PDF Oxu

Köşə

  • 3 682

ELMAN CƏLİLOV AXCP-ÇİDİR, YA YOX?

ELMAN CƏLİLOV AXCP-ÇİDİR, YA YOX?

"İctimai Palata"nın sentyabrın 8-də keçirilən sonuncu sessiyasında baş vermiş ciddi qalmaqal artıq "palata" müstəvisindən çıxaraq, şəxslərarası ziddiyyətlərə çevrilməkdədir. Belə ki, "palata"nın məlum toplantısında söz alan "cəbhə" funksioneri Elman Cəlilov qurumu antidemokratik adlandırmış, "İP"-i inhisarçı idarəçilikdə saxlayan Ə.Kərimlini və İ.Qəmbəri isə avtoritar liderlər kimi təqdim edib. Məhz bundan sonra düşərgədə vəziyyət dəyişməyə başlayıb və müxalifət liderlərini ittiham edən E.Cəlilovun hansı partiyaya mənsub olması müzakirə olunub. Nəticədə, məlum olub ki, E.Cəlilov məhz "cəbhə" üzvüdür. Özü də lap köhnələrindən.

"Bu partiya şübhəsiz çalışır ki, oradan-buradan qapmağa bir şey tapsın"

Ancaq aparılan müzakirələrin ziddiyyətli məqamları aranı yenidən qarışdırıb. Məsələ ondadır ki, E.Cəlilov "palata"nın inhisarçı liderlərini antidemokratiklikdə ittiham edərkən, bilavasitə Müsavat başqanına qarşı daha kəskin mövqe nümayiş etdirib. Hətta onun başqan ilə sözü çəp gəlib və kimin "bostanının harada olması" haqqında suallar meydana çıxıb. Amma məsələ bununla da bitməyib. Artıq AXCP daxilində sədr-müavin səviyyəsində E.Cəlilovun "cəbhəçi" olub olmaması polemikaları aparılmaqdadır. Çünki AXCP sədri Ə.Kərimli adıçəkilən şəxsin "cəbhəçi" olduğunu etiraf edib. Fəqət, müavini Gözəl Bayramlı deyir ki, onun rəhbəri yalan danışır, E.Cəlilovun AXCP-yə - filana aidiyyatı yoxdur (?!-R.) Elman "bəyin" özü də deyir ki, o, "cəbhə" üzvüdür. O bildirib ki, AXCP yaranan gündən partiyanın üzvüdür və indiyədək fəal iştirak etməsə də, bundan sonra partiya və üzvü olduğu "İctimai Palata"da aktiv fəaliyyət göstərmək niyyətindədir. O, üzvü olduğu AXCP və "müttəfiqləri" Müsavat partiyası barədə maraqlı iddialarla çıxış edib. Onun sözlərinə görə, hər iki partiya əsasən Qərb dövlətlərindən maliyyələşirlər: "Ölkədə vəziyyət belədir ki, partiyalar məhv olub. Bu adamlar da xaricilərdən ümid gözləyirlər, halbuki bu partiyaları məhv edən həmin xaricilərdir. İndi partiyaların bir çoxu deyir ki, biz maarifçiliklə məşğul oluruq. Maarifçiliklə məşğul olmaq faktiki olaraq partiyanın məhv olması deməkdir. Partiyanın yeri yoxdursa, işçilər işdən çıxarılırsa, bu partiya şübhəsiz çalışır ki, oradan-buradan qapmağa bir şey tapsın. Onlar da xarici qüvvələrdən, Amerika və Avropa dövlətlərindən ümid gözləyirlər".

Əli Kərimli "hə", Gözəl Bayramlı "yox" deyir. Xeyirli olsun!

Lakin maraqlı məqamlardan biri də odur ki, ötən ərəfələrdə hər iki partiya sədrini ciddi ittiham edən Xaliq Bahadır onları buldozerin qabağına verməyi məsləhət görmüşdü. Mirzə Sakit isə hər ikisini iylənmiş, leş qoxusu verən siyasətçilər adlandırıb. Amma heç bir tanınmışlığı olmayan E.Cəlilov Ə.Kərimli ilə İ.Qəmbəri ittiham edən kimi, nədənsə onun üzərinə hücumlara başlanıldı.Bu amil öz yerində, amma yuxarıda qeyd edildiyi kimi, AXCP sədri Ə.Kərimli adıçəkilən fərdin AXCP üzvü olduğunu təsdiq etmək məcburiyyətində qalsa da, Gözəl Bayramlı sədrinin üzünə ağ olub və deyib ki, E. Cəlilov AXCP-nin üzvü deyil: "Bölgələrdə səfərdə olduğumdan, "İctimai Plata"nın son sessiyasında iştirak edə bilmədim. Amma mən Elman Cəlilovu tanıyıram. Həbs olunmazdan qabaq AXCP-nin üzvü idi, amma bu gün artıq üzvümüz deyil. Xeyli vaxtdır ki, rəsmi şəkildə AXCP-nin üzvü deyil".Diqqət yetirsək, görərik ki, G.Bayramlı E.Cəlilovu yalnız həbs olunduğu müddətdə AXCP üzvü hesab edib. Yəni belə çıxır ki, əgər kimsə icazəsiz aksiyalarda iştirak etdiyi üçün həbs olunursa, AXCP üzvüdür. Həbsdən çıxdıqdan sonra isə həmin adamların nə üzvü olması heç kimin marağında deyil. Ancaq məsələnin getdikcə böyüməsi E.Cəlilov məsələsini kənara qoymaqdadır. Artıq AXCP-də daha bir böhran - Ə.Kərimli və G.Bayramlı böhranın başlayır. Xeyirli olsun!

RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər