Qardaş Türkiyənin Qaziantep şəhərində baş vermiş qanlı-qadalı terror olayı növbəti dəfə insanları düşünməyə vadar etdi. Ancaq bu düşüncələr, təəssüf ki, elə düşüncə olaraq da qalmaqdadır. Çünki düşünərək, nəyi isə həll etmək mümkün olsa da, həmin düşüncələr əvvəl-axır üst-üstə də düşməlidir axı! Bax, məsələ də bundadır ki, dünyanın müxtəlif ölkələrində cərəyan edən bu kimi hadisələr fonunda irəli sürülən düşüncələr bir-birini tamamlasa da, nəticə olur bam-başaqa.
Məsələn, artıq uzun illərdir ki, erməni işğalına və həmin işğaldan doğan terrora məruz qalan Azərbaycan torpaqları bu gün də sözügedən aqibətdən qurtulmayıb. Nəticədə, erməni terrorçuları beynəlxalq təşkilatlar qarşısında istədikləri oyunbazlıqları edirlər. Təki həmin torpaqlar onların caynaqlarından kənara çıxmasın və orada istədikləri qanunsuzluqları, qara biznes əməliyyatlarını, narkotik ticarətlərini reallaşdırsınlar. Yəni bizim müqəddəs torpaqlarımız onlar üçün müqəddəs olmasa da, milyardlar qazanmaq üçün əlverişlidir. Və belə milyardlar təkcə Qarabağda deyil, dünyanın bir çox ölkələrində qazanılır. Dünya birliyi isə özünə lazım olanda dillənir, lazım olmayanda isə dillənmir. Bir sözlə, hər şey tamamilə başqa səmtdə inkişaf edir. Bu səmtin adı əfsuslar olsun ki, terrordur.
Türkiyədə belə terrorlar davamlı olaraq həyata keçirilir. PKK adlı çaqqal yuvasının 70-ci illərdən bugünlərədək Türkiyənin bütövlüyünə, dövlətçiliyinə qarşı çıxışlar etməsi qardaş ölkənin potensial inkişafına zərər vurmağa yönəlsə də, təşkilat buna müyəssər ola bilmir. Çünki Türkiyə cümhuriyyəti Atatürk kimi xalq öndərinin qurduğu cümhuriyyətdir və təməlləri də möhkəmdir. Türk xalqı millətindən asılı olmayaraq, bütövdür, dağılmaz və parçalanmazdır. Məhz bu amil PKK-nın arzuları üzərindən çarpaz xəttlər çəkib. Amma əfsus ki, bir daha təəssüfedici məqamlardan danışacağıq. Bu gün Türkiyədə milliyyəti kürd olan bir çox insanlar var ki, Türkiyənin milli dövlətçiliyi üçün canından-qanından keçiblər. Amma elələri də var ki, onlar Türkiyənin millət vəkilləridirlər, amma PKK terrorunu açıq-aşkar dəstəkləyirlər. Bax, elə anlaşılmayan da budur. Yəni Türkiyə demokratik, ayrı-seçimlilik olmayan dövlət siyasətini yürüdür, kürdlərlə yanaşı, digər millətlərin nümayəndələri millət vəkili seçilir və nədənsə, sonradan həmin millət vəkilləri terror yandaşlarına çevrilirlər. Lap bu günə qədər qapadılmış bir çox partiyaların təmsilçiləri də dağlara qədər çıxıb PKK-nın terror dəstələri ilə isti münasibət sərgiləyirlər, onların sözlərini TBMM-də ifadə edirlər, hətta və hətta Öcalan kimi qaniçən köpəyə "sayın" (hörmətli-R.) deyə müraciət edirlər (?!-R.) Və bu qədər demokratik tərzi dəstəkləməyən Avropa dövlətləri Türkiyənin AB-yə üzvlüyünü gecikdirirlər. Budurmu Avropanın demokratiyası? Yəqin belə "demokratiya" Avropa üçün daha məqbul imiş. Qoy sadə vətəndaşlar PKK-nın terror hədəfinə çevrilsinlər, Türkiyə isə AB qarşısında götürdüyü öhdəliklərə əməl etsin. AB-yə daxil olan ölkələrin bir çoxu isə cavab olaraq, qardaş və qonşu dövlətə bu cür münasibət bəsləsin. Türklərin dili ilə desək, PƏS, VALLAHİ!
Amma bu məsələnin başqa tərəfi də var. Bu gün Suriyada törədilən qətliamlar, terrorlar beynəlxalq nüfuzlu dairələr, hegemon dövlətlər tərəfindən qəti şəkildə pislənilsə də, Bəşər Əsəd rejiminə qarşı iqtisadi sanksiyalar tətbiq edilsə də, bütövlükdə qəti addım, lazımi addım atılmır. Və belə getsə, gündə yüzlərlə, həftədə isə minlərlə suriyalı qətlə yetirilərsə, həmin dövlətdə adam qalmayacaq. Qaçan qaçır, qaça bilməyən isə Əsədin qəzəbinə tuş gəlir. Və yenə də terror öz sözünü yürüdür. Əvəzində, Türkiyəyə qarşı müəmmalı İran mollaları çıxışlar edirlər. Məsələn, İran rəsmiləri "Ankara Suriyanın işinə qarışmaq əvəzinə, öz daxili məsələlərini həll etsin" deyə bəyanat səsləndirir. Bnunla da, terrorun yanında olduğunu açıqca şəkildə bildirir. Yəni Qaziantepdə terror baş verir, terrordan dərhal sonra İran belə bir açıqlama ilə çıxış edir. Burada da təəccüblənəcək heç nə yoxdur. Sadəcə, İranın işğalçı, terrorçu Ermənistanla, separatçı "DQR"-lə yaxın, isti və qohumluq münasibətləri belə düşünməyə vadar edir. Bunu da biz deməmişik ki? Sarkisyanı özünə qohum hesab edən İran prezidenti Mahmud Əhmədinejad deyib. Ona görə də, bu şəxsin timsalında İran rəsmilərinin Türkiyədəki terrora məlum münasibət bildirməsi, əslində, başadüşüləndir. Daha dəqiq desək, İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Şurasının sözçüsü Nakavinin Türkiyənin Qaziantep şəhərində baş verən terror aktına münasibət bildirərək, rəsmi Ankaranın qonşularına qarşı apardığı siyasəti gözdən keçirməyi məsləhət görməsi hər şeyi gün kimi aydın edir. Terror müəmması isə hələ də bəşəriyyəti "düşündürür". Bəs görəsən, bu qədər aşırı düşünmək ziyanlı deyilmi?
RÖVŞƏN