavat başqanına arvad tumanı dalında gizlənərək, "siyasət yürütməsini" kimlər məsləhət görüb? Yəqin bu sualın cavabını Müsavatın qurultayında eşidərik. Hərgah, buna da ümid yoxdur. Məlum olan isə budur - İSA YENƏ QATIQLADI.