Dünyanın ən möhtəşəm idman tədbirlərindən biri olan XXX Yay Olimpiya Oyunları başa çatdı. Londonun ev sahibliyi etdiyi oyunlarda Azərbaycan idmançıları da böyük uğurlara imza atdılar. Ölkənin idman tarixində yeni bir rekorda imza atıldı və idmançılarımız 10 medalla vətənə döndülər. Sözsüz ki, qazanılan uğurların arxasında dövlətin, ölkə Prezidenti İlham Əliyevin idmana, gənclərə göstərdiyi diqqət və qayğı dayanır.
Amma qazandığımız qələbələr, göstərdiyimiz yüksək nəticələr nədənsə bəzilərinin ölkəmizə qarşı qərəzli və qeyri-obyektiv münasibət göstərməsinə səbəb olur. Onlar dövlətimizin nüfuzuna zərbə vurmaq, uğurlarımıza kölgə salmaq üçün hər cür çirkin vasitələrə əl atırlar.
Xüsusilə, Azərbaycan boksçusu Məhəmməd Abdülhəmidovun qələbəsi əlindən alındıqdan sonra qərəzli iddiaların sayı daha artdı. Mübarizəyə 1/8 final mərhələsindən başlayan idmançımız yaponiyalı Şatozi Şimizuya ilə görüşdə qalib elan olunsa da, təşkilatçılar sonradan nəticəni ləğv etdilər.
Bu hadisədən sonra ölkəmizə qarşı hər zaman qərəzli mövqe tutan BBC üçün "gün doğdu". Əlinə düşən fürsətdən maksimum yararlanan kanal yaydığı məlumatda bildirdi ki, Azərbaycan Boks Federasiyası (ABF) Beynəlxalq Həvəskar Boks Federasiyasına (AİBA) 10 milyon dollar rüşvət verib. Bunun qarşılığında isə AİBA iki azərbaycanlı boksçunun London Olimpiadasında 2 qızıl medal qazanmasına şərait yaratmalı idi.
Hərçənd ki, oxşar xəbərlər hələ ötən il də bu kanal tərəfindən yayımlanmışdı. Ötən ilin sentyabrında "BBC Newsnight" proqramında Azərbaycanın Ümumdünya Boks Seriyasına (WSB) gizli olaraq milyonlarla dollar ödənməsi ilə bağlı məlumat yayılsa da, AİBA tərəfindən yaradılan xüsusi qrupun araşdırması nəticəsində iddiaların əsassız olduğu üzə çıxmışdı.
Bu dəfə olimpiadada iki azərbaycanlı boksçunun 1/4 finala vəsiqə qazandıqdan sonra BBC yenidən qalmaqallı mövzunu gündəmə gətirdi. Kanal bəyan etdi ki, Teymur Məmmədovla Məhəmmədrəsul Məcidovun 1/4 finala çıxması guya onların yaydığı informasiyanın əyani sübutudur.
BBC-nin gülünc iddialarına münasibət bildirən AİBA prezidenti dr. Çing-Kuo qeyd etdi ki, AİBA-nın Azərbaycandan Londonda keçirilən Olimpiya Oyunlarında iki qızıl medal almasına görə, 10 milyon dollar rüşvət alması ittihamları doğru deyil və mən BBC-nin bunu yayımlamasından təəssüf edirəm və yaxşı məşq etmiş iki Azərbaycan boksçusunun karyerası bu ittihamlarla zədələnib.
AİBA, həmçinin, BBC telekanalını məhkəməyə verib. Ümid edirik ki, AİBA-nın açdığı məhkəmə də öz bəhrəsini verəcək və sözügedən telekanal yaydığı mənasız informasiyalara görə layiqli cəzasını alacaq.
Belə bir məsəl var: "Görünən kəndə bələdçi lazım deyil". BBC növbəti cəhdi ilə hansısa məqsəd güdürdü. Onlar həm idmançılarımıza psixoloji cəhətdən təzyiq göstərib, onların daha yaxşı uğur qazanmasına mane olmaq, həm də Azərbaycanın imicinə beynəlxalq aləmdə böyük zərbə vurmaq üçün ciddi-cəhdlər göstərdilər. Amma yaydıqları gülünc məlumatların təsdiqini tapmaması da belə bir telekanal üçün ən böyük biabırçılıqdır. Axı azərbaycanlı boksçular nəinki qızıl, heç gümüş medal da qazana bilmədilər. Həm Məcidov, həm də Məmmədov yarışları bürünc medalla tərk etməli oldu.
Ümumiyyətlə, son illər təkcə BBC deyil, bəzi beynəlxalq təşkilatların, hətta onlara dəstək verən sapı özümüzdən olan baltaların Azərbaycan haqqında yaydığı məlumatlarda qərəz və qeyri-obyektivlik ənənəvi hal alıb, ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq cəhdləri güclənib. Onlar nəinki idmanımıza, eləcə də, ölkəmizdəki bütün proseslərə eyni münasibətlə yanaşır. Ölkəmizdə keçirilən seçkilərə, digər kütləvi tədbirlərə öz maraqları çərçivəsində yanaşanlar bununla bir məqsədə xidmət etdiklərini göstərirlər. Bu isə anti-Azərbaycan mövqeyidir. Azərbaycanın uğurlarını gözü götürməyən istər ölkənin daxilində, istərsə də xaricindəki qüvvələr belə ucuz yollara əl atmaqla, yalan vasitələrlə ölkəmizin imicinə xələl yetirməyə çalışırlar. Ancaq budəfəki əsassız və yalan dolu cəhd də uğursuz alındı.
Cabir