İsa Qəmbərlə Əli Kərimlinin "İctimai Palata"ya qayıdıb üzərinə qərənfil həkk edilmiş narıncı bir bayraq altında birgə fəaliyyət göstərmələri qeyri-mümkündür. Çünki bunların hər biri yalnız özlərini müxalifətin vahid namizədi hesab edir. İsa Qəmbər və tərəfdarları daha çılğın və israrlı təsir bağışlamaqdadırlar. Ə.Kərimli və digər AXCP yetkililəri səbr və təmkin nümayiş etdirib, "İP" daxilində münasibətlərdə gərginliyi azaltmağa cəhd edirdilər. Artıq məlum olduğu kimi, bundan sonra İ.Qəmbər və Ə.Kərimlinin başlarının "İP" qazanında birgə qaynaması ehtimalı sıfıra yaxındır. Ancaq 20-ci sahə mitinqlərindən bu günlərədək bu başlar dinc şəraitdə "İP" qazanında arın-arxayın pörtdəməkdə idi. İndi bu fikrə düşmək istisna edilir.
İ.Qəmbər suyu süzülə-süzülə Müsavat, Ə.Kərimli isə səbr və təmkinlə AXCP qərargahına qayıdıb.
Həmişə olduğu kimi, bu dəfə də müxalifətin bir birlik daxilində vahid namizəd yaratması fiaskoya uğradı. "16-lar"da elə bir dərin sükuta qərb olub ki, onun bu sükut buzunu qıracağı hiss edilmir. Yəqin ki, ayrı-ayrı müxalifət partiyaları növbəti prezident seçkilərinə tək gedəcəklər. Biz bir neçə partiya sədrinin öz namizədliyini irəli sürəcəyini yazmışdıq. Son günlər isə "KXCP" sədri Mirmahmud Mirəlioğlu da seçkilərə gedəcəyini bildirir. Özü də deyir ki, borclu borclunun sağlığını istər, mən dəfələrlə İ.Qəmbərin namizədliyini dəstəkləmişəm, ötən vaxt ərzində başqanın haqq aləminə köçməməsindən istifadə edib, borcumu qaytarmasını istərdim. M.Mirəlioğlu bu haqqını rəsmi qaydada tələb və ya təvəqqe kimi təqdim etməyə hazır olduğunu bildirdi.
Biz də dərhal xatırladırıq ki, 2003-cü il prezident seçkiləri ərəfəsində M.Mirəlioğlk İ.Qəmbərin namizədliyini dəstəkləmiş, 2005-ci il parlament seçkilərində isə öz deputat mandatından imtina etmişdi. İ.Qəmbər isə o vaxtkı "klassiklər" AXCP-sini "əsil AXCP" kimi tanıdığını bəyan etsə də, M.Mirəlioğlunun zəndeyi-zəhləsi getdiyi Ə.Kərimlinin "islahatçılar" AXCP-si ilə birlik daxilində danışıqları davam etdirmişdir. M.Mirəlioğlu da onun bu hərəkətinə cavab olaraq Müsavatyönlü "Bizim Azərbaycan" blokunun sıralarını tərk etmişdi.
"MBH" lideri Lalə Şövkət vahid namizəd məsələsinin müzakirəsinin vaxtı çatmadığını bildirir. Onun fikrincə, vahid namizəd əsil və tərəfsiz müxalifət bloku dairəsində irəli sürülə bilər. L.Şövkət hələ ki, belə bir blokun olmadığını vurğuladı. "MBH" liderinin dediyinə görə təsadüfən əlinə düşən 2007-ci il qəzetlərini vərəqləyərkən, beş il əvvəl də indiki kimi vahid namizəd didişməsinin getdiyini oxuyub. "Söz vaxtına çəkər" deyiblər. Biz də təxminən 15-16 il əvvəl İ.Qəmbər, Ə.Kərimli, Etibar Məmmədov, Rəsul Quliyev və digər müxalifət liderləri "Birləşmiş Müxalifət Hərəkatı" yaradıb darvazalarını açıq qoyduqlarını xatırladıq. Quruma girən partiyaların sayı otuza çatsa da, hələ də "BMH"-nin darvazaları bağlanmamışdı. Axın daha da güclənə bilərdi. Liderlər L.Şövkəti də quruma dəvət edirdilər. "BMH"-ni kolxoz bazarı, üzvləri isə koperativçilər adlandıran L.Hacıyeva quruma girməkdən imtina etmişdi.
O dövrlərdə L.Şövkət üzvlərinin sayı 9 nəfəri aşmayan "Liderlərin Strateji Mərkəzi" adlı qurumda birləşməyi məsləhət görmüşdü. Liderlər bu quruma girməkdən imtina etdilər. "Xain xoflu olar" deyiblər. Öz partiyalarının qərarı olmadan hər hansı addımı atmaqdan çəkinənlər "LSM"-in daxili qaydalarından xofa düşmüşdülər. Çünki quruma daxil olan üzvlər qurum üzvlüyünü qəbul etdikləri təqdirdə, elə buradaca müstəqil qərar çıxarmağa borclu idilər. Sonralar İ.Qəmbər, E.Məmmədov, Ə.Kərimli və R.Quliyev "LSM"-ə oxşar "Demokratik Sabitlik İttifaqı" yaratsalar da, vahid namizəd məsələsində ümumi razılığa gələ bilmədilər. Yeganə səbəb o idi ki, liderlərin hər biri güzəştə getmədən, yalnız özü bu adı daşımağa iddialı idi.
Həmin problem bu gün də yaşanmaqdadır. Hələ növbəti prezident seçkilərinə bir ildən də artıq vaxt qaldığı halda, müxalifət vahid namizəd problemini həll edə bilmyib və ən nüfuzlu qurum hesab etdiyi "İctimai Palata"nı süquta uğradıb. Bundan sonra müxalifətin vahid, əsas, yeganə, yek, tək tipli hər hansı birlik forması yaradacağı, özü də nə vaxtsa təsis edəcəyi böyük sual altındadır. Məncə, bundan sonra müxalifət bu fikirə düşməsə yaxşıdır.
VALEH MƏHƏRRƏMLİ