PDF Oxu

Köşə

  • 1 165

Rəsul Quliyevin minimum və maksimum proqramı

Rəsul Quliyevin minimum və maksimum proqramı

Hazırda lidersiz qalmış "İctimai Palata"nı koordinasiya şurasının bir ovuc üzvü idarə edir. Onlar tam əminliklə, yəni ağız dolusu danışaraq, bildirirlər ki, "palata" yıxılıb-eləməyib, əksinə, tam gücü ilə fəaliyyətini davam etdirməkdədir. Əlbəttə, biz bir o qədər hərif və sadəlövh deyilik. Odur ki, milli qarğış nümunələrimizdən biri ilə silahlanıb, "inanan daşa dönsün" deyirik. Ancaq bu qarğışımızdan sonra nə qədər gözləsək də, daşa-zada dönmədik. Əgər "palata" nəinki tam gücü, hətta közərti halında olsa belə işləsəydi, biz dərhal daşa dönərdik. Görün "İP"-in süqut etməsinə nə qədər inanırıq ik, "yalan deyiriksə, daşa dönək" deyirik. Bu, sınanılmış üsuldur və yəqin ki, oxucularımız da bizim daşı da dəlib keçən arqumentlərimizə inandılar.

"Palata" təmsilçiləri "İP"-in sıralarını sıravi üzvlər hesabına get-gedə artıb çoxaldığını bildirirlər. Son məlumətları da budur ki, onlarla rayonlardan yüzlərlə-minlərlə adamlar gəlib "palata"ya doluşurlar. Onlar bu rəqəmin tezdiklə yüz minə çatacağını bildirirlər. Görəsən, oxucularımızda belə bir maraq oyanırmı ki, dağılmış "İP"-in xarabalıqlarını israrla tərk etməyənlər yüz minlik üzvlərə neyləmək istəyirlər? Bilənlər bilir, bilməyənlər üçün "palata"nın bu məxfi sirrini açıqlayırıq: Məqam yetişəndə darvazaları geniş açıb çoxsaylı üzvləri buraxacaqlar şəhərimizin küçə və meydanlarına... icazəsiz piket keçirməyə.

Qoy "İP"-çilər "palata"larını qovuq kimi püfləyib içərisinə yeni-yeni üzvlər doldurmaqla məşğul olunsunlar. Biz isə keçirik "palata"nın iflas etməsi ilə bağlı Rəsul Quliyevin çərənləmələrinə... Xülasə, R.Quliyev deyir ki, bizim "Məşvərət Məclisi" meydana "İctimai Palata"nın əvəzedicisi kimi çıxıb. R.Quliyev deyir ki, "Məşvərət Məclisi" "palata"nın xarabalıqları üstündə cücərməyə başlayıb. "ACP" lideri "MM" şitilinin artıq yetkinlik həddinədək yüksəldiyini deyir. "ACP" sədri Sülhəddin Əkbər də onun dediklərini təsdiq edir.

Göründüyü kimi, biri ölməsə, o biri dirilməz. Yəni "İctimai Palata" ölməsəydi, "Məşvərət Məclisi" dirilməzdi. "Palata"nın ölümü "məclis"in dirilməsinə səbəb oldu. R.Quliyevin başlıca məqsədi odur ki, İsa Qəmbər və Əli Kərimliyə məxsus AXCP-Müsavat ittifaqını da sıxışdırıb sıradan çıxararaq, "palata" yolu göndərsin. Bu, maksimum plandır. Hələlik, "Məşvərət Məclisi"ndə minimum planın gerçəkləşdirilməsinə cəhd edilir. Əgər Ə.Kərimli ilə İ.Qəmbər icazəsiz küçə yürüşü, mitinqlər və ya piketlərlə şəhərin mərkəzi meydanlarına təpilmək istəyirdisə, R.Quliyev icazəli mitinqini və piketini şəhərin kənarlarında da keçirməyə razıdır. "Məşvərət Məclisi" şəhər kənarından mərkəzinə doğru yavaş-yavaş addımlamaq fikrindədir.

Bəli, R.Quliyev "Məşvərət Məclisi"nin birinci aksiyasını bu şənbə keirmək niyyətindədir. O, niyyətinin gerçəkləşəcəyinə inanır. Bu mitinq, hətta pis keçə və ya baş tutmasa da, R.Quliyev əsla narahat olmayacaq. Çünki birinci aksiya quliyevçilər üçün start aksiyası sayılacaq. Hələlik, başlıca diqqəti meydanda "İP"-in yox, "Məşvərət Məclisi"nin qaldığına yönəltməkdir. Bu minimum proqram gerçəkləşdikdən sonra R.Quliyev maksimum proqramına start verəcək. Maksimum proqramda müxalifətin yeganə liderinin İ.Qəmbər-Ə.Kərimli cütlüyü yox, R.Quliyev olduğu sübut edilir. S.Əkbər bunu digər quliyevçilərə "Məşvərət Məclisi" vasitəsilə sübut edəcək.

VALEH MƏHƏRRƏMLİ

Digər xəbərlər