"İctimai Palata" yaranandan bu yana davam edən İsa Qəmbər-Əli Kərimli ikihakimiyyətliyi adıçəkilən "liderlər"in verdikləri bəyanatlardan sonra iflasa uğrasa da, müxalifət təmsilçiləri bunu etiraf etmirdilər. Ancaq son günlər müxalifət yetkililəri qurumun dağılması haqda məlumatı təsdiq etdilər. Müsavat və "İctimai Palata" üzvlüyündə dözüm nümayiş etdirməkdən bezən Rauf Arifoğlu keçmiş "Yeni Müsavat" partiyasını bərpa edəcəyini bəyan etmiş və bundan sonra İ.Qəmbərlə yollarının heç vaxt birləşməyəcəyini vurğulamışdı. Ancaq bundan sonra İ.Qəmbər R.Arifoğlunun Müsavatın sıralarından çıxarılacağını demiş, növbəti prezident seçkilərinə onsuz gedəcəyini bildirmişdir. "İP" üzvləri Ərəstun Oruclu və Yadigar Sadıqov da qurumdan istefa veriblər.
Çox güman ki, R.Arifoğlunu təqdir edənlər və köhnə "Yeni Müsavat" partiyası üzvlərinin yolları bu qurumda qovuşacaqdır. Güman ki, tezliklə Müsavat daxilindən İ.Qəmbəri sevməyən digər qruplaşmaların da səsləri gələcəkdir. Bundan başqa Müsavatın qeyri-müəyyən vaxtadək təxirə saldığı qurultayında İ.Qəmbərin başqanlıqdan istefa verməsi məsələsinin gündəliyə gətirilməsi də nəzərdən qaçırılmamalıdır.
Bir vaxt "İctimai Palata" yarandı və İ.Qəmbər Müsavat başqanı kürsüsünü tərk edəcəyini gözləri önündə canlandırıb bu quruma təşrif buyurmaqla bir növ canını qurtarmış oldu. Yəni düşünürdü ki, başqanlıq postunu tərk edəcəyi təqdirdə, "İctimai Palata"nın vahid namizədi olmağa iddia edə bilər. Ancaq ola bilmədi.
AXCP-də də İ.Qəmbər kimi, eyni aqibəti yaşayan, Əli Kərimli partiya qurultayında sədr seçilməyəcəyindən ehtiyat edərək, özünü sığortalamaq məqsədilə "İP"-ə keçmişdi. Partiyalarında oxşar hücumlara məruz qalan İ.Qəmbər və Ə.Kərimli bir müddət "qoşa lider" statusunda qalmağa üstünlük vermiş, hətta bir-iki mitinq də keçirmişdilər. Mitinqlərdəki çıxışlarında bir-birilərinə "qardaşsan", "səndən yoxdur" kimi xoş sözlər də ünvanladılar.
Ancaq sükut buzunu uzun müddət donmuş vəziyyətdə saxlamaq mümkün olmadı. Bu buzu hər iki "İP" liderinin vahid namizədliyə hesablanmış lüzumsuz bəyanatları əritdi. Digər "İP" funksionerlərinin ərimiş gölməçəni dondurmaq istəkləri daşa dirəndi. Sonra bir çoxu hirslənib Rauf Arifoğlu kimi papağını yelləməli oldu. Nəticədə, "İP" parçalanıb tərkib hissələrinə ayrıldı. İndi müxalifət, güman ki, başlıca günahı oktyabr istilərinin üstünə yıxacaq. O zaman biz də öz tərəfimizdən məsələyə müdaxilə edib demək istərdik ki, "dondurma əməliyyatı"nı sərin və yağıntılı iyulda başlayaydınız ki, isti oktyabr günlərində də narahatçılıq girdabında çapalamayaydınız.
Tərslikdən müxalifətin icazəsiz mitinqləri də baş tutmur. Bu məsələdə də yetkililər heç cür ümumi yekdil fikrə gələ bilmirlər. Biri Əli aşından danışanda, o biri Vəli qaşığından yapışır. Üçüncüsü hannan-hana bir ifadə işlədəndə, dördüncüsü damdan-dama tullanır. Bu yerdə proletariatın "dahi rəhbəri" Leninin məlum sualı yerinə düşərdi: nə etməli? Müxalifət dağıla-dağıla getdiyi bir vaxtda birləşmək qeyri-mümkün olanda, vidalaşmaq lazım gəlir. Puşkinin ifadəsi ilə desək, əgər həmişəlik ayrılmaq istəyirlərsə, o zaman həmişəlik də əlvida deməlidirlər. Bir sözlə, davay dosvidaniya!
Valeh MƏHƏRRƏMLİ