Əli Kərimli və İsa Qəmbər öz tələsik və məsuliyyətsiz bəyanatları ilə "İctimai Palata"nı uçurum açtanasına gətirdikdən sonra Sərdar Cəlaloğlu bu qurum liderlərinin mübahisəsinin mənfi nəticələrindən ibrət götürməyi qət etmişdi. ADP sədri vəziyyəti neytrallaşdırmaq məqsədilə dedi ki, ay İsa, Əli ilə sən "İctimai Palata"nın sütunlarını sökdüyünüz üçün, mən də İqbal bəylə "Qarabağ" blokunu bir kənara qomağa razıyıq. O, qarşı tərəfin belə bir sövdələşməyə getməsinə tam əminliyini ifadə edərək, nə "İP"-i, nə də "Qarabağ"ı bütün müxalifətin vahid qurumu kimi qabartmamağı məsləhət görürdü.
S.Cəlaloğlu bir məsləhətləşmənin yüz qalmaqaldan üstün olduğu zənnindəydi. O, qarşıduran tərəfin də özü kimi düşündüyünü güman edirdi. Deyir sən saydığını say, görək qarşıduran tərəf nə sayacaq? Qarşıduran tərəf deyəndə, hər kəsin bu və ya digər mövzu və təkliflərə öz şəxsi yanaşması ola bilər. S.Cəlaloğlu deyəndə ki, "İctimai Palata" və "Qarabağ" bloku qoy arxivi bucağına atılsın və biz də yığılıb bütün müxalifətin vahid bir blokunu yaradaq. Əlbəttə, bu fikrə münasibətlər də müxtəlifdir.
Görəsən, belə bir fikir plüralizmi çərçivəsində S.Cəlaloğlu hansı blokun və ya birliyin yaranmasını nəzərdə tutur? Əlbəttə, söhbət ADP sədrinin cibinin xərci ilə təşkil etdiyi və 8 müxalifət sədrini dəvət etdiyi iftar süfrəsində haqqında söhbət gedən qurumdan gedir. Yəni söhbət 8 müxalifət sədrini birləşdirən yeni birlik formasından gedir, daha 2 sədri birləşdirən "Qarabağ" və ya "İP"-dən yox.
ADP sədri bu və ya digər qurumda iki liderin olmasının fəsad törədəcəyini və qarşıdurmaya gedəcəklərini, 8 liderin isə asanlıqla kompromis yaratmağa nail olacağını düşünürdü. Ə.Kərimli və İ.Qəmbərin "8-lər" blokunun yaranması ideyası ilə razılaşacaqları təqdirdə, yeni blokdakı liderlərdən biri də S.Cəlaloğlu olacaqdı. Hələlik, Ə.Kərimlinin "8-lər" blokuna münasibəti açıqlanmır. ADP sədri İ.Qəmbərin onun təklifi ilə razılaşmadığını və birmənalı şəkildə kəskin tərzdə etiraz etdiyini bildirdi. S.Cəlaloğluna görə, İ.Qəmbər bəzi müxalifəti "təmiz müxalifət" hesab etmir. Əgər təmiz müxalifət deyillərsə, nə səbəbə Müsavat başqanı səmimi münasibət göstərib, onlarla eyni səviyyədə dialoq yaratmalıdır.
Bəs İ.Qəmbər əməkdaşlıq modeli kimi hansı birlik formasına üstünlük verir? Müsavatın Ali Məclisinin sədri Arzu Səmədbəyli təmsilçisi olduğu partiyanın öz siyasətini "İctimai Palata" üzərində qurduğunu və buna görə də, yeganə əməkdaşlıq modelinin bu qurum əsasında mümkünlüyünü vurğulayıb. Bu, o deməkdir ki, istənilən müxalifət partiyası və ya "8-lər", "4-lər" və başqaları İ.Qəmbəri "İP" birincisi kimi qəbul etməklə, gəlib onun yan-yörəsində mövqe qura bilərlər.
Sözsüz ki, İ.Qəmbərin bu mövqeyi S.Cəlaloğlunu təmin etmir. O, "8-lər"i 8 eynihüquqlu liderlər birliyi kimi tanıtmaq istərdi. Düzdür, Ə.Kərimli də "8-lər"ə yox, sıralarından uzaqlaşmağa ürək etdiyi "İctimai Palata"ya stavka etməkdədir. Onun fikrincə, 8 eynihüquqlu üzv içərisində olmaqdansa, cəmi iki lideri olan "İP"-də təmsil olunmaq daha sərfəlidir. Burada vahid namizəd seçilmə ehtimalı səkkizin birə yox, ikinin birə olan nisbətinə bərabər olur. Ə.Kərimli belə hesab edir ki, "İP"-də vahid namizəd seçilməsə də, seçilən vahid namizəd növbəti mərhələlərdə onun mənafeyinin müdafiəçisi kimi çıxış edə bilər. Səkkizlərdən biri olmaq isə, istənilən liderin səkkiz tərkib hissəsinə parçalanması demək olardı. Necə deyərlər, səkkizguşəli labirintdənsə, nə qədər olmasa, bərəkət yenə də "İP"-dədir. Bu isə "İP"-in dirçəldilməsi anlamını verir. Görəsən, koordinasiya şurası nə deyəcək?
Valeh Məhərrəmli