PDF Oxu

Köşə

  • 1 214

Mərəz və qərəzin qovşağında

Mərəz və qərəzin qovşağında

Bəzilərini belə bir məsələ düşündürür ki, iki onillik ərzində ciddi bir uğura imza ata bilməyən müxalifətçilər nə səbəbə fəaliyyətlərini dondurmurlar? Sualın bu cür qoyuluşu tamamilə məntiqəuyğundur. Onlar ötən dövr ərzində cəmi bir dəfə hakimiyyət sükanının arxasına keçdilər və cəmi bir ilə ölkə iqtisadiyyatını çökdürdülər. Bundan sonra "Davam, yoxsa tamam?" sualının cavabı "Tamam!" olmalı idi. Amma gəlhagəlli "Davam!.." səngimək bilmir ki, bilmir.

Səbəb məlumdur. Artıq 20 il ərzində müxalifətçilik lüzumsuz vərdişə çevrildi. Bu pis vərdiş də yavaş-yavaş iş və ya fəaliyyət növünə, yəni peşə xəstəliyinə çevrilmişdir. İndi müxalifətçilər onu, istəsələr də, dayandıra bilməzlər. Bunun da iki səbəbi var: birincisi, müxalifətçilər və onların liderləri hər hansı bir iş görmək qabiliyyətini itiriblər. Yəni əllərindən yalnız müxalifətçilik gəlir. İkincisi və daha vacibi isə budur ki, onları bu mərəzə yoluxduran qüvvələr var.

Mərəz dedim, yadıma qərəz düşdü. Bəli, mərəzə yoluxduranlar çox qərəzli zatdırlar. Onlar daxili və xarici törəməli qüvvələrdir. Daxili qüvvələr Eldar Namazovun başçılıq etdiyi reneqat ziyalılardır ki, onlar Pənah Hüseynovdan qalma "ideyalar generatoru"nu işə salmaqla müxalifətçiləri başa salmaq istəyirlər ki, mövqelərində qətiyyətli və dönməz olsalar, xarici qrant selində üzəcəklər. Xarici qüvvələr isə reneqatların güvəndikləri Qərb bosslarıdır. Xarici qüvvələrin qərəzləri daxilindəkindən qat-qat artıqdır. Çünki biri yalnız cəfəng ideya ixrac etdiyi halda, o biri nəqd qrant ixrac edir.

Yəqin indi aydın oldu ki, bu cür mərəzə yoluxan müxalifətçilər nə səbəbə raşot alıb işdən çıxmırlar. Onların cəmiyyətində mərəz və qərəz bir-birilərini tamamlayır. Bunlar həm də yoluxuculuq qabiliyyətinə malikdirlər. Mərəzi olanda qərəzin, qərəzi olanda isə mərəzin dozası artır. Arada qrant-mrant da olanda, müxalifətçilərin çöhrələrində təbəssümə bənzər bir hiss oyanır.

Dərd dərd üstə gələndə, bir dərdin ağrı-acısı unudulur. Ancaq nə mərəz öz yoluxuculuq qabiliyyətini itirir, nə qərəzkarlıq şkalasının göstəricisi dəyişir. "Demkonqres"dən "SİDSUH"a, "SİDSUH"-dan "DSİ"-yə mərəz və qərəz göstəricisi həmişə sabit qalıb. "İP"-də də heç nə dəyişkənliyə uğramayıb. Yəni əvvəllər iş hansı ətalət həddində davam edirdisə, "İP"-də indi də həmin hədd qorunmaqdadır. Yəni "palata" yarandığı gündən bu günədək bir addım da olsa irəliləyiş əldə edilməyib. Ancaq yenə də yaşayır və nəfəs alır. Yəni onu zorla ayaq üstə saxlayırlar ki, "İP"-in ünvanına gələn vəsaitləri mənimsəsinlər.

"İctimai Palata" indiyədək iki lider - İsa Qəmbərov və Əli Kərimov tərəfindən idarə olunurdu. Ötən müddət ərzində hökm sürməkdə olan ətalət kötüyünü sürüyüb kənara atmaq məqsədilə, vahid namizəd məsələsini ortaya atıblar. İkihakimiyyətlikdən təkhakimiyyətliliyə keçid isə ağrısız ötüşmür. Heç bir tərəfin o birinə güzəştə getməyəcəyi məlumdur. Hər iki tərəfin mərəz və qərəzi son həddə gətirilmişdir. "İP"-in qapanacağı gözlənilir.

Sonra nə olacağı isə aydındır. İsa Qəmbərov Müsavatına, Əli Kərimov isə "Yurd"una çəkiləcək. Burada isə qırğın qopacaq. Yetkililər qurultay keçirmək tələblərini daha da çoxaldacaq, sədrlər isə vaxtı uzatmağa çalışacaqlar. Nə qədər uzatsalar da, əvvəl-axır qurultay keçirmək üçün geniş zalı olan bina tapılacaq. Sədrlərin liderlərə çevrilmə ehtimalları yüksəkdir. Təvəkkül Allaha!..


Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər