Razılaşdırılmamış aksiyalara görə cərimələrin artırılması məsələsi gündəmə çıxdıqdan, daha dəqiq desəm, Milli Məclisdə sözügedən mövzu müzakirə obyektinə çevrildikdən sonra nədənsə dağıdıcılıq yolu tutmuş aşırı radikalların keflərinə 100-lərlə Hövsan soğanı doğranıb. 20-də keçirilməsinə cəhd göstərilən icazəsiz aksiyanın nəticələri ictimaiyyətə məlum olarkən, sağlam düşüncəli cəmiyyət nümayəndələri bu hadisələri pisləyərkən, müxalifət "liderləri"nin pafoslu şəkildə "aksiyamız baş tutdu" kimi iddiaları isə bir daha onu deməyə əsas verir ki, bu qanunun qəbulu çoxdan olmalıydı. Amma buna baxmayaraq, yenə də gec deyil. Çünki aşırı radikallardan hansı namərdliyi desən, gözləmək mümkündür.
Bu gün onlara məxsus yazılı və elektron informasiya şəbəkələrində 20 oktyabr icazəsiz aksiyasının onlara lazım olan tərzdə, yəni birtərəfli olaraq işıqlandırılması da qarşı tərəfin hansı məqsədə xidmət etdiyini kifayət qədər sərgiləyir. Bu baxımdan, müxalifət mətbuatı tərəfindən bir neçə xarici ölkə mətbuatına ötürülən dezinformasiyalarda da müəyyən qüvvələr tərəfindən verilən sifarişlərin yerinə yetirildiyi məlumdur. Ancaq belə arzuolunmaz halların qarşısının tənzimlənmiş qanunla alınması, yaxud da alınacağı əhəmiyyətli məsələ idi. Məsələnin Milli Məclisdə müzakirəyə çıxarılması da bunu deməyə əsas verir. Qeyd edim ki, MM-nin Hüquq siyasəti və Dövlət quruculuğu Komitəsinin "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, həmçinin, İnzibati Xətalar və Cinayət məcəllələrinə edəcəyi dəyişikliklərin detallarına nəzər salarkən, nə görürük?
İlk növbədə, bəlli olur ki, Cinayət Məcəlləsinə ediləcək dəyişikliklə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (hazırkı zamana qədər isə cərimənin məbləği maksimum 300 manat təşkil edib - R.). Yəni müxalifət "liderləri" qanunsuz olaraq, küçələrə adam töküb, öz siyasi ambisiyalarını reallaşdırmağa cəhd göstərsələr, həmin binəvaların ("liderlərinə" inanan yazıqların - R.) ciblərində 5000 manatdan 8000 manatadək pul olmalıdır. Çünki qanun qüvvəyə mindikdən sonra, onun qarşısında hər bir vətəndaşın boynu qıldan da incə olmalıdır. İkincisi, toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də, ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub (indiyədək bu məbləğ 100-500 manat olub -R.). Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə isə əvvəlki kimi saxlanılıb. Üçüncüsü isə budur ki, Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (bu məbləğ də hazırkı dövrə qədər 500 manatı əhatə edib -R).
İndi maraqlıdır ki, qanun qəbul edildikdən sonra, dağıdıcı müxalifət "liderləri"nin aşırı radikalizm fəaliyyətlərinə pul buraxan xarici havadarları yenə də həmin "ənənələrini" davam etdirmək gücündə olacaqlarmı? Həmin qüvvələr bu və ya digər şəkildə müxalifət partiyalarına daha artıq məbləğdə pul tökəcəklərmi? Əlbəttə ki, yox. Qalır bircə məsələ ki, əgər tutalım, "cəbhə" sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbər icazəsiz aksiya keçirmək arzusundadırlarsa, birincisi Londona, öz gül balasının "təhsilinə" göndərdiyi illik 180 min dolları ödəməsin və həmin pulları çevirsin öz məqsədləri üçün isifadəyə. Yaxud da ikinci adıçəkilən də həmin addımı təkrarlamaq istərsə, satsın bağ-bağatını, villasını, bahalı avtomobillərini və keçirsin icazəsiz aksiyasını. Və əslində, bunun reallaşmayacağı indidən məlumdur. Yəni xarici havadarları müxalifətə pul buraxmadıqdan sonra, müxalifət "liderləri"nin şəxsi əmlaklarını göyə sovuracaqları da indidən bəllidir. Məhz buna görə də onların keflərinə acı-zəqqutum Hövsan soğanı doğranıb. Necə deyərlər, Allah xeyir versin. Nə də olsa, qanun təzə və əla qanundur!
RÖVŞƏN