PDF Oxu

Köşə

  • 1 232

Xoş olmayan nostalgiyalar

Xoş olmayan nostalgiyalar

"İctimai Palata"nın birinci pilləsində qoşa dayanan İsa Qəmbər və Əli Kərimlinin məlum bəyanatlarından sonra onlar qurumda qərar çıxarmaq hüququndan məhrum ediliblər. Bundan sonra hər ikisi üzvləri olduqları koordinasiya şurası ətrafındakı sıravi üzvlərə qoşulub, hansının lider elan ediləcəyini intizar içində gözləyirlər. Ancaq hər ikisinin mətbuat vasitələrində digərinin əleyhinə məqalələr dərc edilməkdədir.

Ə.Kərimli partiya üzrə həmkarlarının təklifi ilə səbr və mətanətlə dözüm nümayiş etdirməkdə davam edir, İ.Qəmbərsevər müsavatçılar isə dil boğaza qoymadan başqanlarını qaldırıb əlçatmaz dağların başına qoyur və Ə.Kərimlinin onunla rəqabət aparmağa qadir olmadığını bildirirlər. Sanki uca dağların hamısını bir-bir İ.Qəmbər yaradıb. Müsavatçılar AXCP sədrini həm də öz liderini zəhərləməkdə qınayır, başqanlarının isə bu cür bəd əməllərdən uzaq olduğunu vurğulayırlar. AXCP-çilər isə yeri eşələyərək, içindən qurd çıxarmağı bacarır və İ.Qəmbəri Ə.Elçibəyə alternativ olaraq, növbəti prezident seçkilərində iştirak etmək cəhdində qınayır, AXCP-ni dağıtmaqda ittiham edir və digər günahlarını üzə çıxarırlar. Bu və ya digər mövzuda qıcıqlandırıcı sancmalar davam etdirilməkdədir.

Məşhur təmsillərdən birində öldürülmüş ov üstündə bir-birini al qana boyayan ayı və şir yaralanıb hərəsi bir tərəfə sərələndikdən sonra, onların ayağa qalxa bilməyəcəklərini yəqinləşdirib, ovladıqları dovşanı götürüb hadisə yerindən uzaqlaşan tülkü timsallı digər müxalifət liderləri qulaqlarını şəkləyib, "İP" koordinasiya şurasının adlarını elan edəcəyi liderlər sırasında öz şəxsi isimlərinin hallanma ehtimalını izləyirlər.

"İctimai Palata" ətrafında ən çox hərlənən və gözlərini Əli Kərimlinin ağzına dikən "ACP" sədri Sülhəddin Əkbər, onun dodaqları arasından liderinin adını eşidəcəyi o "xoşbəxt" məqamları gözləyir. Xatırladırıq ki, "AXC" lideri Rəsul Quliyev öz dirijor çubuğunun hərəkəti ilə okeanın o tayından qurumuna sədr təyin etdiyi S.Əkbəri Ə.Kərimli ətrafında fırfıra tək fırlatmaqdadır. İkinci dəfə xatırladırıq ki, S.Əkbər İ.Qəmbərə təsir etməyin mümkün olmadığını qət etdikdən sonra Ə.Kərimli ilə başqan əleyhinə və R.Quliyevin xeyirinə iş birliyi yaratmağa girişdi. "ACP"-nin yeni sədri uzun müddət Müsavatda işlədiyindən, İsanın cikinə də bələd idi, bikinə də.

Ə.Kərimli S.Əkbərin timsalında özünə münasib tərəfdaş tapmışdı. Onlar İ.Qəmbəri yaş sərib, quru yığır, ünvanına dişlərinin dibindən çıxanı deyib əylənirdilər. Nəhayət, Ə.Kərimli yavaş-yavaş R.Quliyevə tərəf əyilməyə başladı. Bu hal İ.Qəmbəri qəzəb atına mindirdi. O, qəzəblənsə də, öz üzəngisinin dartdırıb saxlanmasına mane olmurdu. Ancaq Ə.Kərimlinin namizədliyini bəyan etməsi, onu o dərəcədə hədəqəsindən çıxardı ki, İ.Qəmbər özünü alternativ bəyanat verməkdən saxlaya bilmədi. Məlum olduğu kimi, bundan sonra ara qarışıb, məzhəb itdi...

Hazırda İ.Qəmbərlə Ə.Kərimov arasındakı uçurum o qədər dərinləşib ki, hətta "İP" koordinasiya şurasının üzvü Pənah Hüseyn də həmin quyuya daş atmaq missiyasını üzərinə götürə bilmir. O, yaxşı bilir ki, onun kimi yüz dəli bu quyuya daş atsa da, nə İ.Qəmbər, nə də Ə.Kərimli kimi "ağıllılar" həmin daşı çıxarmaq iqtidarında olmayacaqlar. P.Hüseyn isə iqtidarda olmayanlara qoşulmaqdansa, S.Əkbər vasitəsilə R.Quliyevə daha çox üstünlük verərdi. S.Əkbərin qənaətincə, bu üstünlük onu saraylarda oturdardı. Elə ki, P.Hüseyn saraylarda oturdu, heç R.Quliyevin özü də onu aşağı endirə bilməzdi. Bir vaxt o, AXC-Müsavat cütlüyünə məxsus sarayın baş nazir pilləsində əyləşib, cütlüyünə məxsus sarayın baş nazir pilləsində əyləşib, Marqaret Tetçer haqda bolluca xəyala dalmışdı. İndi isə "İP" koordinasiya şurasının üzvlüyündən o yana gedə bilmir. Ah, keçən günlər, keçən dövrlər, onların xoş xülyalarından bir an da ayrılmaq olmurdu.

Bu cür "xoş nostalgiyalar" davam etməkdədir.

Valeh MƏHƏRRƏMLİ

Digər xəbərlər