PDF Oxu

Köşə

  • 1 146

SOĞAN GÖYNƏRTİSİ VƏ ODSUZ TÜSTÜ

SOĞAN GÖYNƏRTİSİ VƏ ODSUZ TÜSTÜ

El arasında iki dənə bir-birinə uyğun, çox işlənən və daha dəqiq desəm, bir-birini tamamlayan məsələlər var. Onlardan biri "soğan yeməmisən, için niyə göynəyir", digəri isə "od olmasa, tüstü çıxmaz" kəlamlarıdır. Və mən bu kəlamları elə-bələ yada salmadım. Çünki səbəbi var. Səbəbi isə bu günlərdə "Qarabağ Azadlıq Təşkilatı"nın sədri Akif Nağının siyasiləşmiş QHT-lərlə bağlı işlətdiyi haqlı ifadələridir. Yəni o, iddia edib ki, Azərbaycanda fəaliyyət göstərən bir çox QHT-lər ölkənin milli-dövlətçilik maraqlarını xarici dairələr qarşısında xəyanətkarcasına satırlar. Düz sözə nə deyəsən axı?

"QAT" sədrinin sözlərinə daha yaxın kontekstdən baxaq. Məsələ ondadır ki, bölgədə səfərdə olan Avropa Birliyinin (AB) prezidenti Herman Van Rompey Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra keçirdiyi brifinqdə Qarabağ münaqişəsinə dair açıqlamalar verib və vətəndaş cəmiyyətinin münaqişələrin nizamlanmasında mühüm rol oynadığını deyib. AB rəhbəri bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə danışıqlar vətəndaş cəmiyyətinin, xalqların tam iştirakı olmadan pozula bilər. Yaxşı fikirdir, necə deyərlər pək əla!

Amma Dağlıq Qarabağın Azərbaycana qaytarılmayacağı ilə bağlı bəzi Qərb dairələrində bir əminlik olduğunu deyən "QAT" sədri hesab edir ki, bunu hər bir Azərbaycan vətəndaşı bilməlidir. A.Nağının fikrindən görünür ki, həmin sözügedən bəzi Qərb təşkilatları müxtəlif variantlarla Azərbaycanı bu reallıqla barışmasını arzulayırlar ki, bu da mümkün deyil və ola bilməz: "Onlar Azərbaycana gələndə elə təşkilatlarla təmasda olurlar ki, istədikləri xətti Azərbaycanda yeritsinlər. Onlar Azərbaycanın milli maraqlarına yad olan, zərbə vuran, hətta xəyanət xarakterli siyasət yürüdən qeyri-hökumət təşkilatları ilə görüşürlər".

Bəs hansılardır həmin QHT-lər? Bunu bilmək elə də çətinlik törətmir. Məsələn, Eldar Zeynalovun, Arif Yunusovun, Leyla Yunusovanın və digər bu kimilərinin fəaliyyət sistemləri məhz A.Nağının irəli sürdüyü haqlı ittihamları üzərində qurulub. Amma onların biri də "Hərbçi Jurnalistlər" ictimai birliyinin rəhbəri Üzeyir Cəfərovdur. Qısaca xatırlatma edim ki, bu, həmin Ü.Cəfərovdur ki, "Azadlıq", "Yeni Müsavat" kimi qəzetlərin səhifələrində "hərbi ekspert" kimi çıxış edir və istədiyi anti-Azərbaycan meyilli "araşdırmalarını" adları çəkilən mətbu orqanlarda yerləşdirir.

Bu adam da yuxarıda adları çəkilən siyasiləşmiş QHT rəhbərləri kimi Qərb siyasi dairələri qarşısında minbir oyundan çıxıb. Çünki o da xəyanətkarlıqlar müqabilində qrantlar qazanmaq eşqindədir. Ona görə də A.Nağının ittihamlarına da məhz digərləri deyil, şəxsən özü cavab verib. Məsələn, etiraf edib ki, dəfələrlə beynəlxalq təşkilat rəhbərləri ilə görüşlərdə iştirak edib. Hətta onu da deyib ki, beynəlxalq təşkilatlar Azərbaycanda özləri üçün yaxşı iş yeri tapıblar. Bunun müqabilində Ü.Cəfərov kimiləri də pis dolanmırlar. Amma insafən deyim ki, Ü. Cəfərov bununla belə müəyyən maraqlar çərçivəsində Azərbaycanın mənafeyini beynəlxalq qurumlara tənqid formasında (maraqlıdır, bəlkə təhqir də etsinlər? -R.) çatdıran şəxslərin də olmasını istisna etmir.

Lakin bu andaca məni bir nüans düşündürürür. Düşünürəm ki, A.Nağı məlum açıqlamasını verərkən, həqiqətən də, heç bir ad çəkməyib. Maraqıdır, əgər Ü.Cəfərov soğan yeməyibsə, hansı məhfum onun içini göynədir, yaxud da odu yoxdursa, tüstüsü haradan və niyə çıxır?

RÖVŞƏN

Digər xəbərlər