Atalarımız "daldan atılan daş topuğa dəyər" demişlər. Son vaxtlar "ACP" lideri Rəsul Quliyev müəyyən etiraflarda bulunub. Bu etiraflardan biri onun bir vaxt "Demokratik Sabitlik İttifaqı" tərkibində Etibar Məmmədovu deyil, İsa Qəmbərovu dəstəkləməsi ilə bağlıdır. AMİP-də bu etiraf müsbət qarşılansa da, Müsavat onu əks-reaksiya ilə qarşılayıb. AMİP sədri Yusif Bağırzadə bu etirafın vaxtında edildiyini və bunun xüsusi əhəmiyyəti olduğunu bildirib. Müsavatın icra aparatının rəhbəri Arif Hacıyev isə R.Quliyevin peşmançılığını arxadan atılan daşın topuğa dəyməsi kimi xarakterizə edib, bu "gecikmiş etirafları" lüzumsuz və dəyərsiz etiraflar kimi başa düşüldüyünü bildirmişdir. AMİP tərəfindən daha bir neçə funksioner R.Quliyevi bu etiraflara görə alqışlamış, Müsavat və "İctimai Palata"nın bir neçə yetkilisi isə, onu yıxılıb süründürülməyə layiq bir şəxs kimi lənətləmişlər.
Alqış və lənətlərin sayı təxminən eyni olduğundan, qəbul və inkarın həddini müəyyənləşdirmək bir o qədər çətinlik törətməmişdir. Bununla da R.Quliyevin indiki müxalifət daxilində yeri müəyyənləşmişdir. Hələ ki, "İctimai Palata" onu qəbul etmir, digər qurumlar, yəni "Qarabağ", "Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı" isə onun keyfiyyət tərkibini yoxlamaqdadır.
İndi görək R.Quliyev etiraflarında məhz nəyi nəzərdə tutumuşdu? Söhbət 2008-ci il prezident seçkiləri öncəsi İsa Qəmbərov, Etibar Məmmədov, Əli Kərimov və Rəsul Quliyev "dördlüy"ündən ibarət "DSİ" üvləri özlərinə vahid namizəd seçmək üçün Londonda toplanmışdılar. Uzun sürən müzakirələrdən sonra liderlər ciddi fikir ayrılıqları ilə üzləşmişdilər. Son nəticədə, R.Quliyev və Ə.Kərimov sözü bir yerə qoyub, hər ikisi E.Məmmədovu dəstəkləmişdir. Təklikdə qalan İ.Qəmbərov hiylə niqabını üzünə taxıb, R.Quliyevin qılığına girməklə, onu öz tərəfinə çəkmək istəmişdir. İ.Qəmbərov R.Quliyevə xəbər göndərmişdi ki, onun tərəfinə keçəcəyi təqdirdə, onu təşkil etdiyi "kölgə kabineti"ndə baş nazir postuna təyin edəcək. Bu təklifdən sonra saqqızı oğurlanmış R.Quliyev E.Məmmədovu tərk edib, İ.Qəmbərovu dəstəkləməyi lazım bilmişdi. Hər iki tərəf bu qayda ilə prezident seçkilərində iştirak etsə də, uğur qazanmamışdı.
R.Quliyev məhz həmin dövrün saman içini eşələməklə, onu "İctimai Palata" həndəvərinə buraxmayan İ.Qəmbərov və Ə.Kərimovu dəstəkləmədiyini bildirməklə E.Məmmədovla blok yaratmaq niyyətində olduğunu demək istəmişdi. AMİP lideri də onu bu cəsarətinə görə alqışlayaraq, R.Quliyevin "ACP" və "DCUMH"-ini qəbul etdiyini bildirir. O, bununla kifayətlənmək fikrində deyildir. Necə deyərlər, E.Məmmədovun iştahası diş altında olduğundan, o, bundan sonra "İctimai Palata", "Qarabağ" bloku, hətta "DUİ", "QAT" kimi xırda birlikləri də öz tərəfinə çəkəcəyinə inanır. Əlbəttə, hamısı AMİP bayrağı altına toplaşıb, E.Məmmədovun vahid namizədliyini qəbul etmək şərti ilə.
Bütün müxalifət qurumların E.Məmmədovu dəstəkləyəcəyi nə dərəcədə realdır? Bayaq adlarını çəkdiyimiz qurumlarda hərc-mərcliyin hökm sürdüyünü və hər bir liderin plov qazanını öz tərəfinə çəkdiyi bir vaxtda E.Məmmədovun birincilik kürsüsünə qaldırılacağı inandırıcı görünmür. Mümkündür ki, hər bir birlik forması və blok seçkilərə öz namizədi ilə getsin. Bunu "İctimai Palata"dan başqa hər bir bloka aid etmək olar. "İctimai Palata"da isə İ.Qəmbərov və Ə.Kərimov arasında hər hansı razılığın əldə ediləcəyi ehtimalı sıfıra bərabərdir. "İP" liderləri zahirən mehriban görünsələr də, daxilən bir-birilərini gəmirib yeməyə də hazırdırlar. Ancaq əksər funksionerlər liderlərinin ümumi rəyə gələcəklərinə inanırlar. Kor nə istər, iki göz: biri əyri, bir düz. Ancaq bu, belə deyil axı. Necə deyərlər, inanan daşa dönsün!
Valeh MƏHƏRRƏMLİ