PDF Oxu

Köşə

  • 1 334

Xəyal və gerçəklik arasında...

Xəyal və gerçəklik arasında...

"Eurovision"un final mərhələsindən təxminən iki həftə əvvəl "İctimai Palata"nın Müsavat təmsilçiləri Gülağa Aslanov və Tofiq Yaqublu "Yeni Müsavat" qəzetinə ötürdükləri məlumatda iqtidarı musiqi yarışması keçirməyə peşman edəcəklərini bildirirdilər. Görəsən, Müsavat başqanı İsa Qəmbərovun müavinləri olan bu adamları hansı barıt çəlləyi dingildədirdi? Qəzetdə bu cür açıq bəyanat verməyi, ancaq gözünü qan örtmüş adam bacarardı. Tofiqə nisbətən Gülağa daha qazlı-qazlı danışırdı. Hər ikisi də "İctimai Palata"nın son toplantısının qərarına əsaslanırdı. Görünür, "İP" barıtına İsveç səfiri Mikael Eriksso kibrit çəkmişdi. AŞPA-nın Almaniya təmsilçisi Kristofer Ştrasserin və bu ölkə ombudsmanı Markus Löninq də "palata"nın fitilini odlayanlar siyahısındadır.

Göründüyü kimi, Qərbin bir maliyyə dəstəyi kifayət edir ki, Tofiq və Gülağa kimi adamlar ortaya çıxıb ağızlarını Allah yoluna qoysunlar. Bundan sonra "İP"-in pərdəarxası silahlı qruplaşmaları istənilən qanlı tapşırığı yerinə yetirməyə hazırdırlar. Son vaxtlar Milli Təhlükəsizlik Nazirliyinin Prezident əleyhinə sui-qəsdə suçlu bilinənlərin və "Eurovision" musiqi yarışmasının final mərhələsində qarmaqarışıqlıq salmaq istəyənlərin 40 nəfərinin saxlanılması haqqında verdiyi məlumat, "İctimai Palata"nın Tofiq və Gülağanın da iştirakı ilə keçirilən toplantısının qərarı ilə üst-üstə düşməkdədir. Buna deyərlər aşağı budaqda oturub yuxarıları silkələmək cəhdi. Yəqin Gülağa və Tofiq qozlu-qozlu danışanda, cəhdin bu qədər uğursuzluğa uğrayacağını gümanlarına da gətirmirdilər. Ona görə də atalarımız "yağış yağdırmamış guruldama" və ya "arxı tullaşmamış hop demə" demişlər.

Müxalifət isə 20 ildir atalar misalının əksini edir və hər dəfə də uğursuzluqla üzləşir. Hər bir cinayət aşkarlandıqdan sonra cəza ilə nəticələnir. Cəzalar ölkə qanunçuluğu ilə müəyyənləşdirilir. Bizim müxalifət isə "yuxarıda xaric, aşağıda özləri" yalnız "İctimai Palata" kimi qurum üzvlərini əsil ölkə vətəndaşları hesab edir. Müxalifət təmsilçiləri iqtidarı müvəqqəti hökumət sayır və tezliklə xaricin onları hakimiyyətə gətirəcəyinə inanır. Bu xülya 20 ildir gerçəkləşmir. Çünki xülyadır... Real gerçəklik isə odur ki, respublika yaşayır, yaradır və get-gedə daha yüksək inkişaf mərhələsinə qədəm qoyur.

Müxalifət xəyal və gerçəklik arasında var-gəl etməkdədir. Hər dəfə də bel bağladığı xaric onu pis vəziyyətdə qoyur. Bu, 20 il bundan sonra da, 40 il bundan sonra da belə olacaq. Çünki xalq heç vaxt ona yad olanı yox, doğma olanı seçir. Hazırda iqtidarla xalq arasında əlaqə körpüsü yaranıb. Müxalifət isə xariclə bu cür münasibətə girmək istəyir. Məsafə uzaqlığı buna mane olur. İqtidarla xalq isə bir vəhdətdədir. Fikirlər və mövqelər bir-birini tamamlayır. Müxalifət isə gözünü üfüqlərə zilləsə də, "yer qatı, göy isə iraq" olduğundan, xarici himayədarını görə bilmir.


Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər