Zaman-zaman "Freedom House" və bu kimi təşkilatların Azərbaycana qarşı haqsız mövqedən çıxış etmələri son günlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardandır. Ancaq yetərli fakt budur ki, istər "Freedom House"nin, istər "Amnesty İnternationale"nin, istərsə də "Human Rigtc Watch" kimi bənzər Qərb təşkilatlarının qaranlıq məqsədləri nədənsə məhz Azərbaycana qarşı qərəzli mövqelərdən çıxış etmək, bu mövqelərini bir-birlərinə ötürməkdən ibarətdir. Lakin burada ötürücü rolunu, təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən bəzi siyasiləşmiş QHT-lər, mənfəət güdən ictimai birliklər oynayır. Belə xəyanətkar təşkilatlar çox gözəl anlayırlar ki, qərəzli hesabatlara züy tutmaqla, əslində, mənfur qonşumuz olan Ermənistanın dəyirmanına yetərincə su tökürlər. Ancaq nə edəsən ki, bəzi yerli təşkilat rəhbərlərinin şəxsi mənəəft maraqlrı ölkə, dövlətçilik, xalq və millət maraqlarından üstün olur. Nəticədə, inkişaf edən, Şərqlə Qərbin körpüsü rolunu oynayan, mütərəqqi inkişaf prosesləri keçən Azərbaycan olur qeyri-azad, terrora dəstək verən, işğalçılıq siyasəti yürüdən, xalqı acından qırılan Ermənistan isə sözügedən hesabatlarda dönüb olur qismən-azad ölkə...
Məhz bu baxımdan da demək mümkündür ki, həqiqi vəzifəsi dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan hüquq və azadlıqlarını, demokratik dəyərlərin qorunmasını araşdırmaq olan "Freedom House" təşkilatı hazırda bu missiyasından tamamilə uzaqlaşıb və digər hesabat hazırlayan təşkilatlar kimi əsl mahiyyətini ortaya qoyub. Artıq yüz faiz əminliklə demək olar ki, "Freedom House" bir sıra güc mərkəzlərinin, islamofob dairələrin əlində alət rolunu oynayır və onların maraqlarının ifadəçisi qismində çıxış edir.
Məsələn, hesabatda terrorçu rejimin rəhbərlik etdiyi Ermənistan dövləti "qismən azad" ölkə kimi qiymətləndirilir. Amma bu zaman Ermənistanda hökm sürən daxili siyasi durumun hansı səviyyədə olduğu nəzərə alınmır. Sual olunur ki, işğalçı ölkədə müxtəlif zaman kəsiklərində baş tutan seçkilərdə etirazçıların, müxalifət nümayəndələrinin hətta güllələnməsi, onların qatillərinin bu gün azadlıqda olması kimi məqamlar niyə "Freedom House"un yadından çıxır? Təşkilatın qiymətləndirmə kriteriyalarına və meyarlarına yüksək səviyyədə cavab verən Azərbaycan hansı əsasla tənqid olunur? Hesabatda qeyd olunur ki, guya Azərbaycanda internet azad deyil. Onlar bu qənaətə necə gəliblər? Sübutları varmı? Oxdursa, biz deyək. Bu gün Azərbaycanda internet istifadəçilərinin sayı 65 faizə çatıb. Ölkənin hər bir bölgəsində, hətta ən ucqar kəndlərinə belə internet xətləri çəkilib və vətəndaşların internetə çıxış imkanı yaradılıb. İstənilən vətəndaş internet resurslarından istifadə etməkdə sərbəstdir, sosial şəbəkələrə heç bir məhdudiyyət qoyulmayıb. Belə olan halda, hansı məhdudiyyətdən, internetin qeyri-azad olmasından danışmaq olar?
Lakin "Freedom House"un reallıqlara qeyri-adekvat münasibət bildirdiyini, faktları təhrif etdiyini və subyektiv yanaşdığını təkcə Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe sübut etmir. Ümumiyyətlə, təşkilatın ayrı-ayrı dövlətlərdə baş verənlərə verdiyi "qiymət" onun ikili standartdan çıxış etdiyini göstərir. Bu gün Azərbaycanda tamamilə azad cəmiyyət formalaşıb, hüququn üstünlüyü təmin olunub, dövlət qanunlarla idarə olunur. Görünür, "Freedom House" təşkilatı başqa dövlətlərdə müşahidə etdiklərini Azərbaycanın adına yazır. Adicə Ermənistanla Azərbaycana münasibətdə sərgilənən mövqe "Freedom House"un öz fəaliyyətində demokratik prinsipləri və meyarları deyil, konkret sifariş və maraqları əsas tutduğunu ortaya qoyur. Bu təşkilat konkret qüvvələrin tapşırıqlarını icra edir.
Bəlkə bir öz fəaliyyətləri haqqında da hesabat versinlər?
AFƏT