PDF Oxu

Köşə

  • 914

Müxalifətin gözü yolda qaldı

Müxalifətin gözü yolda qaldı

Herman Van Rompeyin ölkəmizə səfərini dəyərləndirən Avropa Birliyinin Bakıdakı missiyasının rəhbəri Rolan Kobia bildirib ki, Herman Van Rompeyin Azərbaycana səfəri qurum və Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsinin növbəti illüstrasiyasıdır. Biz assosiativ saziş, iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik məsələlərini müzakirə edəcəyik.

Maraqlı məqam isə ondan ibarətdir ki, Avropa Birliyinin prezidentinin protokolunda müxalifətlə görüşə yer ayrılmayıb. Avropa Birliyinin Bakıdakı təmsilçiliyindən bildirilib ki, Herman Van Rompeyin müxalifətlə görüşə zamanı yoxdur.

ADP sədri Sərdar Cəlaloğlu da açıqlamasında Avropa Birliyinin prezidenti ilə görüşə dəvət edilmədiklərini deyib: "Biz dəvət almamışıq. Əksinə, özümüz Avropa Birliyinin Bakı nümayəndəliyi ilə əlaqə saxlayıb, görüşmək istədiyimizi bildirdik. Lakin bizə cavab verildi ki, Avropa Birliyi prezidentinin müxalifətlə görüşməyə vaxtı yoxdur, onun rəsmi şəxslərlə görüşü nəzərdə tutulub".

Bir müddət öncə, Azərbaycanda səfərdə olan ABŞ-ın dövlət katibi Hillari Klinton da müxalifət nümayəndələri ilə görüşmədi. Halbuki dövlət katibi Ermənistanda və Gürcüstanda müxalifət nümayəndələri ilə görüşlər keçirmişdi. Dövlət katibinin səfəri zamanı radikal müxalifətin ümidləri puç oldu. Onların istəklərinin əksinə olaraq, xanım Klinton radikal müxalifətin liderləri ilə görüşmədi, onlar isə bundan çox pərişan oldular. Hiss olunurdu ki, radikal müxalifət rəhbərləri ABŞ dövlət katibinin onlarla görüşəcəyini böyük ümidlə gözləyirdilər. Radikal müxalifət isə yeganə təsəllini onlara məxsus mətbuatda ABŞ-ı və Klintonu tənqid etməklə tapdılar.

Əslində, xarici ölkə rəsmilərinin müxalifətə qarşı laqeydliyi normaldır. Fakt odur ki, indiyə qədər nə birləşə, nə də insanların etimadını qazana bilməyən müxalifət gün keçdikcə daha da nüfuzdan düşür. Həmçinin, proseslərin gedişatı zamanı həlledici qərarlar verə bilməyən düşərgə rəhbərləri insanlar tərəfindən cəsarətsiz olaraq qiymətləndirilir. Parçalanmalar, qarşılıqlı ittihamlar və digər amilləri də bura əlavə etsək, o zaman mənzərə tamamilə aydınlaşar.

Deməli, istər Birləşmiş Ştatlar kimi böyük bir dövlət, istərsə də, nüfuzlu qurum olan Avropa Birliyi Azərbaycanda mövcud olan radikal müxalifətin cəmiyyətdə nüfuzunun olmadığını dəqiq bilir və onun rəhbərləri ilə görüşməyə ehtiyac duymur. Radikal müxalifətin sadəcə hay-küy qaldırmaqla məşğul olduğunu, onların Azərbaycanda sosial dayağının olmadığını hər kəs dərk edir. Bu, radikal müxalifətin Azərbaycandakı mövqeyinin və ona olan beynəlxalq münasibətin hansı səviyyədə olduğunu bir daha göstərdi. Nə isə, deməli, bu dəfə də radikal müxalifətin gözü yolda qaldı. Amma bu xeyirsiz gedişlə gözü yol çəkən müxalifətin ümidləri də yavaş-yavaş tükənir.


Cabir

Digər xəbərlər