"Şok endirimlər", "70 faiz endirimlər", "qiymətlər düşdü", "super endirimlər", "gəl sən də yararlan!", "ağlagəlməz endirimlər" - bu sözlərə son zamanlar Bakının, demək olar, bütün ticarət obyektlərində rast gəlmək olar. Hətta iş o yerə çatıb ki, dükanlarda da bu sayaq elanları görmək olur. Metronun "28 May" və "Elmlər Akademiyası" stansiyalarının yaxınlığında yerləşən dönər satılan yeməkxanalarda da "endirim" etiketləri gözə dəyir.
Paytaxtda baş çəkdiyim bir çox geyim mağazalarında qış geyimləri endirimlə satılır. "Neftçilər" metrosu yaxınlığında yerləşən mağazaların birində qış geyimlərinə 30 faiz endirim təklif olunur. Satıcılarla söhbət zamanı onlar bildirdilər ki, ötən illə müqayisədə bu il qış geyimləri nisbətən ucuz satılır: "Məsələn, keçən il 150 manata olan plaşlar və paltoıar bu il 120 manatadır. Digər qış paltarlarında da endirimlər var. Ancaq yeni kolleksiyalı geyimlər endirimdə deyil". Mağazada çoxlu alıcı da var idi. Onlar əsasən yüngül geyimlərə üstünlük verdiklərini dedilər. Alıcıların sözlərinə görə, mağazalarda heç də endirim yoxdur, endirim adlı oyun var: "Baha qiymətə satıb adını da endirim qoyurlar. Çox bahalıqdır". Bizdə məlum prosesin reallaşdırılmasında məqsəd yalnız satılacaq mal və məhsullara tələbatı artırmaq üçün onların reklamının təşkilidir. Bundan başqa, istifadəyə yararsız və istismar müddəti bitmiş mal və məmulatların satışa çıxarılması üçün də bəzi ticarət obyektləri məlum endirim güzəştlərindən yararlanır. Endirimlə satış həyata keçirən mağazalarda aparılan araşdırma zamanı bəzi hallarda malların heç də endirim tətbiq edilmədən satıldığı aşkara çıxır. Belə ki, həmin malların endirimdən əvvəlki qiymətləri ilə endirimdən sonrakı qiymətləri arasında fərqin olmaması, yaxud müddəti keçmiş, istifadə üçün yararsız olması səbəbindən malların aşağı qiymətlərə satılması halları da mümkündür.
Əslində, belə endirim kampaniyaları daha çox fəsil dəyişəndə və bayram ərəfəsində həyata keçirilir. Bu işdə əsas məqsəd alıcıları dükanlara cəlb etməkdir. Müştəriləri cəlb etmək üçün digər üsullardan da istifadə edirlər. Yəqin ki, şəhərin ictimai yerlərində tez-tez belə reklamlara da rast gəlmisiniz - "nə alsanız 4 manata", "bütün mallar 7 manata" və s. Bu sözlər həmin mağazaya daha çox müştəri cəlb etmək məqsədi daşıyır. Ancaq bu cür mağazalara üz tutanlar isə "7-8 manat dəyərində" olan geyimlərin keyfiyyətinin çox aşağı olduğundan şikayət edirlər. Məsəl var, "ucuz ətin şorbası olar". İşin maraqlı tərəfi odur ki, "endirim" yazılmış həmin mağazalarda insanın zövqünü oxşayan keyfiyyətli geyim dəstinin qiyməti heç vaxt aşağı salınmır. Bunu satıcılar həmin mallara həmişə yüksək tələbatın olması ilə izah edirlər.
Buna baxmayaraq, şəhər əhalisinin həmin mağazalara axını böyükdür. Bunun başlıca səbəbi də radio, televiziya, jurnal, qəzet və digər kütləvi informasiya vasitələrində gedən reklamlarla bağlıdır. Çünki reklam vasitəsilə mağaza sahibləri alıcılara təsir etməyə çalışır və bununla da insanların, əslində, almaq istəmədikləri məhsulları almasına səbəb olurlar. Burada bir qədər maraqlı və psixoloji təsir gücü olan məqam var. Tutaq ki, mağazalarda elektrotexniki avadanlıqlardan tutmuş, "Çudo peçka"larda şirniyyatların qiymətlərində gülməli endirimlər müşahidə olunur. Yəqin ki, hansısa markalı soyuducunun, televizorun, kompüterin, telefonun qiymətinin çox maraqlı endirimli rəqəmlərlə dəyişdiyinin şahidi olmusunuz. Məsələn, "Şok endirim. 336 manatdan 289 manata düşdü" kimi üsullar psixoloji olaraq, insanları özünə cəlb edə bilir. Bunu isə endirim deyil, sadəcə, endirim oyunu deyə adlandırsaq, daha məqsədəuyğun olar. Çünki bu, sadəcə oyundur.
RƏFİQƏ