Bəşər Əsədin Türkiyə ərazisinə silahlı hücumundan sonra, Suriya böhranında yaşanan arzuolunmaz vəziyyət həqiqətən də yaxşılığa tərəf istiqamət almayan yöndə inkişaf etdi. Çünki sözügedən bölgədə xüsusi strateji rol oynayan Türkiyə bir anlığa, yəni ildırım sürətli qərar qəbul etməkdə tərəddüd etdi. Əslində, vəziyyət qardaş dövlətin hərbi təyyarəsinin vurulmasından və iki pilotunun şəhid olmasından sonra dəyişməyə başlamışdı. Düzdür, Suriyanın hərbi obyektləri dərhal hədəfə alındı, nəticədə, 34 Əsəd əsgəri həyatlarını müharibəyə, daha dəqiqi Əsədin səhvlərinə qurban etdilər. Ancaq gözlənilən təzkərə qanunu (səfərbərlik - R.) məhz ikinci müdaxilədən sonra Türkiyənin Böyük Millət Məclisində (TBMM) qəbul edildi. Fəqət, bu qanunun qəbul edilməsi beynəlxalq aləmlə yanaşı, ölkədə fəaliyyət göstərən bir sıra siyasi təşkilatlar arasında polemikalara səbəb oldu.
Lakin buna qədər Rusiyanın Əsəd tərəfdarı qismindən çıxış edərək, Türkiyəni Suriya ərazisini cavab atəşi ilə vurmasını qınaması anlaşılmaz təsir bağışladı. Çünki Türkiyə hökuməti hadisələr dəyişənə qədər müharibədən əziyyət çəkən insanları sərhəd bölgələrində hazırladığı qaçqın düşərgələrində yerləşdirmişdi. Hazırda 100 000 -ə qədər suriyalı Türkiyə ərazisində sığınacaq tapıb. Bu amil isə qardaş dövlətin müharibəyə meyilli olmamasının göstəricisi idi. Amma Suriyanın məlum davranışlarından sonra, Türkiyə tərəfinin sərt üzünü göstərməsi (Ərazisinə hərbi müdaxilə olarsa, cavab atəşi açmaq hüququ BMT və digər beynəlxalq qanunlar çərçivəsində öz əksini tapıb - R.), Rusiyanın guya "barışcıl" mövqedən çıxış edərək, Türkiyəni qınaması yaşanan gərginliyin üzərinə su səpmədi, əksinə, daha da qızışdırdı. Belə bir məqamda qardaş və qonşu dövlət, təbii ki, qəti sözünü deməliydi...
ƏRDOĞAN BUNU ETMƏLİYDİ
Nəticədə, yuxarıda qeyd etdiyimiz kimi, təzkərə qanunu səs çoxluğu ilə qəbul edildi. Hakim AK Partinin lideri, baş nazir Rəcəb Tayyib Ərdoğan əslində türk xalqının, Türkiyə vətəndaşlarının mövqeyinə cavab olaraq qanunun qəbul edilməsində israrlılıq göstərdi. O, qanuna qarşı çıxanları "qanımızdan və canımızdan olmayanlar" kimi qiymətləndirib. Amma nə baş verir?
Ana müxalifətdə olan sağ meyilli Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı da ümummilli məsələdə AK Partinin atdığı addımını dəstəklədi. Bunu (gözlənilən səfərbərliyi) Türkiyənin maraqları çərçivəsində qiymətləndirən Baxçalı lazım gələrsə, daha ciddi addımların atılması zəruriliyini vurğulayıb.
Amma təəssüf ki, sözügedən məsələdə digər ana müxalifət partiyası hesab edilən Cümhuriyyət Halk Partisi (CHP) fərqli mövqedən çıxış edərək, qəbul edilən qanuna dəstək verməməkdədir. Hansı ki, partiya daxilində məsələ ilə bağlı ikitirəliklər yaşanmaqdadır. Belə ki, partiyanın lideri Kamal Kılıcdaroğlu əks tərəfdə dayansa da, onun TBMM-dəki bəzi yandaşları AK Partinin qərarına dəstək göstərəcəklərini istisna etməyiblər. Və buradan da aydın olub ki, həqiqətdə Ərdoğanın başqa addım atmağa yolu yox idi. O, bunu etməliydi. Çünki ortada Türkiyənin bölgədəki nüfüz məsələsi mövcuddur. Nüfuzu itirmək isə, təbii ki, yaşanacaq məğlubiyyətlərə yol aça bilər.
ABDULLAH ÖCALANIN BURA NƏ DƏXLİ?
Lakin TBMM-də kürd çoxluğunu təmsil edən BDP-lilərin mövcud Suriya məsələsinə qarşı aqressiv çıxışları həqiqətdə onların terroru necə dəstəkləmələrini bir daha ortaya qoydu. Partiya yetkililərinin Ərdoğana xitabən "Aponu (Abdullah Öcalanı -R.) burax, Türkiyə həm xarici, həm də daxili təhdidlərdən yaxa qurtarsın" müraciətləri, eləcə də təzkərə qanununun "Suriyaya deyil, kürdlərə qarşı qəbul olunduğunu" demələri onların həqiqətən də PKK tərəfdarları, eləcə də, Bəşər Əsəd simpatimanları olmasının göstəricisidir. Belə bir vəziyyətdə Abdullah Öcalan faktorunun ortaya atılması əslində özü-özlüyündə Türkiyənin daxili siyasətində baş verən olayları açıqca olaraq göstərir. Suriya üşbucağının kəsişməyən nöqtəsini kəsməyə qadir olacaq qüvvə isə, təbii ki, AK Parti və onun lideri Ərdoğandır. Çünki Türkiyənin strateji və milli maraqlarını təmin edən qüvvə də yalnız ölkənin hakim iqtidarıdır.
RÖVŞƏN