Atalarımız "qulaq gündə bir söz eşitməsə, kar olar" demişlər. "İctimai Palata"dan da gündə bir xəbər gəlməkdədir. Son xəbər vahid namizədlik üzərinə qoyulan embarqonun götürülməsidir. Yəqin qadağanın ləğvi bir çoxlarını təəccübləndirəcək. Çünki bir neçə gün əvvəl, Pənah Hüseynov vahid namizəd məsələsini "İctimai Palata"nın gündəliyinə çıxarması təklifi həqarətlə qarşılanmışdı. "İP"-çilər təklifin qəbulunun qeyri-mümkün olduğunu bildirmiş və bunu status-kvonun pozulması kimi dəyərləndirmişlər.
Onlar status-kvonun qoz kimi möhkəm və fısdıq kimi şümal və sürüşkən olduğunu vurğulamışlar.İndi isə xəbər yayılır ki, bu status-kvo çürük qoz kimi asanlıqla sındırılmaq üzrədir. "İctimai Palata" mənsubları deyirlər ki, İsa Qəmbərov və Əli Kərimov vahid namizədlikdən koordinasiya şurasının üzvü Pənah Hüseynovun xeyirinə imtina etməyə hazırdırlar. P.Hüseynov da, öz növbəsində, "İP"-in vahid namizədi titulunun ona təklif ediləcəyi təqdirdə, onu qəbul edəcəyini bildirib. Pənah bəyi dəstəkləyən və əleyhinə gedənlər də olub.Ancaq hələ status-kvo qorunub-saxlanılır və P.Hüseynovun məlum təklifi "İctimai Palata"ya yaxın buraxılmır, həm də xeyli gendə saxlanılır. Ancaq deyəsən, payız selləri status-kvo buzlarının əriməsi ilə nəticələnəcək. Bunu da, yəqin ki, yaxınlığından və uzaqlığından asılı olmayaraq, bütün problem və müşküllərin təbibi olan zaman göstərəcək. İnşallah, yaşayarıq görərik.ADP sədri Sərdar Cəlaloğlu yaratdığı "Qarabağ" blokunda yeganə həmkarı olan "Ümid" sədri İqbal Ağazadə ilə payız yuxusuna hazırlaşmaqdadır. Əslində, heyvanların bəziləri qış yuxusuna gedir. Fəaliyyətsiz qalan bəzi birlik və blok rəhbərləri isə elə yaşadıqları fəsildə yuxuya getmək məcburiyyətindədirlər. Atalarımız yay fəslini bol meyvə dövrü, payız fəslini isə "cücə sayımı fəsli" hesab edirlər. Ancaq "Qarabağ" blokunun payızda cücə saymaq imkanı məhduddur. Çünki nə yazda, nə də yayda kürt toyuq altına yumurta qoymayıblar. Odur ki, bekar-avara tərzdə əlləri qoyunlarında var-gəl etməkdədirlər.Ancaq 5-10 gün əvvəl Sərdar bəy özündə güc tapıb, 8 nüfuzlu müxalifət lideri ilə iftar süfrəsi arxasında siyasi müzakirə aparıb. O, təklif edib ki, dəvətlilər "İctimai Palata", "Qarabağ" bloku və "Müqavimət Hərəkatı"nı bir kənar qoyub, müxalifətin yeni və keyfiyyətli bir blokunu yaratmaq üçün yekdil rəyə gəlsinlər. Bilmirik xoşbəxtlikdənmi, bədbəxtlikdənmi "iftar 8-lər"i yekdil rəyə gələ bilmədilər. Yeganə təəssüf hissi keçirən də elə Sərdar bəy oldu. İndi o, İqbal bəylə nəsə yeni bir şey fikirləşir.Rəsul Quliyevin "Müqavimət Hərəkatı" daha çox üzvü olan qurumdur. Görünür, yığışanlar Rəsul bəyin dollarının iyinə yığışıblar. Bura bir növ "DUİ" məskəninə çevrilib. Burada Mirmahmud Fəttayevin "KXCP"-sini, Əhməd Orucun "Azadlığ"ını, Elşad Musayevin "VAP"-ını və əlbəttə, Sülhəddin Əkbərin "ACP"-sini görmək olar. Yeri gəlmişkən, qeyd etmək istəyirik ki, Sülhəddin bəyin istefa xəbəri yalan imiş.R.Quliyevin "hərəkatı"na yığışan "cırtdan" partiya sədrlərinin hərəkətə gələcəkləri realdırmı? Bu reallıq R.Quliyevə qol-qanad verəcəkmi? Düzü, "hərəkat" "dördlüy"ü "İctimai Palata"dan zəif təsir bağışlayır. Güclü olsaydı, Sülhəddin bəy elə orada bəyanatı bəyanata calayar, qılıncını sağa-sola yelləyirdi. Daha gedib iftar süfrəsinə qapı arxasından baxmazdı. Pənah bəyin "İP"-in vahid namizədi elan ediləcəyi təqdirdə, çox güman ki, bu titula iddialı olan Rəsul bəyin fısı yatacaq və daha bir prezident seçkisini okeanın o tayından seyr etməli olacaqdır. Görünür, onun tale nəsibi beləymiş. Boyundan artıq sıçramaq təşəbbüsü zədələnməklə nəticələnə bilərdi. İndi o, neyləyə bilər: yer qatı, 2018-ci il seçkiləri isə çox iraq...
VALEH MƏHƏRRƏMLİ