Mərhum Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı qaldırılmış iddia yavaş-yavaş öz təsdiqini tapdıqca, AXCP-də yaranmış daxili təlaş da daha çox qabarmaqdadır. Yəni bu təlaşın nəyə görə baş verməsinin özü, deməyə əsas verir ki, Elçibəyi bilavasitə onun qondarma "varisi" iddiasında bulunan hazırkı "cəbhə" sədri Əli Kərimov zəhərləyib. Və hər halda, əgər belə olmasa idi, bu adamın (Əli Kərimovun-R.) yaxın ətrafı müxalifət mətbuatında "Əli Kərimli Elçibəyi zəhərləməyib" kimi müxtəlif səpgili açıqlamaları ilə çığır-bağır salmazdılar. Salırlarsa, demək torbada mütləq pişik var.
NƏYƏ GÖRƏ O VƏ ONUN ƏLALTILARI BU QƏDƏR TƏLAŞ KEÇİRİRLƏR?
Bu gün "cəbhə" sədrinin müavini Həsən Kərimov kimiləri YAP rəsmilərinin arqumentlərinə qarşı dırnaqarası arqumentlər qoymağa cəhd göstərirlərsə, hüquqi məsələni Ə.Kərimovun seçkiöncəsi dividendləri istiqamətində siyasiləşdirirlərsə, bunun özü də yuxarıda qeyd edilən məsələləri təsdiq edən amil kimi başa düşülür. Tutalım ki, Ə.Kərimov Elçibəyi zəhərləməyib və onun o zamankı türkiyəli həkimləri zəhərlənmə faktını dolayısı ilə təsdiq etməyiblər, onda Ə.Kərimova nə gəlib? Nəyə görə o və onun əlaltıları bu qədər təlaş keçirirlər? Onun bu məsələdə "barmağı" yoxdursa, qoy rahatca oturub, ona müəyyən dairələr tərəfindən verilən siyasi sifarişləri yerinə yetirsin. Daha ictimaiyyətin başını aparmasın ki, Elçibəyi o zəhərləməyib.
HƏSƏN KƏRİMOV SİYASİ ŞOU GÖSTƏRMƏKLƏ SƏDRİNİ QATİL HESAB EDƏNLƏRİ İFŞA EDİR
Və daha Həsən Kərimov kimi əldəqayırma müavinlərini "Azadlığ"a çıxararaq, artistcəsinə "təmizə çıxmaq" yollarını axtarmasın. Maraqlıdır, nə deyib Ə.Kərimovun müavini onun dili ilə? Məsələn, deyib ki, guya hakimiyyət çətin durumdadır. Ona görə də növbəyə düzülərək Hafiz Hacıyevə, daha doğrusu, öz çirkin əməllərinə haqq qazandırmağa çalışırlar: "Əli Əhmədov vəziyyətin adekvat olmadığını görərək, belə açıqlama verməklə Hafiz Hacıyevin iftiralarına haqq qazandırmaq istəyir" (?! -R.)
Birincisi, hakimiyyətin işi-gücü qurtarıb ki, Ə.Kərimov kimi zəif, yarasız, xəyanətkar və özünü-sözünü bilməyən şəxsiyyətsizə, liderini öldürən qatilə görə dəyərli vaxtını itirsin? İkincisi, hakimiyyət hüquqi cəhətdən tələb olunan istənilən məsələyə qanun çərçivəsində baxır. Çünki hər bir qanun ana yasamızda, konstitusiyamızada əks olunub. Daha baxmır ki, törədilmiş cinayət barədə qaldırılmış iddia kim tərəfindən səsləndirilib. Yəni sözügedən zəhərlənmə məsələsini dünən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyil, Müsavat partiyasının mərkəzi aparatının rəhbəri Arif Hacıyev, yaxud da AXCP idarə heyətinin üzvü Xaliq Bahadır səsləndirsə idi, hakimiyyət yenə də bu məsələyə hüquqi çərçivədə yanaşacaqdı. Bu baxımdan, Ə.Kərimovun dili ilə pərgar vuran H.Kərimov siyasi şou göstərməklə sədrini qatil hesab edənləri ifşa edir. Bu adam(lar) birdəfəlik qanmağa, nəhayət ki, başa düşməyə məhkumdurlar ki, burada hər hansı siyasi motiv yoxdur. Məhz həmin kontekstdən çıxış edən Əli müəllim (Əli Əhmədov -R.) yerində vurğulayıb: "...Sadəcə müxalifət məsələyə hüquqi yanaşmanı siyasiləşdirməklə özünə xal qazanmaq istəyir".
Lakin təəssüf ki, həm müxalifətin. həm də "cəbhə"nin başbilənləri özləri də, azmış kimi, cəmiyyəti də öz çirkin əməllərinə bulaşdırmağa səy göstəriblər. Fəqət, cəmiyyət də yaxşı bilir ki, "cəbhə" sədri nələrə qadirdir. Təkcə mərhum Elçibəyin dəfn mərasimində onun qatı tərəfdarlarının Ə.Kərimovun üzünə tüpürmələrini, ona hücum etməklərini xatırlasaq, kifayət edər ki, bugünkü AXCP sədri Elçibəyi necə "sevib". Həmin vaxt Ə.Kərimov dəfn başa çatmamış Fəxri Xiyabanı tərk etmək istəsə də, Elçibəyin tərəfdarları "Yurd" şefinə xalq qarşısında nə vaxtsa cavab verməli olacağını xatırladıblar. Və həmin məqam yetişib. Məqamın yetişməsi isə Ə.Kərimovu çox ciddi şəkildə təlaşlandırır. Yəqin ki, qanun bu təlaşın əsil səbəblərini bir daha ortaya qoyacaq. Ə.Kərimovun "arqumentlərini" tükəndirən real arumentlər də bu amili dəyərləndirməyə kifayət qədər əsas yaradır.
RÖVŞƏN