Dövrünə, cəmiyyətinə xor baxan adam natamam və alayarımçıq olur. Atalarımız da "dad alayarımçıq əlindən" deyəndə, bu cür adamlardan ehtiyat etməyi məsləhət görürlər. Xalqından üz döndərib, dövlətçiliyinə xəyanət yolu tutan müxalifətdə də bu cür natamamlıq və alayarımçıqlıq kompleksi var. "Eurovision" mahnı müsabiqəsində bunlar bu cür cahanşümül tədbirin əleyhinə çıxırdılar. Şükür olsun Yaradanın birliyinə ki, əllərindən bir iş gəlmədi. Onlar XXX London Yay Olimpiya oyunlarında da idmançılarımızın məğlubiyyətini arzulayırdılar. Ancaq olimpiya təmsilçilərimiz onların arzularını gözlərində qoydu.Pekində 7 mükafata layiq görülən olimpiyaçılarımız Londonda 10 mükafat aldılar. Pekində bir olimpiya çempionumuz olduğu halda, Londonda onların sayı ikiyə çatdı.
"Eurovision" mədəniyyət, XXX London Yay Olimpiya oyunları isə idman sahəmizin möhtəşəm göstəriciləri idi.
Respublikamızda diqqət verilməyən sahə yoxdur. Bu və ya digər sahələrdə uğurlarımızın artması inkişaf və tərəqqimizə vüsət verir. Müxalifət isə uğurlarımızın az və nəzərəçarpmaz olmasını istəyir. Onlar yalnız bu cür şəraitdə qol-qanad aça bilir, Qərbdə öz niyyətlərini gerçəkləşdirməyə nail olurlar. Orada Azərbaycanın nailiyyətləri ilə sevinənlər olduğu kimi, uğursuzluqlarımızdan fərəhlənənlər də çoxdur. Bizim formalaşa bilməyən müxalifət qurumlarımız da məhz həmin qüvvələrlə həmrəylik nümayiş etdirməklə maliyyə vəziyyətlərini yaxşılaşdırmağa cəhd edirlər.
Bizim müxalifətin vəziyyəti 20 il əvvəl necə idisə, indi də təxminən elədir. Yəni "cırtdan" formasında dirçəlib artan partiya və siyasi qurumlar heç cür vahid bir mərkəzdə birləşməyə nail olmurlar. Əgər Müsavat və AXCP (i) "İctimai Palata" adı altında digər "cırtdanlar"ı öz tabeçiliyi altına salmaq istəyirsə, bu cür hegemonluğun cavabı dərhal verilir. Yəni İsa Qəmbərov və Əli Kərimovun boyunduruğu altına girmək istəməyənlər bu cür hallara qarşı sərt reaksiya sərgiləyirlər. Bu isə birləşmə və bloklaşma cəhdlərini ləngidir.
Əgər Rəsul Quliyev yaşının artması ilə əlaqədar narahatlıq keçirib, ilk sırada durduğunu hesab etdiyi "İctimai Palata"nın birinci pilləsini tutmaq istəyirsə, onun "DCUMH"-sinə və "ACP"-sinə alternativ birlik və blok çıxarırlar. Bununla da, ara qarışıb, məzhəb itir.
Atalarımız "niyyətin haradırsa, mənzilin də elə orayacan olacaqdır" demişlər. İndi R.Quliyevə xidmət edən Sülhəddin Əkbər "ACP"-si ilə, şair demişkən, "yel kimi cuma-cuma", "keçib hücuma". Deyilənə görə, artıq böyük bir qrup müsavatçını keçirib R.Quliyevin tərəfinə. Əlbəttə, onların heç biri R.Quliyevin qara qaşına və qara gözünə aşiq olmayıb. Hər biri, istisnasız olaraq, pul iyinə gedirlər. Pul isə bugünkü müxalifətin yaralı yeridir.
Bir neçə köhnə-küşkül, Nikolaydanqalma birlik və qurumların sırasına (Mirmahmud Fəttayevin "DUİ"-si, Akif Nağının "QAT"-ı və s.) Sərdar Cəlaloğlunun "Qarabağ" bloku da əlavə olundu. Nəhayət, o da adını adlara qoşdu. "Qarabağ" blokunun başlıca məqsədi R.Quliyev sindromunu müxalifət səhnəsindən silməkdir. Sərdar bəyin fikrincə, 2005-ci ilin qışında London-Binə aeroportu istiqamətində uçuş reysi həyata keçirən və qorxusundan Ukraynada yerə enən Rəsuldan Bakıya qayıdış gözləmək əbəsdir. R.Quliyev isə deyir ki, başlıca cəhət odur ki, mən "DCUMH"-ni və "ACP"-ni Bakıya ixrac etmişəm və pulu da mənə işləyən bir qrup şəxsə vermişəm ki, iş görüb, diş töksünlər. "İctimai Palata" təmsilçiləri isə özlərini ölkədə yeganə işgüzar qurum hesab edirlər. Ancaq bunu İ.Qəmbərov-Ə.Kərimov dueti vasitəsi ilə gerçəkləşdirməyə üstünlük verib, status-kvonu möhkəm-möhkəm qoruyub saxlayaraq, vahid namizədlərini elan etməyə tələsmirlər. Bu da prosesin ləngidilməsinə zəmin yaradır.
Valeh MƏHƏRRƏMLİ