Əslində, diqqət yetirsək, görərik ki, müxalifət deyilən mövcudsuzluğun bulaşdığı xəstəliklər sindromuna son vaxtlar biri də əlavə edilib. Həmin sindrom yuxugörmə sindromudur ki, onlar gecə yatıb yuxularında gördüklərini səhəri gün dərhal gerçəklik kimi qələmə verirlər. Hətta açıqlamalar və bəyanatlarla çıxışlar edirlər ki, bəs yuxumda gördüyüm hər nə isə, əslində, reallıqdır. Lap "Bağdad oğrusu" filmində olduğu kimi. Belə ki, öz qızını Ələddinə vermək istəməyən padşaha deyirlər ki, əslində, onun gördükləri hər şey yuxudur. Yəni Ələddini öz qızının yanında görsə. Padşah heç də ona müdaxilə etməsin. Hətta bu minvalla kasıb Ələddinlə padşah qızı Budura toy da edirlər.
Amma bu nağılın müasir standartı artıq ölkə müxalifətində var-gəl edən rəhbərlərə də kifayət qədər sirayət edib. Məsələn, "Eurovision" öncəsi Azərbaycanda süni şəkildə hay-küy salmağa cəhd göstərən "İctimai Palata" yetkililəri bir-iki dənə uğursuz mitinq keçirdikdən sonra, "ACP" lideri Rəsul Quliyev öz yuxusunu çin edəcəyini düşünərək, deyib ki, küçələrə 10 minlərlə adam çıxaracaq. Ancaq nə bu oldu, nə də o. Yəni R.Quliyevin yuxusu çin çıxmadı.
Və maraqlıdır ki, bu gün R.Quliyevin liderlik etdiyi partiyaya yenicə sədr seçilən keçmiş müsavatçı Sülhəddin Əkbər öz yerini isti etməkdən ötrü elə bir yuxusunu çin etmək iddiasında bulunub ki, həmin yuxunun çin olması, ümumiyyətlə, mümkün deyil. S.Əkbər "Yeni Müsavat" qəzetinə açıqlamasında "ACP"-yə gizlicə keçən hakim Yeni Azərbaycan Partiyası üzvlərinin olduğunu bildirib. Eyni zamanda, o da maraqlıdır ki, kimlərin YAP-dan "ACP"-yə keçdiyini nədənsə açıqlamayan partiya sədri dediklərinin guya "real" olduğunu bildirib. Oxunu atıb yayını gizlədən "ACP" sədri bu yuxusuna o qədər aludə olub ki, daha nə sərsəmlədiyini belə unudub. Adama deyərlər ki, ay Sülhəddin, əgər sən həqiqətən də, demokratik təfəkkürlü insansansa, nəyə görə xalqın informasiya almaq hüququnu əlindən alaraq, partiyana keçən şəxslərin adlarını açıqlamırsan? Görünür, həmin xəstəlik sindromuna bulaşmış "ACP" sədri bir vaxtlar "İctimai Palata"nın reallaşdıra bilmədiyi yalanları öz təbirincə reallaşdırmağa cəhd göstərib. Xatırladın ki, "İP"-in sahibləri də bir zamanlar orada guya YAP-çıların cəmləşdiyini iddia edirdilər. Amma sonradan həmin iddiaların da sadəcə yuxu olduğu önə çıxdı. Ona görə də S.Əkbərin öz yuxusunu qarışdırması onun başını əməllicə şəkildə gicəlləndirib.
"ƏLLƏRİNDƏ BELƏ BİR FAKT VARSA, BUYURUB ORTAYA QOYSUNLAR"
Ancaq YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da S.Əkbərin dediklərini uydurma adlandırıb. Yəni həmin iddianın yuxugörmə sindromundan o tərəf getmədiyi məlum olub. Mübariz Qurbanlı açıqlamasında bildirib ki, YAP-dan kimsə başqa bir partiyaya, o cümlədən, "ACP"-yə keçməyib və bu iddialar yalan, böhtan və şayiədir: "YAP-dan kimsə başqa partiyaya keçməyib və bu, heç gözlənilmir də".
Sözsüz ki, Mübariz müəllim daha relevant arqumentlə çıxış edərək, tələb edib ki, əgər kimlərsə YAP-ı tərk edərək, "ACP"-yə keçibsə, həmin şəxslərin adlarını açıqlasınlar: "Konkret adların açıqlanmamasının əsas səbəbi ortada faktların olmaması ilə bağlıdır. Əgər əllərində belə bir fakt varsa, buyurub ortaya qoysunlar. Konkret adlar çəksinlər, yoxsa əfsanələr uydurmasınlar".
Sonda isə bir xitabı vurğulamaq istərdim ki, ya yuxu, ya nağıl, ya əfsanə, ya da mif kimi anti-analogiyalarla cəmiyyətin başını qatmaq istəyən S.Əkbər yaxşı olardı ki, öz şakərini özünə yeni lider seçdiyi R.Quliyevin kitabları üzərində öldürsün. Çünki R.Quliyevin belə zadlarla arası yaxşıdır. Amma məsləhətim ondan ibarətdir ki, "ACP" sədri hər şeyi, hətta yuxularını da aşırı dərəcədə görməsin. Bu, ona ziyandır. Belə yuxular heç vaxt çin olmur.
RÖVŞƏN