Hazırda "İctimai Palata"da vahid namizəd məsələsi üzərinə veto qoyulmasına, qurum üzvlərinin təbirincə, "status-kvonun qorunub-saxlanması"na baxmayaraq, Əli Kərimli və İsa Qəmbər arasında vahid namizədlik statusu qazanmaq uğrunda əsil qırğın gedir. "Ümidi az olanın səsi yavaş çıxar" məsəlinə əməl edən Ə.Kərimli tərəfdarları daha bitərəf mövqe tutmağa çalışırlar.
Elə Ə.Kərimli də çox ehtiyatla belə bəyanat vermişdi ki, "İctimai Palata"da namizədliyinin dəstəklənəcəyi halda, bu adı daşımaqdan imtina etməyəcəkdir.Nədənsə, İ.Qəmbər da onun tərəfdarları da özlərini qarşıduran tərəfdən güclü hesab edirlər. Ə.Kərimlinin ehtiyatlı bəyanatına İ.Qəmbər elə bir Koroğlu nərəsi ilə cavab verdi ki, nəinki AXCP, hətta bütün müxalifət düşərgəsi silkələndi. İ.Qəmbər dedi ki, "İctimai Palata"nın əsil namizədi heç kəs yox, ancaq özüm olacam. Əslində, bu qurumda İ.Qəmbər və Ə,Kərimli monopoliyası hökm sürür. Burada üçüncü lider yoxdur və qaydalar elə qoyulub ki, bu fikrə düşən olmasın."İctimai Palata" koordinasiya şurasının üzvü Pənah Hüseyn liderlər arasında münasibətlərin kəskinləşdiyini görüb, aranı sakitləşdirmək məqsədilə, ortaya yeni ideya püskürmək qərarına gəldi. Dedi ki, hazırda "İctimai Palata" köhnəlmiş vahid namizəd məsələsi üzərində yox, əsas namizəd konsepsiyası üzərində iş aparmaqdadır. Ancaq bunların arasında hansı fərqin olduğunu, hətta P.Hüseynin özü də izah edə bilmədi. Nə qədər elmi cümlələr işlədib baş sındırsa da, son nəhayətdə, bunların eyni bir şey olduğunu etiraf etdi. Əlbəttə, elə bu etiraf da onun başını xarab olmaqdan xilas etdi. Bir az da gücənsəydi, P.Hüseynin başı yeni ideya ixrac etməkdən qalacaqdı.Digər müxalifət partiyalarında "İctimai Palata" liderləri haqda başqa cür düşünürlər. Məsələn, "Azadlıq" partiyasının sədri Əhməd Oruc deyir ki, İ.Qəmbər və Ə.Kərimlinin prezident seçkilərinə namizədliklərini irəli sürüb-sürməmələrindən asılı olmayaraq, atdıqları bu addımın heç bir əhəmiyyəti olmayacaq. ADP sədri Sərdar Cəlaloğlu "İctimai Palata"nın əvvəlcədən düzgün qurulmadığını, Müsavat başqanı İ.Qəmbər və AXCP sədri Ə.Kərimlinin əlində alətə, yəni monopoliyaya çevrildiyini bildirdi. S.Cəlaloğlu belə hesab edir ki, "İctimai Palata" yalnız iki partiyanın monopoliyası yox, çoxsaylı partiyaların eynihüquqlu qurumu olmalıdır.Bizcə, Ə.Oruc və S.Cəlaloğlu "16-lar"ın "İctimai Palata"dan daha münasib qurum olduğunu düşünürlər. Ancaq daşdan səs çıxır, avqustun 24-də yaranan qurumdan səs çıxmır ki, çıxmır. O ki qaldı İ.Qəmbərlə Ə.Kərimliyə, bunlar özlərindən o qədər bədgümandırlar ki, bu cür bədgümanlığın heç bir alternativi yoxdur. Onlar elə zənn edirlər ki, vahid namizəd heç kəs yox, yalnız onlar ola bilərlər. Belə çıxır ki, vahid namizəd xonçasına yalnız bunların başları qoyulmalıdır. İddiaları yerə-göyə sığmayan bu başlar da, sağdan-soldan, qarşıdan və arxadan mütəmadi tənqid edildiklərinə görə, duruş gətirə bilməyib, diyirlənərək xonçadan yerə düşürlər. Atalarımız da "ölünün başını xonçaya qoysan, diyirlənib yerə düşər" demişlər. Əgər İ.Qəmbərlə Ə.Kərimlinin başları namizəd xonçasında duruş gətirmirsə, deməli, ölü başlar, təmsil olunduqları "İctimai Palata" da ölü qurumdur.Müxalifət təmsilçiləri hələ bundan yaxşısını yaratmayıblar. Yeni yaradacaqlarını isə bəyənməyərək, vurub uçuracaqlar. Müxalifət partiyaların sayı o qədər çoxdur ki, bir qrupunun yaratdığını o biri qrup sevmir. Hazırda sükut içərisində dayanaraq, "16-lar"ı neçə tərkib hissəsinə ayıracaqlarını saf-çürük edirlər. Bəlkə bəziləri, elə düşünür ki, "16-lar" müxalifətin problemlərini "İctimai Palata"dan yaxşı həll edəcək? Çoxsaylı eynihüquqlu üzvləri olan qurumların taleyi həmişə belə olub. Otuzadək üzvü olan "Birləşmiş Müxalifət Hərəkatı"nın taleyi də belə olmuşdu.Hələlik, hay-küy və mübahisələr "İctimai Palata" ətrafından Müsavat və AXCP ətrafına keçib. Hər iki tərəf öz "almadərəni"nin vahid namizəd olacağını iddia edir, rəqibin ayranının turş, öz ayranının isə şipşirin olduğunu iddia edir. Mübahisə get-gedə daha da qızışmaqdadır.
VALEH MƏHƏRRƏMLİ