Dağıdıcı müxalifət qəzetləri oktyabrın 20-də keçirilməsinə cəhd göstərilən icazəsiz mitinqin nəşəsindən zövq almaları ilə bağlı yazılara gen-bol yer verməkdədirlər. Biri deyir mitinqi "İP" keçirib, o biri deyir Müsavat, üçüncüsü isə AXCP-nin keçirdiyini iddia edir.
Əgər aksiyanı "İP" keçiribsə, deməli, o zaman Ə.Kərimli və İ.Qəmbərin sinəsinə döyərək, aksiya keçirməsi haqda məlumat yaymaları fiksiyadır. İ.Qəmbərin ayın axırlarında Gürcüstana, oradan da Türkiyəyə səfər edəcəyi gözlənilir. Əgər Tbilisidə "Naumann" Fondunun tədbiri keçirilirsə və oraya Erməni Ümummilli Hərəkatının idarə heyətinin sədri Aram Mankunyan təşrif buyurursa, İ.Qəmbər nə karədir ki, gül kimi maliyyəçilərin çağırışına səs verməsin? Türkiyə səfəri isə Milliyyətçi Hərəkat Partiyasının qurultayına baş çəkib, onlarla öz millətçi baxışlarını bölüşəcək.
Bu konuşmadan sonra bəlkə türk milliyyətçilərinin bəziləri də onun halına yanıb, qrant vermək istəyəcək. Nə deyirik ki, qrant verənin cibinə bərəkət. Nə olar, qoy İ.Qəmbərin də cib xərcliyi olsun. İstəməyən gözə çöp düşsün! Vay Allah, gözüm çıxdı ki!..
Dediyimiz kimi, İ.Qəmbərin atı yəhərli olsa da, Ə.Kərimli heç yana getmək niyyətində deyil. Bir növ qal oğlu qal kimi mıxlanıb Bakıya... Ancaq özü bunu başqa cür yozur. Deyir ki, İ.Qəmbər qaranquş kimi köçəri quşdur, qoy getsin. Mən isə sadiq sərçə kimi buralarda var-gəl edirəm. Atalarımız da deyib ki, qaranquş köçəri quşdur, bizə qalan sərçələr olacaq. Biz Ə.Kərimlinin bizə qalmasını qətiyyən istəmirik. Qoy AXCP-çilərə qalsın. Biz el qaydasınca üsulluca qulağımızı çəkirik.
Oktyabrın 20-ndə keçirilən sönük mitinqlər haqda xəbər gedib okeanın o tayında Rəsul Quliyevə də çatıb. "ACP" lideri, uzun fasilədən sonra, eyni ssenari və eyni adamlar tərəfindən keçirilən küçə yürüşü və mitinqlərin çox zəif olduğunu bildirir. R.Quliyev "palata"nın bu aksiyanı nə səbəbə gənclərin adına bağladığını başa düşmədiynini deyib. Əgər biz bunu burda başa düşməmişiksə, bədbəxt R.Quliyev okeanın o tayında necə başa düşə bilər? R.Quliyevin təəccübünə səbəb ola biləcək daha bir amil var. O, bunu belə xatırlayır: "5-6 ay bundan əvvəl "palata" liderlərinlən biri mənə demişdi ki, biz sentyabrda parlamenti getməyə məcbur edəcəyik". İndi barmağını dişləyən R.Quliyev düşünür ki, onlar bu zəif oktyabr "şoular"ını nəzərdə tuturmuşlar.
Göründüyü kimi, "İP"-çilər hətta R.Quliyevi də qane etməmişlər. Başçısız qalmış "palata"çıların aksiyaçıları parlamentin buraxılması məsələsi ilə çıxış edirdilər. Əslində, Konstitusiyada parlamentin buraxılması nəzərdə tutulmayıb. Deməli, onu buraxmaq tələbi əsassızdır. "İP"-çilər bir ara küçəyə islamçılar bayrağı altında çıxmışdılar. İndi məlum olur ki, onlar bu addımlarını "ölkəyə islam inqilabı dalğaları gətirmək" məqsədi ilə atmışdılar. O da alınmamışdı. Bunun alınması da mümkün deyil. Çünki Azərbaycan bütün mövcud dinlərə dözümlə yanaşan tolerant ölkədir. Həm də bu demokratik kübar ölkədə din dövlətdən ayrılır. Yəni istənilən dinlər və təriqətlər öz tərəqqilərini dövlətə qarşı çıxmaq müddəaları üzərində qurmamalıdırlar. "Palata"çılar bunların hamısını yaxşı bilirlər. Ancaq bununla belə qeyri-qanuni hərəkətlərini qəsdən bilə-bilə gerçəkləşdirməyə cəhd edirlər. Yəqin ki, Qərb bosslarının təlimatının başlıca müddəalarındandır.
"Palata"nı dirçəltmək istəyənlər, islahatlar aparmaq məqsədilə "yol xəritəsi" də ciziblar. Ancaq bundan sonra da heç nəyə nail olmadıqları göz önündədir. Ölü "palata"nı diriltmək qeyri-mümkündür. Ölü qurumun dirçəlməsi üçün qeyri-münbit şərait lazımdır. Azərbaycan artıq 20 ilə yaxındır ki, normal şəraitdə yüksələn xətlə inkişaf etməkdədir.
VALEH MƏHƏRRƏMLİ