PDF Oxu

Köşə

  • 1 199

DÜŞMƏNLƏ EYNİ DİLDƏ DANIŞANLAR

DÜŞMƏNLƏ EYNİ DİLDƏ DANIŞANLAR

Geridə buraxdığımız 2012-ci il də digər illərdə oluğu kimi, xalqımız, dövlətimiz üçün çox uğurlu və tariximizə qızıl hərflərlə yazıla biləcək qədər yadda qalan rəqəm oldu. Azərbaycan bir çox nəhəng beynəlxalq konfranslara ev sahibliyi etdi, ölkəmizdə bütün sahələr üzrə davam edən inkişaf nüfuzlu təşkilatlar tərəfindən verilən ən yüksək dəyərləndirmələrlə dünya gündəmində yer aldı. İstər iqtisadi, istər sosial, istər mədəniyyət, istərsə də idman sahəsində əldə olunan hər bir nailiyyət, hər bir müvəffəqiyyət bir daha deməyə əsas verdi ki, bəli, artıq bu gün 2013-cü ilə qədəm qoyan Azərbaycan dövləti həmin uğurlarını bu il də davam etdirəcək və bu danılmaz, inkarolunmaz amilə heç kimin şəkki-şübhəsi olmamalıdır.

QARANLIQ SƏBƏBLƏR VƏ MİNLƏRLƏ ŞÜBHƏLƏR

Şəkki-şübhə demişkən, əlbəttə ki, mən burada 2013-cü ilə də 2003, 2008-ci illərdə oluğu kimi sadəlövhcəsinə, "inamla" baxan müxalifət "liderlərini" nəzərdə tuturam. Bəri başdan onu da ərz edim ki, 2012-ci il məhz onlar üçün növbəti uğursuz illərdən biri kimi arxivin qara dəftərinə yazılıb. Söz yox ki, 2013-cü il də "liderlər" üçün belə olacaq. Hətta ənənəvi müxaifət üçün sonuncu il kimi tarixə də düşəcək. Amma bütün bunların səbəbləri var əlbəttə...Çünki məhz həmin "liderlərin" hakimiyyət hərisliklərindən doğan bir çox qaranlıq səbəblər özündə minlərlə şübhələr yaratmaqdadır. Ağılda yaranan ilk şübhələrdən biri bunların azərbaycanlı olub-olmamaları ilə bağlıdır. Axı bunlar bircə dəfə hakimiyətə gəlməkdən ötrü bütün bir xalqı, milləti, dövlət maraqlarını əcnəbi ayaqları altında əzməyə, əzdirməyə hazırdırlar. Vətənini, millətini, xalqını, dövlətini sevən, onun uğurnda ölümə getməyə hazır olan kəs heç vaxt bu kimi alçaqlığa və rəzalətə getməz. Ancaq bunlar gedirlər, hətta getməkləri qalsın bir yana, ermənilərdən kifayət qədər bəhrələnməyə də zaman tapırlar.

Məgər unutmaq olarmı ki, Müsavat başqanı İsa Qəmbər dəfələrlə xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbist təşkilatları ilə, eləcə də, Ermənistanın siyasi müxalifət liderləri ilə anlaşmalara gedib və həmin anlardaca Azərbaycanın milli dövlətçilik maraqlarını sözügedən dairələrin siyasi maraqlarına satıb? Əsla! Əsla, unutmaq olmaz!

Yaxud unutmaq mümkündürmü ki, AXCP sədri Əli Kərimli siyasi ambisiyalarını reallaşdırmaq istiqamətində özünə ən yaxın təbliğat orqanı kimi məhz Ermənistan mətbuatını və bir sıra ermənipərəst Qərb mediasını tanıyır. Məsələn, "Regnum" agentliyini. Sirr deyil ki, Ə.Kərimlinin bilavasitə nəzarətində olan "Azadlıq" qəzeti erməni təbliğat maşınlarından qətiyyən fərqlənmir və demək olar ki, bu qəzet ilə erməni informasiya agentliklərində gedən hər bir anti-Azərbaycan xarakterli yazılar bir-birlərini tamamlayırlar.

Bu kimi misallar haqqında digər minlərlə fikir və sübutlar da söyləmək mümkündür. Yəni həmin sübut və fikirlərdə onu da göstərmək olar ki, məhz AXC-Müsavat iqtidarı dönəmində ölkədə korrupsiya, özbaşınalıq, anarxik üsul-idarə forması və dərəbəylik mövcud olub. Bu faktoru onlar 1993-cü ilin əvvəllərində keçirdikləri "tarixi müşavirələrində" də etiraf ediblər. Həmin dərəbəyliklərin nəticəsidir ki, Azərbaycanın ərazilərinin 20 faizi hələ də erməni işğalı altındadır. Məhz bu baxımdan da demək mümkündür ki, korrupsiya və rüşvət faktoru dağıdıcı müxalifət "liderlərinin" simvolikasına çevrilib. Çünki bunlar siyasi müxalifətdə qalmalarını ermənipərəst qüvvələrdən sifarişlər, rüşvətlər alaraq təmin edirlər.

EDVARD BAQDASARYANIN ƏMİSİ VƏ XALASI UŞAQLARI

Yeri gəlmişkən, bu arada qondarma, sifarişlər əsasında yaradılmış "Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi" beynəlxalq təşkilatının Azərbaycanın dövlət rəhbərliyinə qarşı hazırladığı qondarma hesabatını öz qəzet səhifələrində təbliğ edən "Yeni Müsavat" və "Azadlıq" qəzetləri nədənsə bir faktı yazmaqdan yayınıblar. Onlar, yaxud onları idarə edən "liderləri" - Əli Kərimli və İsa Qəmbər qəzetlərini təlimatlandırarkən yaddan çıxarıblar ki, adıçəkilən beynəlxalq təşklatın rəhbəri də məhz ermənidir. Özü də Dağlıq Qarabağ ermənisi! Yəni burada separatçı və terrorçu rejim nümayəndəsinin hesabatını dəstəklədiklərini unudan "liderlər" dolayısı ilə yürütdükləri "siyasətlərində" erməni işğalından bəhrələndiklərini də etiraf etmiş olurlar. Çünki qərəzli hesabatı yayan təşkilatın rəhbəri bir vaxtlar ölkəmizin ərazilərində terror əməliyyatları həyata keçirən, azərbaycanlı əsirlərə işgəncə verən Edvard Baqdasaryandır. Və bir halda ki, bunlar - yəni cəbhəkrat və müsavatxor qruplar, onların "liderləri" hakimiyyətə gəlməkdən ötrü mənfur düşmənlərlə eyni dildə danışıb-anlaşırlarsa, onda onların qiymətlərini də növbəti dəfə xalq verəcək, özü də bu dəfə daha sərt qaydada. Bax, buna yüz faiz heç kimin şəkki-şübhəsi olmamalıdır!

RÖVŞƏN

P.S. Şübhələr çərçivəsində Edvar Badasaryanın hansı müxalifət "lideri" ilə xalaoğlu, ya da əmioğlu olması sualı da dayanıb. Axı yuxarıda da qeyd olunub ki, bunların azərbaycanlı olmalarında müəyyən şübhələr mövcuddur...

Digər xəbərlər