"İctimai Palata"nın kitabı bağlansa da, bir-iki koordinasiya üzvü var ki, darvazaları taybatay açaraq, "İP"-ə sıravi üzv axınına şərait yaradır. Son məlumata görə, nə darvazalar bağlanıb, nə də üzv qəbul etmək mərağı azalıb... Allaha təvəkkül, gözləyək görək, bu xəmir nə qədər su aparacaq?..
"Palata"nın bağlandığını görən digər partiya təmsilçiləri axın-axın Rəsul Quliyevin maliyyələşdirdiyi "Demikratik Qüvvələrin Məşvərət Məclisi"nə gedirlər. "KXCP" kimi bitərəf qalanlar da tapılır. Ancaq qollarını çirmələyib yeni müxalifət bloku yaratmaq xəyalına düşənlər də olur. "Ədalət" partiyasının sədri İlyas İsmayılov və "VİP" sədri Əli Əliyev ALP və "Yaşıllar" partiyası ilə birləşib "Dördlər" birliyi yaratmaq istəyirlər. Ancaq ALP və "Yaşıllar"ın sorağı "Məşvərət Məclisi"ndən gəlir. Biz eşitdiyimizi deyirik. Atalarımız isə "Qulaq gündə yüz söz eşitməsə kar olar" deyiblər. Ola bilər ki, Əvəz Temirxan (ALP) və Mais Gülalıyev ("Yaşılr" partiyası) "Məşvərət Məclisi"nə kəşfiyyat aparmaq məqsədilə cəlb olunublar. Bəlkə də başqa fırıldaqları var? Nə demək olar? İnsan ürəyinə açılmamış sirlərlə doludur. Bu insan müxalifətçi onda sirr və müəmmaların dairəsi daha da genişlənir.
Rəsul Quliyevin ağzı fal imiş! O, tezliklə 13 (nəhs rəqəmdir, axırı xeyir olsun!) siyasi partiyanın "Məşvərət Məclisi"ndə toplantının keçiriləcəyini bildirmişdi. "ACP" lideri "İctimai Palata"nı əvəz edən qurum yaradacağını demişdi. Ancaq hazırda o, "palata"nın xarabalıqları üstündə ucalmağa başlayır və AXCP və Müsavat təmsilçiləri "məclis"in yığıncağında iştirak etmir. Bu hal da müəyyən şübhəli məqamlardan xəbər verməkdədir. Yəqin ki, Əli Kərimli və İsa Qəmbər qəzəbdən zəncir çeynəməkdədirlər. Axı necə ola bilər ki, onların başında durmadığı yeni qurum yaransın?
"Məşvərət Məclisi"nin yığıncağı oktyabrın 30-da keçirildi. Burada, doğrudan da, 13 müxalifət partiyasının nümayəndələri toplaşmışdı: "DBP"-dən Şakir Ulubəy, ALP-dən Əvəz Temirxan, "Aydınlar" partiyasından Qulamhüseyn Əlibəyli, "ACP"-dən Sülhəddin Əkbər, "BAP"-dan Elşad Musayev, "Azadlıq" partiyasından Əhməd Oruc, "Yaşıllar" partiyasından mais Gülalıyev, "ALDP"-dən Fuad Əliyev, "Azad Azərbaycan" partiyasından Həsən Həsənov, "İslam Demokratik Partiyası"ndan Tahir Abbaslı, "Xalq Azadlıq Partiyası"ndan Valeh Mirzəyev, ADP-dən Taliyət Əliyev və AMİP-dən Yusif Bağırzadə.
Bu adları ədalət naminə çəkdik. Sonra deməsinlər ki, nəsə özümüzdən uydurmuşuq. Görək, "Məşvərət Məclisi" ən azı bir "palata" ömrü sürə biləcəkmi? Bunu sübut edə bilməsələr, belə çıxacaq ki, müxalifətin başında ancaq AXCP sədri və Müsavat başqanı dura bilər. Duruş gətirə bilsə, özünə lider və ya liderlər qrupu seçməli olacaq.
İclasın gedişində iştirakçılar dağı arana, aranı isə dübarə geriyə-dağa apardıqdan sonra dağılışıb gediblər xarabalarına partiya qərargahlarına və hər biri orada papağını çıxarıb qarşılarına qoyublar ki, aya, görəsən, bu yeni blokdan bir şey çıxacaqmı? Sonra da öz suallarına belə cavab veriblər ki, gərək çıxsın. Müsbət nəticə, keçirəcəkləri bir neçə kütləvi aksiyanın, yəni mitinq, küçə yürüşü və piketin nəticələrinin təhlili nəticəsində üzə çıxacaq. Görək iclas nümayəndələrinin birinin dediyi ikincisinin və sair və ilaxır, boğazından keçəcəkmi? Keçərsə nə yaxşı, keçməzsə, nə yaxşı!... Babalı onların boynuna! Mən bilmən!
VALEH MƏHƏRRƏMLİ