Görünür, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morniqstarın bu ölkənin müxalifət "liderlərinə" qarşı platonik məhəbbəti yaranıb ki, son günlər onlarla tez-tez görüşlərə qatılır, özü də bağlı qapılar arxasında. Bax, elə müəmma da budur ki, görüşürsən, görüşürsən, bəs bağlı qapılar arxasında məsələsi nə deməkdir? Məgər hörməli cənab səfirlə müxalifət "liderlərinin" işi-gücü o qədər sirli-xatalı işlərdir ki, qapıları medianın və ictimaiyyətin üzünə bağlayırlar? Məsələn, məhz bu görüşdən bir qədər əvvəl ABŞ səfiri hakim Yeni Azərbaycan Partiyası ilə görüş keçirib və həmin görüş dərhal media vasitəsilə ictimaiyyətə tam təfsilatı ilə çatdırılıb. Yənu həmin görüşdə nə qapılar bağlı olub, nə də ki, media təmsilçiləri bu görüşdə bağlı qapılar arxasında saxlanılmayıb. Daha dəqiq desək, görüş aşkar və tam demokratik qaydada təqdim olunub.
PIÇI-PIÇI NİKOLAYDAN SONRA, MÜXALİFƏTİN DƏ EVİNİ ÇÖKDÜRƏCƏK
Amma Morniqstarın, iqtidardan fərqli olaraq, müxalifət təmsilçiləri ilə qapı dalında pıçı-pıçı etməsi şəxsən məndə bir çox şübhələr yaratmağa başlayıb. Şübhələr yaranır ki, əgər ABŞ səfirinin həqiqətən də, bir balaca olsa belə, demokratik düşüncəyə aidiyyatı varsa, niyə "liderlərlə" görüşünü ictimailəşdirmək istəməyib? İctimailəşdirmək istəməyibsə, onun burada daha hansı məqsədləri mövcuddur? Bu addımın özü diplomatik qaydalarda etiket xüsusiyyətlərini zərbə altında qoymurmu? Çünki ən azından, R.Morniqstar qavramağa məhkumdur ki, bu ölkədə ABŞ siyasəti deyil, çağdaş, sivil, demokratik, şəffaf və mütərəqqi Azərbaycan siyasəti yürüdülür. Burada iqtidar var və bu iqtidarı dəstəkləyən milyonlarla insanların haqqıdır ki, ABŞ səfirinin müxalifətlə görüşü haqqında məlumat, informasiya əldə etsin. Bu haqq pozulursa, demək, "demokratiya beşiyi" hesab olunan ABŞ-ın Azərbaycandakı diplomatik təmsilçisinin özü həmin dəyərləri tapdayır. Eyni zamanda, onunla görüşə qatılan siyasi müxalifət "liderləri", özlərini demokratik düşərgə təmsilçiləri kimi cəmiyyətə sırımağa cəhd edən AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, ADP sədri Sərdar Cəlaloğlu, ACP sədri Sülhəddin Əkbər, "Ümid" sədri İqbal Ağazadə, VHP-nin məclis sədri Rafiq Manaflı, ReAL hərəkatının təmsilçisi Erkin Qədirli və "İctimai Palata" üzvü Mehriban Vəzir də həqiqətdə demokratiyadan nə qədər uzaq olduqlarını sərgiləyiblər. Bir sözlə, bu qapı dalındakı pıçı-pıçı vaxtilə o boyda Nikolayın evini yıxdısa, hazırda müxalifətin də evini çökdürməyə qadirdir. Yəni pıçı-pıçı düşərgə "liderlərini" yaman yerdə axşamladacaq. Tutaq ki, 2013-cü ilin prezident seçkilərində...
MƏGƏR BELƏ OLMAYIB?
Hələ 2000-ci illərin ilk yarısına təsadüf edən seçki proseslərindən öncə ənənə şəkilini almağa başlayan bu tipli səfirlik - müxalifət gizli görüşləri və həmin görüşlərin nəticələri xalqa yaxşı məlumdur. Elə müxalifət "liderlərinin" özlərinə də. 2003-cü il prezident seçkiləri, 2005-ci il parlament seçkiləri öncəsində də düşərgə "liderləri" vahid namizəd məsələsi üstündə bir-birlərini qırıb-çatarkən, hazırkı "İctimai Palata" formatına bənzər "Azadlıq" blokunda, "Müxalifətin Koordinasiya Mərkəzində" yekdil rəyə gələ bilməyərkən, Qərb səfirlik nümayəndələri vaxtaşırı olaraq onlarla görüşlərə qatılırdılar. Maraqlıdır ki, onda da həmin görüşlər bağlı qapılar arxasında, media təmsilçiləri olmadan keçirilirdi. Nəticədə, 2003-cü ildə 15-16 oktyabr hadisələri, 2005-cü ildə isə noyabr olayları baş verdi. Ancaq sonrasında nə oldu? Bu oldu ki, hər iki hadisə müxlifət düşərgəsinin evini çökdürdü və həmin çöküş hazırda da özünü kifayət qədər biruzə verməkdədir. Məgər belə olmayıbmı? Gəlin bu real faktları da inkar edin.
İnanın ki, dağıdıcı müxalifət "liderləri" qeyri-ciddi siyasətlərində artıq o qədər "püxtələşərək" siyapurlaşıblar ki, bunu da edərlər. Yəni olan faktları da göz görə-görə təkzib edərlər. Ona görə də ABŞ-ın ölkəmizdəki səfiri cənab R.Morniqstar bir balaca hadisələrə demokratik yanaşmağı bacarmalıdır. Çünki sabah təmsil etdiyi Ağ Ev tərəfindən ona yekə bir töhmət də verilə bilər. Onda hörmətli səfir özü-özünə sual edəcək ki, dəyərdimi bu qədər dəyərsiz "liderlərə" görə o boyda Ağ Evdən şiddətli töhmət almağa? Ancaq yaxşı olardı ki, ser R.Morniqstar həmin sualı sonra yox, elə indi özü-özünə versin...
RÖVŞƏN