"Yeni Müsavat" qəzetinin "dahi", "fövqəlbəşər", "sonsuz söz toplumu"ndan dolayı dərisnə-qabığına sığışmayan köşə yazarı Zamin Hacının mumiyalanmış maskası, deyəsən, yavaş-yavaş yırtılmağa doğru istiqamət almaqdadır. Bu adamın durub-durub, azğınlaşaraq, nəticədə, daha da irəliyə gedərək, ölkənin ali qanunverici orqanına, orada təmsil edilən millətin vəkillərinə qarşı ağzına və ağlına gələni yazması, təbii ki, müsavatçı köşədarın maskasını nə vaxtsa yırtmalı idi. Bu gün millət vəkilini təhqir edən, ali qanunverici orqana olmazın təhqirlər yağdıran kəsin sabah bütöv bir milləti, xalqı təhqir etməsindən təəccüblənmək lazım deyil. Məhz bu amildən yararlanaraq nəticə çıxarmaq mümkündür ki, Z.Hacı heç də xalqın, millətin xeyrinə yazan qələmdar deyil. Hətta təklif edərdim ki, Zamin Hacının maskasının yıtrıldığı gün müxalifətyönlü köşədarların yırtılış günü kimi qeyd olunsun. Axı Z.Hacı kimi qələmkeşlər digər müxalifyönlü mətbuatlarda da var təəssüf ki...
Bir sözlə, hər ilin bu vaxtları MÜSAVATXORLARLA, CƏBHƏKRATLAR yığışsınlar Zaminin başına və böyük təntənə ilə maskaların yırtılışı gününü qeyd etsinlər. Məncə, pis fikir deyil. Ancaq bu məsələyə daha sonra yenidən qayıtmaq ümidi ilə keçirəm əsas mətləbə.
Rauf Arifoğlu Azər Ayxanın "şıltaqlıqlarından" yaxa qurtara bilmir?
Və əsas mətləbə keçərək, mətləbxüsus olub əxz etmək istərdim ki, onunku da buraya qədərmiş. Çünki adamın məlum yazısının çalışdığı qəzetdə yer alması onun baş redaktorunu da kifayət qədər məyus edib. Yəni Z.Hacının baş redaktoru Rauf Arifoğlu məlum həqarətlərlə dolu olan köşəni çapa verməyindən "vicdan əzabı" çəkməyə başlayıb. Deyib ki, "Gərək mən həmin yazını çapa verməzdim". Ancaq nə faydası? Olan olub və olanlardan da iki şey üzə çıxıb. Birincisi, "Yeni Müsavat" qəzeti Z.Hacının timsalında xalqı təhqir etmək (millət vəkilini təhqir etmək milləti təhqir etmək kimi bir şeydir - M.) kursunu götürdüyünü etiraf etdi, ikincisi isə R.Arifoğlu baş verənlərdən ciddi təlaş keçirdiyini gizlədə bilməyib.
Amma bu gün "Yeni Müsavat"da qardaş qırğınına səbəb ola biləcək hadisələr də cərəyan edə bilər. Çünki R.Arifoğlu Z.Hacının maskasının yırtılmasından dolayı peşman olsa da, onun qardaşı Azər Ayxan hələ də "qəhrəmanlıq" nümayiş etdirərək, əttökən bəyanatlar səsləndirməkdədir.
R.Arifoğludan fərqli olaraq, A.Ayxan deyib ki, "Biz heç kimi yarı yolda buraxmamışıq". Bir daha qeyd edim ki, bu sözləri "Yeni Müsavat" qəzetinin baş redaktorunun müavini A.Ayxan qəzetin köşə yazarı Z.Hacının Milli Məclisi "hərəmxana" (görəsən, "Yeni Müsavat" nə... XANADIR?-M) adlandırmasına və qadın millət vəkillərinə qarşı həqarət etdiyinə şərh verərkən deyib.
Maraqlıdır, bəlkə "Yeni Müsavat" qiyam astanasındadır? Axı son günlər qəzetin baş yazarı R.Arifoğlu əməlli-başlı hücum obyektinə çevrilib. Qardaşı A.Ayxan isə bundan istifadə edərək, onun baş redaktorluq posuna göz dikib. Nəticədə, belə demək mümkündür ki, Z.Hacının yazısına qol qoyan A.Ayxan R.Arifoğlunun əksinə gedib. Bunu da baş redaktorun sözlərindən anlamaq mümkündür: "Oyun qaydaları deyilən şey var, bunu qəbul edib, əvvəlcədən söz veririksə, buna qatlaşmalıyıq".
Bir sözlə, cırılmış oyunbazlıqdan doğan yırtılmış maskalar üzə çıxdıqca, bunların oyunbazlıqları da kifayət qədər bəlli olmaqdadır. Görəsən, daha sonra hansı müsavatxorun, ya da cəbhəkratın maskası yırtılacaq?
MÜBARİZ