PDF Oxu

Köşə

  • 988

Partlayış

Partlayış

Müxalifət daxilində birincilik savaşı özünün pik həddinə çatıb. Söhbət "İctimai Palata"nın vahid namizədliyi üstündə gedən didişmədən gedir. "Palata" yetkililəri məlumatı qəzetlərin şişirtmələri kimi qiymətləndirirlər. Od olmasa, tüstü çıxmaz demişlər. "İP" yetkililəri ağızlarını bütöv saxlasalar, cüzi şayiənin də yayılmasına yol verilməzdi. "Palata" isə ilməsi qaçmış cırıqağızlarla doludur. Hamısının da öz maraqları var. Burada ümumi mövqedən, bir nöqtəyə vurmaqdan danışsalar da, hər bir "İP" yetkilisinin qəlbində iblislər yatır. İblis də ki, elə bir bədzatdır ki, Allah eləməsin ki, oyansın. O ki yatdı, deməli, "palata"da itlə pişik qol-boyun olacaq, qurdla quzu bir çəmənlikdə otlayacaq, Əli ilə İsa o qədər mehriban olacaqlar ki, bu deyəcək mən ölüm, keç əyləş vahid namizəd kürsüsündə, o da cavabında deyəcək ki, özüm ölüm, razılaşmaram, o post sənin razmerindədir. Ancaq "palata" iblisi heç vaxt yatmır və həmişə oyaq qalır...

"Palata"da sakitliyin hökm sürdüyünü deyənlər yanılırlar. Burada ağız deyəni də qulaq eşitmir desəydik, böyük səhvə yol vermiş olardıq. Çünki "İP"-də böyük hərc-mərclik hökm sürməkdədir. İsa Qəmbərov və Əli Kərimov qurumun birincisi olmaq iddiasından əl götürməyib. Hələ ki, dilə gətirilməyən psixoloji mübarizə gedir. Bu külbaşlar bir sədr kimi öz partiyalarında nüfuzlarını itirməkdədirlər. Onların qurultaylarında sədr seçilmələri sual altındadır. Hələlik, başlıca məqsədləri partiyalarında birincilik statuslarını bərpa etməkdir, sonra sırada "palata" birinciliyidir.

Göründüyü kimi, bu gün "İP"-də İ.Qəmbərov və Ə.Kərimov arasında psixoloji mübarizə gedir. Bu, çox uzun sürəcəkdir. Heç biri də lal sükutu pozmaq istəmir. Bu səbəbdən, "palata"da canlanma müşahidə edilmir. Burada heç bir iş görülmür desək, yanılmarıq. Bu sükutdan süqut qoxusu gəlir. Bu lal sükut xəmirinin hələ çox su aparacağı gözlənilir.

"Palata"da hökm sürən sükutu Rəsul Quliyev pozmağa cəhd etdi. O, fərasətsiz Vaqif Mahmudovu qovub, "ACP" sədri postuna Sülhəddin Əkbəri təyin etdi. Bu gözünə döndüyüm S.Əkbər də Ə.Kərimovla gizli danışıqlara başladı. R.Quliyevin başlıca fikri İ.Qəmbərov və Ə.Kərimovla bərabər "palata"nın eyni hüquqlu lideri olmaqdır. Hüquqsuz lider heç bir gülə də dərman deyil.

"Palata"da hələ "ikitirəlikdir". Ə.Kərimov və İ.Qəmbərov "ikitirəliyi"... Elə ki, R.Quliyev onlara qoşuldu, "palata"da "üçlük" yaranacaq, yəni "trio". "Trio"nun yaranacağı təqdirdə, nə baş verə bilər? Bu yerdə keçmişə bir baxış yerinə düşərdi. "Demokratik Sabitlik İttifaqı" ("DSİ") dönəmində qurum "dördlüy"ünün London danışıqları zamanı, Ə.Kərimov və R.Quliyev E.Məmmədovu dəstəkləyib "trio" təşkil etmişdilər. Təklikdə qalan İ.Qəmbərov Rəsul bəyi kölgə kabinetindəki baş nazir postuna dəvət etdikdən sonra "DSİ"-də "ikitirəlik" yarandı. R.Quliyev bu hadisəni yaxşı xatırlayır və o, bir daha İ.Qəmbərov cinahına keçməyəcək. Ölmüşdü Xankişi!..

"Palata"da yeni trionun yaranacağı təqdirdə, R.Quliyev Ə.Kərimovu dəstəkləyəcəyini vəd edir. İ.Qəmbərov da qazdan ayıq, dovşandan şəkkakdır. Odur ki, daş atıb başını tutur ki, R.Quliyev okeanın o tayından bu tayında qədəm qoymasın, vəssalam. Gəlsə də, gəlməsə də, R.Quliyev artıq "palata" fişənginin fitilinə od qoymağa nail olmuşdur. İndi söz partlayışındır.

Məgər Ə.Kərimov-R.Quliyev cütləşməsi "ACP" və "DGUMH" liderini qane edirmi? Əlbəttə, etmir. Bəs nə səbəbə R.Quliyev buna can atır? İştaha dil altında olar, deyiblər. Rəsul bəy ata minənədək eşşəklə kifayətləndiyini göstərir. Bu mərhələnin uğurundan sonra, yəqin ki, R.Quliyev Ə.Kərimovun çiynində "palata" birincisi olmaq istəyinə düşəcəkdir. Ə.Kərimovu isə pulla susdurmaq çox asandır. Çünki bu adam pul müqabilində R.Quliyevə "rəsullalah" deməyə qadirdir.


Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər