\r\n
\r\n
\r\n \"ACP\" lideri Rəsul Quliyev müxalifətin Qərbin maraqlı dairələrinin gözündən düşdüyü zənnindədir. O, bunun səbəbini Ramil Səfərovun Azərbaycan Prezidenti tərəfindən azad edilməsində görür və bu aktı pisləyir. R.Quliyevin başlıca məqsədi, R.Səfərovun azad edilməsi ilə əlaqədar, xalqın sevinməsinə yox, Qərbin maraqlı dairələrinin müxalifətə qrant dəstəyi verməsidir. Bu dəstək R.Səfərovun azadlığını məhdudlaşdırsa da, R.Quliyev və onun kimi düşüncə tərzinə malik olan müxalifətçilərin heç vecinə də deyildi. Təki onların cibişdanları dolsun. Bu cür anti-vətənpərvərlik təzazürləri bizim hər bir müxalifətçi üçün xarakterik xüsusiyyətidir. Bu təbəqə üçün \"biz və hamı\" ifadələrindən çox, \"mən və özüm\" kəlmələri daha faydalıdır. \"Fayda \"bizə və hamıya\" yox, \"mənə və özümə!\" bu binəvaların şüarıdır. Belələrinin gözünü qıpıq edən də dövlətin vaxtında atdığı addım nəticəsində əhalinin sevinc hissi keçirməsidir. R.Quliyev də Ə.Kərimli və İ.Qəmbər kimi yalnız xoşbəxt etmək əzmində olduğu bildirilir. Əlbəttə, Qərb qrantı ilə. Ancaq analoji sevinc gətirən hadisələrin nəzərəçarpacaq dərəcədə olmaması şərtilə.
\r\n
\r\n Yəqin oxucularımız R.Quliyevin narahatlığında müxalifətin Qərb sifarişçilərinin gözündə \"qara quruşa da dəyməyən\" icraçılar olduğu haqda düşüncələrə dalmış olduğunu müəyyənləşdirməyə müvəffəq oldular. Bəli, doğrudan da, bügünkü müxalifət fəaliyyətin sıfır nöqtəsinə enmiş ərpimiş vəziyyətdədir. \"8-lər\"in ortaya atdığı \"Demokratik Qüvvələrin Məşvərət Məclisi\" ilə \"İctimai Palata\"nın münasibətlərini nəzərdən keçirsək, buna tam yəqinlik hasil etmiş olardıq.
\r\n
\r\n Artıq \"İP\" idarəolunmaz vəziyyətə çatıb. Burada hər hansı iş görmək müşkül məsələyə çevrilib. Nə İ.Qəmbər Ə.Kərimliyə, nə də Ə.Kərimli İ.Qəmbərə güzəştə getmir. Güzəştin motivi \"vahid namizədlik\"dir ki, hər iki \"lider\" bu titulun dadını öz damağınja hiss edib, o birini tabeçiliyi altında saxlamaq istəyir. Əks-təqdirdə, hər biri seçkilərlə təklikdə getməli olardı. Ancaq hər biri dəstəkçilərinin sayının çox olmalarını istərdi. O ki qaldı \"DQMM\"-ə, \"İP\" bu cür müxalifət təşkilatını tanımadığını bildirir. Sözsüz ki, bu, \"İP\"-in mövqeyini möhkəmləndirmək istəyindən irəli gəlir. \"DQMM\"-in mövcudluğuna qarşı kəskin sözlər İ.Qəmbərə məxsusdur.
\r\n
\r\n \"DQMM\" üzvləri vəziyyəti gərginləşdirən İ.Qəmbəri pisləyir və Ə.Kərimlini dəstəkləyəcəklərini bildirirlər. Bu münasibət, şübhəsiz, Ə.Kərimliyə qol-qanad verir və o, öz elektoratını artırmaq məqsədilə KXCP-də parçalanma yaratmağa girişib. Onun barmaq işarəsi ilə Qaya Əliyev və Fikrət Cəfərov ətrafına Rafiq Abdulla, Ədalət Yusibov, Rüfət Sahiboğlu və Aydın Mədətoğlu kimi tərəfdarlar toplayaraq \"Demokratik Birlik\" yaradıb, AXCP sədri Mirmahmud Mirəlioğlunu yıxmağa girişdilər. Bir çox müxalifət ekspertləri \"DB\"-çilərin elektorat çoxluğuna malik olduqlarını bildirirlər. Baxmayaraq ki, KXCP mətbuat xidmətinin rəhbəri Xəzər Teyyublu və partiya üzvü Elman Türkoğlu KXCP-də səs çoxluğunun M.Mirəlioğlu tərəfində olduğunu deyirlər. E.Türkoğlu dağıdıcıları bu cür xarakterizə edir: \"Qaya və Fikrət Ə.Kərimlinin ayaqqabılarını silən, ayıqqabılarının bağını bağlayan tiplərdir. Onlar həm də Ə.Kərimlinin təlxəkləridir. Qaya 99 partiya dəyişənin biri, Fikrət isə Ə.Kərimlinin agentidir\".
\r\n
\r\n R.Quliyev də özünün \"ACP\"-si və \"Müqavimət Hərəkatı\" ilə birlikdə İ.Qəmbəri yox, Ə.Kərimlini dəstəkləyəcək. Göründüyü kimi, Ə.Kərimlinin gəlhagəlidir. Bu hal Ə.Kərimlini ruhlandırmaya bilməz. Hazırda o, İ.Qəmbərə münasibətdə üstünlüyünü nümayiş etdirmək üçün uçmağa qanad axtarır. Görək İ.Qəmbərin onun qanadlarını qırmağa qüdrəti çatacaqmı?! Hələ ki, müxalifət içərisində dirçəliş müşahidə edilmir. Bununla belə, burunlarını dik tutmağa çalışırlar. Daha bilmirlər ki, bu vəziyyətlə zirvə fəth etmək müşkül məsələdir.
\r\n
\r\n
\r\n
\r\n VALEH MƏHƏRRƏMLİ