Mətbuatda Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun ofisində bir araya gələcək 15 partiya rəhbərinin birləşəcəyi haqqında məlumatların yayılması inandırıcı görünməsə də, bunun növbəti siyasi blef, hətta şou olması da diqqətdən yayınmır. Çünki bu günə qədər dəfələrlə müxalifətdə "üçlər", "beşlər", "səkkizlər", "onlar" kimi baş açılmayan birliklər mövcud olub ki, nəticədə, çox qısa müddətdən sonra onların bir-birlərindən düşməncəsinə ayrılmaları müşahidə olunub. Çünki bu, müxalifətin köhnə oyunu və köhnə şəbehidir.
ONLAR YENİDƏN YANILIRLAR
Ən maraqlısı da budur ki, müxalifət partiyalarının hər biri, böyüklüyündən, ya da "cırtdan"lığından asılı olmayaraq, daxili çəkişmələrdən yaxa qurtarmaq imkanında deyillər. Məsələn, kim deyə bilər ki, "Ümid"də hər şey öz axarı ilə gedir? Necə həqiqət təsiri bağışlaya bilər ki, ADP Hindistan qozu kimi parçalanmır? Nə təhər sübut oluna bilər ki, ALP-də ikitirəlik yaşanmır? Necə mümkündür ki, ALDP-də, "ACP"-də, AMİP-də, "sosdemlərdə", "Azadlıq"-da, VİP-də, VHP-də və kimlərdə- kimlərdə partiyadaxili siyasi durum ən yüksək səviyyədə inkişaf edir? Mən hələ Müsavatı, AXCP-ni, "KXCP"-ni demirəm! Əlbəttə ki, heç kim bunları deyə bilməz, onların özlərindən başqa. Onlar öz daxillərindəki problemlərini başqa partiyalarla "birləşməklə" həll edəcəklərini hesab etsələr də, çox güclü yanılırlar.
BƏS KONSTRUKTİVLƏR NƏYƏ GÖRƏ BİRLƏŞMİRLƏR?
Birincisi, ona görə yanılırlar ki, əldə edə biləmdikləri nailiyyətlərinin baiskarları məhz onların özləridir. Əgər ölkədə yaradılmış normal siyasi mühitdən ağılla-dərrakə ilə istifadə edə bilmək imkanını əldə etsəydilər, indi durub-durub, "birləşmək" haqqında baş sındırmazdılar. Məsəlçün, götürək ölkədə konstruktiv müxalifət partiyaları imicini qazanmış, ölkə ictimaiyyətinin baxışlarını az-çox ictimai müzakirələrə çıxarmağı bacaran, cəmiyyətdə xoşgörülü siyasi partiya təsirini bağışlayan BAXCP-nin, BQP-nin, "Yurddaş"ın və başqa bu kimi siyasi təşkilatların fəaliyyətlərini. Onların fəaliyyətlərində normal siyasi davranış kodeksləri mövcuddur və həmin partiyalar birləşmək üçün, koalisiya yaratmaq üçün bir dəfə də olsun bəyanat səsləndirməyiblər. Çünki buna ehtiyac yoxdur.
AZSAYLI ELEKTORAT NİYƏ ÇİRGİYİB?
Amma radikalizmə meyilli partiyaların, mütəmadi olaraq, "birləşmək" bağırtıları el-aləmi başına götürüb. Hətta müxalifətə meyilli azsaylı elektoratları da bütün bunlardan bezib, çirgiyib. Nəticədə, "15 partiya birləşəcək" bəyanatı əsassız olduğu qədər də istehza doğurur.
Özü də hansı məsələ ətrafında: 2013-cü il seçkilərinə hazırlıq məsələsi ətrafında (?!-M.) Çünki deyilən məsələ ilə bağlı "İctimai Palata"da təmsil olunan partiyalar da fikir bildirəcəkmişlər. Və burada nöqtə qoymaq lazımdır. Əgər "İP" parçalandığını etiraf edirsə, oranı inhisarlarında saxlayan iki partiya - Müsavat və AXCP ötən müddət ərzində "vahid superpartiya" kimi birləşə bilmədilərsə, nəticədə, düşmənçilik həddi artan xəttlə davam edirsə, yerdə qalan 15-i hansı dərdi yeyəcək?
MÜBARİZ