Söz yox ki, şimal qonşumuz Rusiya hər zaman, müxtəlif siyasi mərhələlərdə öz dövləti maraqlarını icra etmək yolunda müəyyən addımlar atmağa nail olmağı bacarıb. Bu amili 90-cı illərə də, indiki zamana da aid etmək mümkündür. Ancaq məsələ təkcə Rusiyadan ibarət də deyil. Yəni regionda siyasi maraqlarını təmin etməsi baxımından Rusiya tək dövlət rolunu oynamır. Çünki bölgədə kifayət qədər söz demək imkanına malik olan daha bir qonşumuz - müttəfiq və qardaş dövlət olan Türkiyə də mövcuddur. Və Türkiyənin mövcudluğu, zaman-zaman nümayiş etdirdiyi sərt siyasi baxışları özünü bir daha açıq şəkildə göstərdi. Əlbəttə ki, qardaş və müttəfiq qonşumuzun geosiyasi və geostrateji uğurları həm də ölkəmiz üçün önəm kəsb edən məsələlərdəndir.
Bu günlərdə Rusiya prezidenti Vladimir Putinin Türkiyə-Rusiya Üst Səviyyəli Əməkdaşlıq Şurası (ÜDİK) çərçivəsində Türkiyəyə səfərində də yuxarıda qeyd olunan fikirlərin reallığını seyr etdik. Çünki Rusiya reallaşdıra bilmədiyi bəzi siyasi maraqlarını kənara qoyaraq, artıq öz gerçək maraqları barədə düşünməyə başlayıb. Şimal qonşumuz əsrlərlə, tarixlər boyu apardığı münaqişələr hesabına öz təbii maraqlarına çatandan sonra gerçək maraqlarını nəzərə alaraq düşünməyə başlayıb. Bu düşüncənin nəticəsi isə, əlbəttə ki, Türkiyədir. Ona görə deyil ki, Türkiyə artıq regionda söz deyən dövlət statusunu möhkəmləndirib. Ona görə ki, Türkiyə kimi bir ölkə ilə əməkdaşlığa Rusiyanın olduqca çox ehtiyacı var. Məhz bu baxımdan, Rusiya öz starteji və iqtisadi maraqlarını genişləndirmək üçün Türkiyə ilə münasibətləri intensivləşdirməyə çalışır. Və görünür, buna da nail olmağı bacarır.
AZƏRBAYCAN ƏHƏMİYYƏTİ
Lakin burada Azərbaycan mövcudluğunu da unutmaq lazım deyil. Qeyd olunduğu kimi, ölkəmiz bu əhəmiyyətli görüşdən yalnız mənfəət əldə edə bilər. Ölkəmizin iqtisadi artımı və potensial gücü həm qonşu Rusiya, həm də qardaş Türkiyə üçün çox vacibdir. Reallaşan nəhəng layihələr fonunda Rusiyanın əliboş çıxmaq istəməməsini açıq gözlə görmək mümkündür. Bu baxımdan, Rusiya-Türkiyə münasibətlərinin Azərbaycana da təsirsiz ötüşməyəcəyini deyə bilərik. Əlbəttə ki, yaxşı mənada...
Eyni zamanda, hər iki ölkə - Rusiya və Türkiyə də Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Onların arasında münasibətlərin yaxınlaşması da Azərbaycanın xarici siyasəti və regiondakı nüfuzu üçün mühüm əhəmiyyət kəsb edir.
SURİYA VƏ İRAN PROBLEMİ BU ÖLKƏLƏRİN MARAQLARINI ÜSTƏLƏYƏ BİLMƏZ
Türkiyə və Rusiya arasında Suriya məsələsində hansısa fikir ayrılığının olması bu dövlətlərin ümumi maraqlarına mənfi təsir edə bilməz. Düzdür, həm Putinin, həm də Ərdoğanın bəyanatlarında sərtliklər müşahidə olunsa da, bu dövlətlərin əhəmiyyətli maraqları başqa dövlətlərinin -Suriya və İranın probleminə görə qurban verilməyəcək. Yəni bu, heç də inandırıcı görünmür. Həm Türkiyənin, həm də Rusiyanın həyati maraqları, təbii ki, əvvəlkindən daha yaxşı olmaq üzərində inkişaf edəcək. Hətta digər qonşu olan İranın Türkiyənin "Patriot" raketlərini öz ərazilərində yerləşdirməsi planına etiraz etməsinə, həmin etirazın Rusiya tərəfindən dəstəklənməsinə rəğmən, ehtimal etmək mümkündür ki, Rusiya böyük barışığa doğru addım atmaq siyasəti üzərində düşünməyi daha məqbul hesab etməyə başlayıb. Ərdoğanın çıxışından sonra Vladimir Putinin "Rusiya Suriyanın vəkili rolunu oynmır" bəyanatı məncə hər şeyi tam reallığı ilə ortaya qoydu. Necə deyərlər, uğurlu nəticəni gözləməyə dəyər. Çünki məsələ tək Suriya və İranla bitmir. Növbədə Qarabağ var...
RÖVŞƏN