"Proletariatın dahi rəhbəri" Vladimir İliç Lenin özünün 55 cildlik seçilmiş əsərlərində sosializmin ən son nəticəsi olan kommunizm cəmiyyətinin təxminən 1980-ci ildə bərqərar olacağını bəyan etmişdi. O, 1920-ci illərin birinci yarısında demişdi ki, indi 15 yaşı olan gənclərin bir çoxuna kommunizm cəmiyyətini görmək nəsib olacaqdır. Bir çoxumuz həmin illəri artıq bir qərinədir ki, arxada qoymuşuq. Bu sətirlərin müəllifinin gənclik illəri 1970-1980-ci illərin payına düşüb. 1970-ci illərin, xüsusən, birinci yarısını kommunizm olmasa da, sovetlərin qızıl dövrü adlandırmaq olardı. O vaxt gündəlik tələbat mallarının qiyməti dövlət orqanları tərəfindən tənzim olunurdu və alınan əmək haqqı ilə uzlaşdırılırdı. Mənzillərdə sərf edilən enerjinin ödənc məbləği minimal həddədək endirilmişdi. Sovetlər haqda daha geniş məlumat vermək guşə yazımızın məqsədi olmadığından, əsas mətləbə keçməyi lazım bilirik.
V.İ.Leninin "kommunizm quruluşu" kimi təqdim etdiyi 1980-ci il isə "proletariatın dahi rəhbəri"nin yalanını üzə çıxardı. 1982-1983-cü illərdə kolbasa və ət məhsulları vitrinlərdən yığışdırıldı. Sovetlərin heyvandarlıq və maldarlıq siyasətləri iflasla nəticələnmişdi. Bu dövr tarixdə Leonid İliç Brejnevin "durğunluq dövrü" kimi xarakterizə olunmuşdu. 1980-ci ilin ikinci yarısında iqtisadi tənəzzül siyasi qarşıdurmalarla əvəzləndi.
Sovetlərin təhsil sistemi pul ödənci üzərində qurulmamışdı, orta təhsil almaq isə icbari idi. İdeoloji təbliğat ateizm prinsipinə əsaslanırdı. Dini təbliğat qadağan edilmişdi. Dini dünyagörüşü dildaxili məsələyə çevrilmişdi. Orta və ali məktəb müəllimləri böyük şövqlə ateizm təbliğatına girişirdilər. Sözsüz ki, bu cür təbliğat, şagird və tələbələr üçün təsirsiz ötüşmürdü. 7-ci sinifdə oxuyarkən, mən də evdə ata və anamın yanında ateizmin doğruluğundan danışmağa başlamışdım. Nə qədər danışdığımı dəqiq xatırlamıram. Atamın vurduğu şapalaq məni çarpayıda oturan anamın qucağına salmışdı. Bunun arxasınca isə atamın "dərslərini oxumaqla məşğul ol, sənin dinlə nə işin var?!" dediyini eşitdim.
8-ci sinifdə oxuyarkən bir şagird yoldaşımla ədəbiyyatdan yazı olimpiyadasında iştirak etmək üçün əbədiyyat müəllimimiz Sədrəddin müəllimin rayon mərkəzindəki evində gecələməli olmuşduq. Sədrəddin müəllim öz odlu-alovlu nitqi ilə ateizmin daha dərinliklərinə enir və dini fanatizmi kəskin şəkildə tənqid edirdi. Ancaq onun evində başqa mənzərə ilə rastlaşmışdım. Ədəbiyyat müəllimimizin arvadı Züleyxa müəllimə bizə riyaziyyat dərsi deyirdi. Onların hər ikisinin o biri otaqda yanaşı üzü qibləyə dayanıb namaz qıldıqlarını gördük. Şübhəsiz ki, bu cür hadisələrin şahidi olmaq sovetlərin ateizm təbliğatındakı qüsurlu cəhətlərinin üzə çıxarılmasına səbəb olurdu. Ali məktəbə də daha sərt ateizm təbliğatı çalarları və dinə meyillilik amilləri ilə üzləşirdik. Ancaq sözümüzün canı bunlar deyil...
1991-ci ilin 18 oktyabrında Azərbaycan öz müstəqilliyini elan etməklə, baş tutmayan kommunizmdən geriyə - 71 il əvvəlki kapitalizm quruluşuna qayıtmağa qərar verdi. Demokratik quruluş əvvəllər bağlı olan bütün qapıları vətəndaşlarının üzünə taybatay açdı. Azərbaycan Respublikası mahiyyətcə kübar cəmiyyəti olduğundan, din dövlətdən ayrılsa da, dini mənsubiyyətindən asılı olmayaraq, bütün dini baxışların təbliğinə icazə verilib. Ancaq sovet dövründə ateizm təbliğatı hansı vüsətlə təbliğ edilirdisə, təəssüf ki, müstəqillik dövrlərində dini təbliğat eyni vüsətlə təbliğ edilməkdədir.
1975-ci ildə rejissor Mehdi Məmmədov Səməd Vurğunun sovet dövründə haqsız tənqidlərlə üzləşən "İnsan" dramını Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoymuşdur. Çox gözəl quruluş verilmiş həmin tamaşaya bu sətirlərin müəllifi də baxmağa müvəffəq olmuşdur. O vaxt rejissor Mehdi Məmmədov özünün televiziya və radio verilişlərində etdiyi çıxışlarının birində Hüseyn Cavidin "Peyğəmbər" əsərini də tamaşaya qoyacağını bildirmişdi. Ancaq ömür vəfa etmədiyindən, o, bu niyyətini gerçəkləşdirə bilmədi. Mən bir neçə ziyalı tanışıma M.Məmmədovun vədini xatırlatdıqda, hamısından da təxminən eyni sözləri eşitdim: "Bu dramı tamaşaya qoymağa lüzum yoxdur".
Gəlin araşdırmağa çalışaq görək, nə dəyişib. Sovet dövründə - ateizm təbliğatının tüğyan etdiyi bir dövrdə dini mövzulara toxunmağa meyilin artmağa başladığı bir vaxtda, nə səbəbə "Peyğəmbər" tamaşasının səhnəyə çıxarılmasına mənfi münasibət göstərilir? H.Cavidin dramında islam peyğəmbərinə xoş münasibət göstərilir. ABŞ rejissorlarının lentə aldıqları eyniadlı filmə islam ölkələrində maraqla baxıldığı bir vaxtda bu cür qısqanclığa lüzum varmı? Bəzi ərəb ölkələri də peyğəmbərin həyatı haqda çox gözəl çoxseriyalı filmlər çəkirlər.
Bu gün bəzi Avropa ölkələrində islam peyğəmbərinin karikaturasını çəkir və onu tənqid və təhqir edirlərsə, bu cür gözəl əsərlərin lentə alınması və tamaşaya qoyulması Avropa bədxahlarına tutarlı cavab deyilmi?
VALEH MƏHƏRRƏMLİ