Dünən oxuduğum bir xəbərə görə, Türkiyənin Quru Qoşunlarının keçmiş komandanı Aytaç Yalman jurnalistin "bəy" müraciətinə əməlli-başlı əsəbiləşərək, həmin xitaba qarşı çox sərt bir qarşılıq verib. Hətta bu vəziyyət qardaş Türkiyə mətbuatında ciddi rezonans doğurub. Jurnalist Emin Çölşanın keçmiş generala "bəy" deyə müraciət etməsi Türkiyənin sosial şəbəkələrində də geniş dartışma mövzularından birinə çevrilib. General Aytac Yalmanın həmkarıma "Mən bəy deyiləm, generalam. Mənə müraciət edərkən bəy yox, general demək lazımdır" tənbehi həm də düşündürücü məqamdır. Düzdür, jurnalist həmkarım, öz növbəsində, "bəy" sözünün bir hörmət əlaməti olduğunu və bundan sonra da "general" deyil, "bəy" deyə müraciət edəcəyini bildirsə də, əslində, belə davranış sərgiləməməliydi. Ən azından, generala general hörməti qoyulmalıdır. Amma bu məsələ onların arasında olan məsələ olduğuna görə, kimin düz, kimin isə əyri olmasına münasibət açıqlamaq istəməzdim. Necə deyərlər, özləri bilər. Amma ki...
"AXI BIZ "BƏYİK"
Amma ki, türkiyəli jurnalistə qəşəng bir məsləhətim də var. Əgər o bu məsləhətimə qulaq versə, istədiyi qədər "bəy" ifadəsini işlədə bilər. İnanmırsa, gəlsin Azərbaycana və onu aparım bu ölkənin müxalifət dairələrinə. Orada xitabən hər kəs bir-birinə "bəy" deyə müraciət edir. Məsələn, İsa "bəy", Əli "bəy", Sərdar "bəy", Yusif "bəy", ..."bəy" və s. "bəy"...
Və burada heç kim türkiyəli jurnalist həmkarıma gözün üstündə qaşın var deməyəcək. Hətta ona pul-para da verəcəklər ki, sən Allah, Türkiyəyə gedəndə də bizləri orada "bəy" deyə tanıtdır. Axı biz "bəyik".
Burada bir anlaşılmaz məsələ də var. Yəni müxalifəti təmsil edən adamlara "bəy" deyərkən, həmkar diqqət yetirməlidir ki, onlara "bəy" titulu yaraşır, yoxsa yaraşmır. Məncə, yaraşmır. Amma yaraşıb-yaraşmamasına baxmayaraq, onlar iddia edirlər ki, "bəydirlər". Daha haranın, hansı tinin, hansı dalanın "bəyləridirlər", bax onu deyə bilməyəcəyəm.
YAXŞISI BUDUR
Yox, fikrimdən daşındım. türkiyəli jurnalist Emin Çölşanın Azərbaycana gələrək müxalifət düşərgəsinə getməsi və oradakı quru "bəylərə" "bəy" xitabı etməsinə gərək yoxdur. Çünki əsil bəyə bəy deyərlər. Əsil bəylər isə artıq Azərbaycanın, Türkiyənin tarixi keçmişndə qalıb. İndikilərdən isə "bəy" olmaz. Heyifdir "bəy" adına ki, həmin adamlara xitab olunsun. Yaxşısı budur ki, Emin Çölşan Azərbaycana mənə qonaq gələrkən başqa mövzulara toxunsun. Məsələn, Azərbaycanın inkişafı, xalqın rifahı və digər əhəmiyyətli məsələlərə.Mən də tutum onun əlindən və gəzdirim hər yanı. Görsün ki, jurnalist üçün "bəy" mövzusundan da başqa maraqlı mözular var. Daha özünü belə boş-boş şeylər üçün yormasın.
Generela gəldikdə isə, elə ona "generalım" deyə müraciət etməsi "bəy" xitabından yaxşı olmazdımı?
RÖVŞƏN