"Avazın yaxşı gəlir, oxuduğun Quran olsa" atalar məsəlinin, səsi və ifasının gözəlliyi ilə öyünənlərə daha çox aidiyyatı var, nəinki siyasi bəyanatlar və basmaqəlib donosları ilə Qərbin maraqlı dairələrinin diqqətini cəlb etməyə cəhd edənlərə... Müxalifət təmsilçilərini "səsi və ifasının gözəlliyi ilə öyünənlər" sırasında daxil etmək olmaz. Düzdür, onlar da oxuyurlar, özlərinin də avazları bir o qədər yaxşı gəlmir. Onlar bosslarının şəninə "qəzəl oxuyurlar". Həm də rəqs edib oynayırlar. Kimin hansı musiqi alətində ifa etməsindən asılı olmayaraq, oynayırlar. Bir sözlə, kim nə çalırsa-çalsın, onlar qol götürüb, "Heyvagülü" havasına oynayırlar. "Tvist" müqabilində, lap "Segah" sədaları altında da oynamağa hazırdırlar. Bu müxalifət qrant gətirən hər bir fürsətdən faydalanmağa qadirdir. Bu maraqlarını "qaz vurub, qazan doldurmaq" kimi ifadə edirlər. Qrant istəklərini möhtəşəm kütləvi aksiya müqabilində, Qərbin maraqları dairələri gerçəkləşdirirlər. Necə deyərlər, istədikləri yar idi, yetirdi pərvərdigar...
"Avazı yıxşı gələnlərdən" biri də Rəsul Quliyevdir. Onun səsi Atlantik okean suları üzərindən keçərək, "çarter" reysi ilə gəlib burada qulaqlarımıza aydın çatır. O, vaxtilə ADP həmsədri kimi İlyas İsmayılovla birgə "SİDSUH"-da təmsil olunmuşdu. Bundan nə ona, nə də İ.İsmayılova bir fayda hasil olmamışdı. Ancaq bu qurum İlyas bəyin Rəsul bəydən küsərək, ADP həmsədri postunu tərk etməsinə səbəb olmuşdu. Necə deyərlər, ya zəlzələdən, ya vəlvələdən... nəticə isə nəticə olaraq qalır. Yəni zərərin haradan necə dəyməsinin fərqi yoxdu.
R.Quliyev özünü ələ alıb, "ACP" adlı partiya yaratdı, özünü lider elan etdikdən sonra, Vaqif Mahmudovu "ACP" sədri təyin etdi. Ancaq bu təyinat onun lider nüfuzuna heç bir şöhrət gətirmədi. Zaman axıb gedir, Rəsul bəy get-gedə yaşlaşaraq, illərin yorğunluğuna çevrilirdi. Nəyin bahasına olursa-olsun, R.Quliyev ən böyük müxalifət bloku hesab etdiyi "İctimai Palata"nın vahid lideri kürsüsünə ucalmaq istəyirdi. "İP" liderləri kürsüsündə möhkəmlənmiş İ.Qəmbərov və Ə.Kərimov cütlüyü onun bu xülyasını "qocalıqda yorğalıq" kimi qiymətləndirsə də, R.Quliyev pul gücünə bu niyyətini gerçəkləşdirmək istəyirdi. Odur ki, Sülhəddin Əkbəri Vaqif Mahmudovun yerinə "ACP" sədri kürsüsünə oturtdu. S.Əkbər də tanıdığı "İP" liderləri ilə dəfələrlə keçirdiyi görüşlər zamanı onları R.Quliyevin bu sevdasından xəbərdar eləmişdi. Cavabında İ.Qəmbərov və Ə.Kərimov demişdilər ki, "məgər bizim ağzımız yağa batmışdı ki, onunku da bala batsın?"
R.Quliyevin hətta böyük məbləğdə pul hesabına da niyyətinin gerçəkləşməz olduğunu görən S.Əkbər "Allahü-Əkbər" deyərək, öz bəxtini sınamaq qərarına gəlmişdi. İştahası diş altında olan Sülhəddin bəy "gərçi bad-bad" deyib, sədrlik kürsüsündə oturduğu "ACP"-ni, R.Quliyevin xəbəri olmadan, "İP" soxmaq istəmişdi. Necə ki, Əli Əliyev sədri olduğu AMİP-i Etibar Məmmədovdan xəbərsiz "Azadlıq" blokuna daxil etmişdi. E.Məmmədov işə qarışdıqdan sonra Əli Əliyevin əlində AMİP-in quyruğu olan "VİP" qalmışdı.
Bəs Sülhəddinin əlində nə qalacaq? Yəqin quyruqdan-muyruqdan bir şey qalar. Ancaq R.Quliyev bilsə, onun əli quyruqdan da üzülüb, boşda, papağı isə mıxda qala bilər. Hədisənin nəticəsi Rəsul bəyin münasibətindən asılıdır. Deyilənə görə, R.Quliyev S.Əkbərin bu addımından narazı qalıb. Rəsulun da əli okeanın o tayından bu taya çatmadığına görə, hikkəsindən az qalırdı partlaya. Güman ki, o, "ACP" sədri postunu daha etibarlı başqası ilə əvəz edəcək.
VALEH MƏHƏRRƏMLİ