PDF Oxu

Köşə

  • 733

Həlli düyünə düşən problem

Həlli düyünə düşən problem

Müxalifət öz iradəsi ilə yox, Qərbin sifarişi ilə prezident seçkilərinə qoşulacağını bildirib. Ölkəmizdə keçirilən bütün seçkilərdə çox cüzi faiz səs qazanmalarına baxmayaraq, növbəti seçkilərə hazırlaşmağı özlərinə rəva görürlər. Heç bir ölkədə bu cür sırtıq müxalifət yoxdur. Atalar məsəlində "utanmasan, oynamağa nə var?" deyilir. Bunlar növbəti prezident seçkisində də yüksək səs qazanmayacaqlarını bilirlər. Ancaq yenə də seçkilərə getməyə üstünlük verirlər. Atalar məsəlində deyilən mənaya uyğun olaraq deməli olsaq, bizim müxalifətçilər seçkidə iştirak etməkdən utanırlar, ancaq yenə də getmək qərarı verirlər. Nəticənin uğursuzluğuna heç bir şübhələri yoxdur. Ancaq neyləsinlər, bu binəvalar demokratiya dalğasında özlərini işə salıblar. Üzləri gülməsə də, özlərini şən göstərməyə çalışır, bədbin olsalar da, üzlərində süni təbəssüm yaradırlar. Bir növ seçkilərə istəməyə-istəməyə, əlacsızlıqdan gedirlər.

Növbəti mərhələdə şər və böhtan kampaniyalarını işə salmalı olacaq və bunu "şər deməsən, xeyir gəlməz" məsələsi ilə sığortalayacaqlar. Ancaq hələ ki, prezident seçkilərinə gedəcəkləri "İctimai Palata"da "vahid namizəd" məsələsinə münasibətdə status-kvonun qorunduğunu bəyan edirlər. Bu da "vahid namizəd"in müəyyənləşdirilməməsi mənasını verir. Bunun yalan məlumat olduğunu deyən "İP" funksionerləri də var. Bu yerdə atalarımız "yalan ayaq tutar, amma yeriməz" demişlər. "İP"-çilərin yalanları isə baş alıb getməkdədir. Bunlar o qədər yalan toqquşduracaqlar ki, son anda "palata"larının yandığını heç kəsə sübut edə bilməyəcəklər.

Aldığımız məlumata görə, artıq "İP"-in prezident seçkilərinə "vahid namizədi" müəyyənləşib. Ancaq onun adını açıqlamağı lazım bilmirlər. Ancaq unudurlar ki, onsuz da nə vaxtsa namizədin kimliyini açıqlamalıdırlar. Həm də gizli iş şayiələrin yaranmasına səbəb olur. Müxalifətin də informasiya mənbəyini, əsasən, şayiələr təşkil edir. Ancaq "İP"-in başqa mənbəsi status-kvonun saxlanmasının doğruluğunu təsdiq edir. Onun məlumatına görə İsa Qəmbərov və Əli Kərimov iki əfi ilan kimi bir-birinin üzünə fısqıraraq, vahid namizədlik üstündə mübahisələrini daha da dərinləşdirirlər.

Atalarımız "cidanı çuvalda gizlətmək olmaz" deyiblər. Biz də etibarlı mənbələrdən öyrənmişik ki, müxalifətin heç bir gizli planı yoxdur. Olsaydı da, biri-birinin acığına düşüb, onu çoxdan faş etmişdilər. Həm də ötən iki onilliyin təcrübəsi göstərir ki, müxalifət hər hansı blokun vahid namizədini müəyyənləşdirməyə müvəffəq olmayıb. Necə deyərlər, bağ mənimdirsə, kəramətini də yaxşı bilirəm. Bunlar hələ elə bir sivil səviyyəyə gəlib çatmayıblar ki, problemlərini də sivil formada həll etsinlər. Ətövbə, etməzlər...

Bunların vahid namizədliyinin həlli məsələsi qurdla qalıb qiyamətə. Bu isə, o deməkdir ki, məsələ hətta növbəti iki onillikdən sonra da həll edilməmiş qalacaq. Səbəbi isə məlumdur. Vahid namizəd "İctimai Palata"nın yeganə başçısı deməkdir. Yeganə başçı isə xaricin maliyyə dairələrinin diqqətində olur. Müxalifət birinciləri isə, hətta müavinləri ilə də ədalətli pul bölgüsü prinsiplərinə riayət etmirlər. Demokratiya, plüralizm kimi ifadələr isə gəlişigözəlliklərini saxlamaqdan uzağa getmir. Bizim müxalifət daxilində vahid lider sahibkar, investor, inhisarçı və mülkədar kimi bir şeydir.

İ.Qəmbərov və Ə.Kərimov da "İctimai Palata"da iki lider kimi oturub, hər biri də umduğu Qərb bosslarından küsür ki, nə üçün seçimlərini məhz onun üstündə saxlamayıb. Mübarizənin bu cür kəskin tərzdə getdiyi bir vaxtda "İP"-in vahid namizədinin müəyyənləşəcəyini gözləmək yersiz olardı. İndiki halda, nə İ.Qəmbərov, nə də Ə.Kərimov öz ayranına turş deməklə, özünü birincilikdən məhrum etməyəcək. Problemin həlli isə növbəti prezident seçkisinə ötürüləcək. Bir sözlə, bu sevda baş tutan deyil və onu gündəliyə gətirmək tərəflərin maraq dairəsindən kənardır.

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər