PDF Oxu

Köşə

  • 1 165

İnam və etimad olmayanda...

İnam və etimad olmayanda...

Müxalifətçilərin adi ölkə vətəndaşlarından bir fərşi var. Onlar istənilən əsasız iddialarla çıxış edə bilərlər. Ötən 20 ildə müxalifət yazarları xoruz qulağının eşitmədiyi bəyanatlarla çıxış etmiş, əsassız yalan, böhtan xarakterli dezinformasiyalarını dövriyyəyə buraxmışdılar. Bu cür yazılarda yeganə məqsəd xalqın və dövlətçiliyin mənafeyinə zərbə vurmaq, əhali arasında dövlətə qarşı inamsızlıq toxumu səpmək idi. Bu cür "faktları" isə, hətta sadalamağa da ehtiyac yoxdur. 20 il əvvəl də müxalifət qəzetlərinin səhifələri indiki kimi böhtan və iftiralarla dolu idi.

Müxalifət yazarları bu gün də öz ehtimallarına həqiqət libası geydirməkdə davam edirlər. Məsələn, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu sahibi olduğu qəzetin və bir-iki digər müxalifət qəzetinin daha oxunaqlı olduğunu və daha çox satıldığını iddia edir. Bu statistikanı nəyə əsasən apardığını isə dilinə gətirmir. Bu yerdə deyirlər, dəlidən doğru xəbər. R.Arifoğlunun öz ayranına turş deməməsi təbiidir. Nə olar, qoy onun adını çəkdiyi qəzetlər çox satılsın. Lap belə, istəməyən kor olsun. Ancaq söz deyəndə, istinad etdiyin mənbəni göstərməyin yaxşı olardı. Əgər mənbə yoxdursa, deməli, R.Arifoğlunun məqsədi qəzetinin satışını reklam etdirmək imiş. Bəlkə bu bəyanatından sonra bir-iki qəzeti artıq alına...

R.Arifoğlu bu faktından ona görə dördəlli yapışmışdır ki, qarnının ağrısı var. O, istəyir ki, daha çox satılan qəzetlərə dövlət tərəfindən daha çox pul vəsaiti ayrılsın. Hə, deməli, qara qızın dərdi varmış. Bu zibil dərd də ki, gəldi, misqal-misqal yox, batmannan gəlir. Elə R.Arifoğlunun da, az satılan digər müxalifət qəzetlərinin redaktorları kimi dərdi çox, problemləri isə böyükdür. Bunları isə yalnız böyük pul müqabilində yumaq olar.

R.Arifoğlu qəzetlərinin satışından yüksək gəlir əldə etdiyini iddia edir. Əgər bu, doğrudan da, belədirsə, nə üçün problemlərini həmin vəsait hesabına həll etmir? İş ondadır ki, müxalifətçilərin qəzetləri satılmır. Buradan isə xoruzun quyruğu görünür. Hansı qurumda və blokda təmsil olunmasından asılı olmayaraq, müxalifət liderləri Qərb havadarlarından aldıqları cüzi məbləğ hesabına qəzetlərini maliyyələşdirə bilmirlərmiş. Müxalifətin başlıca problemi də məhz buradan başlayır.

Xaricdən alınan qrantların məbləği artıq olsa belə, müxalifət bu üsulla heç bir ciddi nailiyyət əldə etməyəcək. Çünki bu cür qazancla vətəndaşı olduğun ölkənin və xalqın etimadını qazanmaq mümkün deyil. Xalqın etimadını yalnız onun həyat şəraitini yaxşılaşdırmaq yönündə iş apararaq, onun yediyi çörəyi yeməklə qazanmaq olar. O vaxt dərc etdiyin qəzet də onun nəzər-diqqəti cəlb etməyə başlayacaq. Bu, hər iki tərəfə fayda gətirərdi. Sən xalqın maariflənməsi yolunda fəaliyyətini davam etdirər, əhalinin alıcılıq qabiliyyətinin artmasından isə qazanc götürərdin. Xalq sənə inanardı, sən isə xalqla.

Cəfəng yazılarla xalqın inam və etimadını qazanacaqlarını zənn edənlər yanılırlar. Xaricin maliyyə dəstəyi ilə yaşayanların tale nəsibi mühacirət dilənçiliyi ilə başa çatır. Xaricin dəstəyi ilə hakimiyyətə gələn AXC-çilərin hakimiyyət ömürləri bir il çəkmişdi. İndiki müxalifətçilər bundan ibrət götürmədilər. İbrət götürməyənlər isə ibrət dərsi verə bilməzlər.


Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər