Əli Kərimov İsa Qəmbərovun istirahətə getməsindən istifadə edib, 2013-cü il prezident seçkilərinə namizədliyinin irəli sürüləcəyi təqdirdə, məmnuniyyətlə razılıq verəcəyini bildirmişdi. Onun bu ifadələrinin canına yel keçməmiş "16-lar" yeni qurum yaradıldığını elan etdilər. Ancaq bundan sonra İ.Qəmbərov dözüm nümayiş etdirə bilməyərək, seçkilərdə iştirak edəcəyi haqda bəyanat verməli oldu.Oxucularımızdan belə bir məsələ üzərində düşünmələrini xahiş edirik: "İctimai Palata"nın iki lideri bir-birilərindən azacıq aralandıqda nə səbəbə əsəbi bəyanatlar verir? Məgər "palata"da oturduqda, öz aralarında ümumi razılığa gələ bilməzlərmi? Bilirsiniz, bu, nəyə bənzəyir? "A teşti, teşti, teşti" uşaq nəğməsinə bənzəyir. Söhbət İ.Qəmbərovla Ə.Kərimovun iki dalaşqan xoruz kimi üz-üzə dayanaraq, "Birinci mənəm, dür-inci mənəm, qurumun ən şirini-nadinci mənəm və s." deyişdikləri təəssüratını oyadır. Uşaq nəğməsində deyildiyi kimi: "Azərbaycan teşti, teşti, teşti, vurdum Gilanı keçdi. İki xoruz dalaşdı, biri qana bulaşdı. Qan getdi çaya düşdü, çaydan göyərçin uçdu. Göyərçin-alabaxta və s."
İ.Qəmbərovla Ə.Kərimovun bəyanat mübadilələri təxminən bu "teşti-teşti"dən doğan mənanı verir. Hər halda, onlar özlərini müxalifət təmsilçiləri arasında rüsvay etdilər. İndi hamı "İctimai Palata"nın qoşa liderinə gülür. Bunlar isə, məqam axtarırmışlar kimi, uzun müddət "İctimai Palata"da sakitlik görüntüsü yaratdıqdan sonra, od püskürməyə başladılar. Bu da onların səviyyələrinin həddini göstərdi. Püskürdükləri od isə "İctimai Palata"nın çoxdan süqut etdiyini, ancaq "pişim-pişmilə" qorunduğunu aşkara çıxardı.
AXCP sədri və Müsavat başqanı başa düşmürlər ki, zorla ayaq üstə saxlanılan hər hansı qurumla çox da uzağa getmək olmaz. Vaxtında onun fəaliyyətini dayandırmasan, onsuz da bir gün yıxılmalıdır. Bir gün tez, bir gün gec... Tərəflərin yalandan bir-birilərinə gülümsəmələri yalançı sabitlik görüntüsü təəssüratı yaratmaq, daha dəqiq desək, ifrat yaltaqlıq əlamətidir.
Bu cür tərəfdaşlıq və əməkdaşlığın bir çürük qoza da dəymədiyi aydındır. Çürük qoz-fındığı isə qış ehtiyatı üçün saxlamırlar. Ancaq "İctimai Palata"nın süqutunu vaxtında elan etmək qurumun mütləq liderlərinə sərf etmirdi. Çünki yenisini yaratmamış köhnəni ləğv etmək bunların yaradıcılıq üsulu deyil. Həm də bunlar yeni bir qurum yaradanda, köhnənin fəaliyyətini dayandırmağı unudurlar. Bu yerdə "Demokratik Sabitlik İttifaqı"nın necə yarandığını xatırlamağınız kifayət edərdi. Əgər xatırlayırsınızsa, üzvlərinin sayı otuza yaxınlaşan "Birləşmiş Müxalifət Hərəkatı" buraxıldıqdan sonra "onluq" yaratmışdılar ki, indiki "KXCP" sədri Mirmahmud Fəttayev onun sıralarına daxil olmaqdan imtina etdiyi üçün doqquz üzvü olan olan "onluq" adını doğrultmadı. Təxminən yarım il sonra Müsavat, AXCP, AMİP və ADP liderləri Londonda bir araya gəlib, "DSİ"-ni yaratdılar. O vaxt ADP həmsədri Rəsul Quliyev idi. Ancaq bundan sonra "onluq" və "Müxalifətin Koordinasiya Mərkəzi" mexaniki olaraq fəaliyyətini dayandırmaq məcburiyyəti ilə üzləşdi.
Müsavatın təmsil olunmadığı "16-lar"ın yaranması İ.Qəmbərovu qıcıqlandırdığı üçün, o, Ə.Kərimovun bəyanatına bəyanatla cavab vermişdi. Əslində, "16-lar"dan çəkinməyə dəyməz. Çünki onun taleyi otuzadək üzvü olan "BMH"-ninkinin təxminən eyniyyətini təşkil edəcək. Çünki çoxsaylı üzvlər anlayacaqlar ki, konkret qərarlar qəbul etmək üçün üzvlərin sayını minimum həddədək azaltmaq lazımdır. "16-lar"ın yaranma zərurəti "İctimai Palata" "ikiliy"inə cavab gedişi kimi başa düşülməlidir. Başqa izahata ehtiyac yoxdur.
VALEH MƏHƏRRƏMLİ