İsa Qəmbərin və Əli Kərimlinin vahid namizədlikləri məsələsinə ADP sədri Sərdar Cəlaloğlunun və Azadlıq" partiyasının sədri Əhməd Orucun münasibətini oxucularımızın diqqətinə çatdırmışdıq. Ancaq müxalifət mətbuatında bu məsələ o dərəcədə diqqət mərkəzindədir və fikirlər o həddədək haçalanır ki, bir növ ağız deyəni qulaq eşitmir. Ağız da ki, şükür Allaha, hər müxalifət yetkilisində az qala metrə yarım açılır və oraya nəinki bir, hətta iki-üç çullu dovşan da sığışdırmaq mümkündür.
Həm Müsavat, həm də AXCP üzvləri öz liderlərini dəstəkləyirlər. Ancaq tərəflərdən biri böyük hay-küy və ajiotajla, o biri isə saman altdan su yeridirmişsayaq, müəyyən ehtiyat və təmkinlə... Müsavat yetkililəri yüz faiz əmindirlər ki, vahid namizədlik elə bir libasdır ki, o, ancaq İ.Qəmbərin əyninə biçilə bilər. Onların zənnincə, bu libas hətta narıncı rəngdə olsa da, Əli Kərimlinin külrəng və bomboz sifətinə heç cür yaraşmaz.
Müsavatda ilk ajiotajı Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacılı yaradıb. O, böyük şövq və həvəslə İsa Qəmbəri bütün müxalifətin yeganə və dəyişməz vahid namizədi adlandırıb. A.Hacılı fikrini bu cür ifadə edib: "İsa Qəmbərin vahid namizəd olmaq şansı digər şəxslərdən müqayisəolunmaz dərəcədə yüksəkdir". Bu fikir AXCP səmasında şimşək kimi çaxıb. İlk reaksiya Əli Kərimlinin müavinlərindən gəldi. Fuad Qəhrəmanlı və Razi Nurullayev, bayaq dediyimiz kimi, təmkin və soyuqqanlılıqla cavab verməyə çalışıblar. F.Qəhrəmanlı, ilk olaraq, "İctimai Palata"nın vahid namizədinin necə müəyyənləşdirilməsi məsələsinə toxunub. Deyib ki, "İP" bu məsələnin müzakirəsini dondurub. Deməli, İ.Qəmbər "İP"-in yox, Müsavatın vahid namizədi ola bilər. F.Qəhrəmanlı AXCP-nin "İP"-də vahid namizəd məsələsini, Müsavat da daxil olmaqla, status-kvo ləğv edildikdən sonra müzakirə etməyə hazır olduğunu bildirib.
AXCP-nin digər müavininin soyyuqqanlı reaksiyasına münasibət bildirməzdən əvvəl, mühüm bir məsələni oxucularımızın nəzərinə çatdırmaq istərdik. Bu da A.Hacılının son dərəcə şən və nikbin əhval-ruhiyyəsi ilə bağlıdır. F.Qəhrəmanlının son ifadəsindən, yəni "İ.Qəmbər "İP"-in yox, Müsavatın vahid namizədi ola bilər" kəlmələrindən sonra, A.Hacılının sifətində nikbinlikdən və optimistlikdən əsər-əlamət qalmadı. Bəs onun sifətindəki fərəh və şənlik ifadələri harada qaldı? Məsələ ondadır ki, İ.Qəmbərin "İP"-in namizədi olması A.Hacılının Müsavat başqanı olması şansını qat-qat artırır. Ona elə gəlir ki, İ.Qəmbər 2013-cü il prezident seçkilərinə "İP"-in namizədi seçilərsə, öz xoşu ilə başqanlıqdan istefa verib gedəcək və A.Hacılı keçib əyləşəcək başqanlıq kürsüsündə. Ancaq bu ehtimal bir o qədər də inandırıcı görünmür. Çünki İ.Qəmbər başqanlın kürsüsünə elə pərçim olub ki, heç bir qüvvə onu qoparıb atmağa qadir deyil. Bu qəmiş o qəmişdən deyil ki, A.Hacılı onu dəf edə bilsin.
İndi qayıdaq AXCP-nin sədr müavini Razi Nurullayevin fikrinə. R.Nurullayev də özünü tox tutub soyuqqanlıq yolu tutub. O deyib ki, AXCP çılğınlıqdan qat-qat uzaqdır və çalışacaq ki, bütün müxalifətin daxili birliyini və nizam-intizamını heç bir qurbandan çəkinməyərək mühafizə etsin. R.Nurullayev bu intizam naminə AXCP-yə zərər dəyməsinə də dözüm nümayiş etdirmyə hazır olduqlarını bildirib. AXCP müavini A.Hacılı kimi papağını göyə atıb yalançı nikbinlik nümayiş etdirməyin ötəri və keçici olduğunu deyərək, qanı qanla yox, su ilə yumağın daha münasib addım olduğunu vurğulayıb. Son sevinənin də A.Hacılı və ya İ.Qəmbər yox, AXCP-çilərin olacağını iddia edib.
R.Nurullayev Müsavatın ifrat çılğınlığına AXCP-nin sabit soyuqqanlılıq və ciddi səbir nümayiş etdrəcəyini bildirib. Onun bu səbri diri hay-küyünə münasibətdə ölü susqunluğunu və ya ordlarına su doldurmuş R.Nurullayev sükütunu xatırladır. Bu cür əzəmətli səbr şübhəsiz ciddi əsəb pozğunluğuna səbəb ola bilərdi. R.Nurullayev təmsilçisi olduğu qurumun bu sarsıntılara da hazır olduğunu bildirib. Təki müxalifətin birliyi pozulmasın, təki bu pozuntu AXCP üzvlərinin adına yozulmasın, təki vahid namizədə qəbir qazılmasın, ölməsin müxalifət, iş görsün xəlvət-xəlvət, xaricdən alsın xələt, qarışdırsın ölkədə qələt, muğam oxusun Tələt, mitinqlərə qoşulsun Qobustan, Ələt, Əli Kərimliyə səs versin millət...
VALEH MƏHƏRRƏMLİ