PDF Oxu

Köşə

  • 1 166

Vahid və əsas namizəd - bunlar eyni şeymiş ki...

Vahid və əsas namizəd - bunlar eyni şeymiş ki...

2013-cü il prezident seçkiləri ilə indiyədək müxalifət partiyasından heç biri öz namizədini irəli sürməyib. Deməli, müxalifətin ümumi birliyinin baş tutmayacağı təqdirdə, əksər partiyalar öz namizədlərini irəli sürməli olacaqlar. Hələlik, məlum olan odur ki, AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər növbəti prezident seçkilərində iştirak edəcəklərini bildiriblər. İ.Qəmbər daha konkret bəyanat verdiyi üçün zarafat etmədiyi məlum olur. Ancaq Ə.Kərimli namizədliyinin irəli sürüləcəyi təqdirdə, seçkilərdə iştirak etməkdən imtina etməyəcəyini bildirib. AXCP sədrinin müavini Razi Nurullayev Ə.Kərimlinin namizədliyinin müəyyənləşdirilmədiyini, partiyanın "xalqın seçimi ilə öz namizədini irəli sürəcəyini" bildirib.

Hələlik, İ.Qəmbərovdən sonra növbəti prezident seçkilərində öz namizədliklərini "KXCP" sədri Mirmahmud Fəttayev, BQP sədri Fazil Mustafa və "Ümid" sədri İqbal Ağazadə irəli sürəcəklərini bildiriblər. Göründüyü kimi, artıq müxalif partiyalar münasibətlərini bildirməkdədirlər. Elə partiyalar da var ki, qərarlarını gələn ildə verəcəklərini bildirirlər. Məsələn, AMİP sədri Yusif Bağırzadə deyib ki, partiyanın qurultayı 2013-cü ildə keçiriləcək və o zaman öz namizədlərini irəli sürəcəklər. Sərdar Cəlaloğlunun sədri olduğu ADP-nin hələ bu mövzuda müzakirəyə başlamadığını bildirilir. Hər hansı qərarın qəbul ediləcəyi halda isə, namizəd məsələsinin "Qarabağ" bloku daxilində və ya hər hansı başqa birlik çərçivəsində həll edəcəklərini bildirib. Onun dediyinə görə, konkret vaxt, hələlik, məlum deyil.

"İctimai Palata"da "vahid namizəd" məsələsi gündəlikdən çıxarılıbmı? Qoşa liderlərin dalbadal verdikləri bəyanatdan sonra, "İP" koordinasiya şurasının üzvü Pənah Hüseynov İ.Qəmbər və Ə.Kərimlinin qurum adından bəyanat verməyə haqlarının olmadığını bildirir. P.Hüseyov "AXP" çərçivəsində hərəkət etdiklərini bildirir. P.Hüseynov bu bəyanatlardan sonra "İP" KŞ-nin "vahid namizəd" anlayışından imtina etdiyini vurğulayıb. Bəs "İctimai Palata"nın namizədi hansı statusu daşıyacaq? P.Hüseynov bundan sonra müxalifətin əsas namizədi anlayışına diqqət veriləcəyini bildirib. Yəni "İP" dəstəklədiyi bir və bir neçə namizəddən biri qurumun vahid yox, əsas namizədi ola bilər.

Bilmirik oxucular nəsə anladılar, ya yox? Düzü, biz "vahid" və "əsas" sözləri arasında hansısa ciddi bir fərqin olduğunu güman etmirik. Nə fərqi var: Həsən Keçəl, yoxsa Keçəl Həsən?.. P.Hüseynov isə belə hesab etmir. Onun fikrincə, "vahid seçki qərargahı" konsepsiyası "vahid namizəd" konsepsiyasından geri qalır. P.Hüseynov birincinin daha çox işlənib hazırlandığı qənaətindədir. P.Hüseynov "əsas namizəd"in məhz seçki ərəfəsində, proseslərin nəticəsi kimi müəyyənləşəcəyini iddia edir. Bizcə, Nəsibə xanımın obrazı demişkən, deyəsən, P.Hüseynov mədəni danışır və biz onu yaxşı başa düşmürük.

P.Hüseynov isə fikirlərində hər hansı qəlizliyin olmadığını bildirib, fikrini açıqlamağa başlayır. Deyir ki, müxalifətin vahid namizədi deyəndə, xatırlamalıyıq ki, bu müxalifət geniş spekli qüvvədir. Tutaq ki, belədir, sonra nə olsun? P.Hüseynov fikrini davam etdirir: bu geniş qüvvənin hamısının bir araya gəlib, konsensus yaratması mümkün deyil. Deyəsən, yenə mədəni danışmağa başladı. P.Hüseynov isə fikrinin o qədər aydın olduğunu bildirdi ki, bu aydınlığı aydınlaşdırmağa ehtiyacın olmadığını bildirdi. Yaxşı, bəs "konsensusdan" sonra nə olacaq? P.Hüseynov deyir ki, bu konsensus spekulyasiyasını aradan qaldırmaq üçün "müxalifətin vahid yox, əsas namizədi anlayışından" istifadə etmək lazımdır. Bundan sonra P.Hüseynov elə bir fikir söylədi ki, bunu lap Marksın Hegel fəlsəfəsini çevirib başı üstə qoymasına bənzədi. Mücərrəd sözlərlə əsas namizədin vahid namizəddən tamamilə fərqləndiyini iddia edən P.Hüseynov son olaraq dedi: "Bu da o deməkdir ki, müxalifətin əsas rəğbətini qazanan, onun tərəfindən dəstəklənən namizəd, əslində, elə müxalifətin vahid namizədi olur". Bu cür ciddi fərqləndirmələrdən sonra vahid və əsas namizədin eyniyyət təşkil etdiyini vurğulamaq nəyə və kimə lazımdır?

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər