"Açıq Cəmiyyət Partiyası"nın "lideri" Rəsul Quliyev bu ilin əvvəlindən düşərgədəki müttəfiqlərindən (onlardan əsər-əlamət belə görünmür) və rəqiblərindən fərqli olaraq aləmə car çəkdi ki, heç kim özünü yormasın, 2013-cü il prezident seçkilərinin "favoriti" olacaq və təkbaşına qalib gələrək, prezident kürsüsənə əyləşmək əzmindədir (?!) Onun bu çıxışı, təbii ki, cəmiyyətdə dərhal yersiz populizm kimi qiymətləndirildi və iddialılar tərəfindən eks-spikerin bu cür qiymətləndirməsi ciddi qınanılaraq, R.Quliyevin ölkədəki mövcud qüvvələr nisbətindən, siyasi şəraitdən və seçici ovqatından bixəbər olduğu vurğulandı. Maraqlıdır ki, qısa zamanda 100 minlik mitinq təşkil edəcəyini bəyan edən R.Quliyev bunu gerçəkləşdirə bilmədiyindən etiraf etmək zorunda qaldı. Ancaq etiraflarına baxmayaraq, iddialarından imtina etməyi düşünməyən keçmiş parlament sədri lideri olduğu ölüvay təşkilatda kadr dəyişikliyi edərək, heç nə ilə yadda qalmayan Vaqif Mahmudovun yerinə keçmiş müsavatçı Sülhəddin Əkbəri sədr postuna gətirdi və yeni sədr də bir sıra təyinatlar həyata keçirərək, mövzu qıtlığından korluq çəkən mediaya (yəni, müxalifətdə yenilik olmadığına görə, mövzu da tükənmişdi) bir neçə günlük məşğuliyyət "hədiyyə etdi". Ancaq hamı bilirdi ki, bu fəallıq stəkanda fırtına effektindən uzağa gedə bilməyəcək və tezliklə "ACP" öz köhnə yerinə qayıdacaq. Gözləntilər özünü doğrultdu. Əslində, belə də olmalı idi. Çünki bu təşkilat ilk gündən sağlam dayaqlar üzərində qurulmamışdı və R.Quliyevi, vaxtilə sədri olduğu ADP-dən kənarlaşdıran qüsurlar, çatızmazlıqlar bu dəfə olduğu kimi yeni yaradılan təşkilata transfer edilmişdi. Məhz bu üzdən ilkin dövrdə Akif Şahbazov "ACP" sədrliyindən başını götürüb qaçdı. Adıçəkilən partiyanın bundan sonrakı fəaliyyəti isə göz qabağındadır və yalnız indi-indi ona "süni nəfəs verərək", hər vəchlə 2013-cü il seçkiləri öncəsi "diriltmək" istəyirlər.
R.Quliyev özünün də etiraf etdiyi kimi, çarəsizlikdən S.Əkbəri partiya sədri postuna gətirib və Akif Şahbazovdan yenidən partiyanın sükanı arxasına keçməsini israrla xahiş etsə də, onu yola gətirə bilməyib. Əslində, A.Şahbazovu başa düşmək heç də çətin deyil və onu partiyadan getməyə vadar edən səbəblərin aradan qaldırılmadığı, əksinə, vəziyyətin daha da qəlizləşdirildiyi halda, ikinci dəfə belə bir məsuliyyətli yükün altına girməyin siyasi intihara bərabər olduğunu bilməmiş deyil...
Təbii ki, digər rəsulçular - Mahir Əsədov və Solmaz Ələsgərovanın da yenidən formalaşmağa başlayan "ACP"-də hər hansı görəv daşıyıcısı olacaqlarını da təsəvvür etmək xeyli çətindir. Ən azı Mahir Əsədovun xarakteri, birmənalı olaraq, onu iddia etməyə əsas verir ki, o, heç zaman S.Əkbərin rəhbərliyi altında işləməz. Solmaz Ələsgərova da R.Quliyevdən bərk incikdir, hətta o qədər ki, bir müddət öncə "vabank"a gedərək Çingiz Dəmiroğlunun rəhbərliyi altında olan adı var özü yox təşkilata üzvlüyü özünə rəva bilib. İndi onun yenidən "ACP"-yə qayıtması "eşşəyə minmək bir ayıb, düşmək iki" məsəlini yada sala bilər...
Əlbəttə, S.Əkbərin yeni ampluada uğursuzluğa düçar olacağını və Vaqif Mahmudov kimi "ACP"-ni iflasa uğradacağını proqnozlaşdırmaqdan uzağıq və bu cür iddialar haqlı olaraq qərəz nümunəsi kimi yozulardı. Sadəcə, R.Quliyevin idarəçilik prinsiplərini və yanaşma tərzini az çox bilən hər kəs özü üçün elə bu cür nəticələr çıxara bilərdi. Burada, əslində, "ACP"-yə kimlərin rəhbərlik etmələri və onların şəxsi keyfiyyətləri, yaxud səriştələri olub-olmamasının əsas rol oynamadığını da hamımız bilirik. Bu təşkilatda əsas söz sahibinin hər zaman R.Quliyev olacağı da Amerika kəşf etmək deyil və ötənlərin təcrübəsindən çıxış edərək, əminliklə vurğulamaq olar ki, 15 ildən artıq müddətdə demokratiyanın beşiyində otursa da, heç cür demokrat ola bilməyən eks-spiker nəinki S.Əkbərə, hətta nəzəri olaraq onun lideri olduğu təşkilata rəhbərliyi boynuna götürən istənilən tanınmış siyasi xadimə də sərbəst şəkildə qərarlar verməyə aman verməyəcək.
Son olaraq, qeyd edilməlidir ki, bu cür ziddiyyətli dünyagörüşə və təzadlı siyasi davranışa, hətta bəzi hallarda məntiqə yaxın gəlməyən gedişlərə malik şəxsin, hətta Azərbaycana dönsə belə, hakimiyyət uğrunda mübarizədə qalib gələcəyi inandırıcı görünmür. Onun 3-cü "şansının" nədən ibarət olduğunu isə özü yaxşı bilir. Bu, "şansın" adı gedərgəlməzlikdir.
RÖVŞƏN